Bu gün:

XI Bakı Beynəlxalq Kitab Sərgisi ən çox xarici iştirakçının olduğu sərgi kimi tarixə düşəcək


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1–7 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) baş tutacaq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatına əsasən 24media.az istinad edir ki, ədbirin əsas məqsədi cəmiyyətdə kitaba marağı artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat sahəsindəki rəqəmsal yeniliklərlə tanış etmək və kitab sənayesinin inkişafına dəstək verməkdir.

Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın sözlərinə görə, sərgi bu il “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub. Sərginin fəxri qonaq ölkəsi isə Qətərdir. Qətər nümayəndə heyəti öz mədəni irsini, çağdaş ədəbiyyatını və incəsənət nümunələrini geniş ekspozisiya ilə təqdim edəcək.

Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu bildirib ki, builki sərgidə 23 ölkədən 68 təşkilat və 123 yerli nəşriyyat iştirak edəcək. İspaniya, Küveyt və İndoneziya ilk dəfə sərgiyə qatılır. Yeddi gün ərzində 220-dən çox tədbir – təqdimatlar, imza günləri, konfranslar, ustad dərsləri, qiraət və musiqi saatları keçiriləcək.

Sərginin fəxri yazarları şair Rüstəm Behrudi və şair-esseist, tərcüməçi Qismət Rüstəmov olacaq.

Nəqliyyatın asanlaşdırılması üçün “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metro stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar işləyəcək.

Sərgi hər gün saat 10:00-dan 20:00-dək açıq olacaq və giriş ödənişsizdir.

Rəna Qarayeva

Paylaş
Şərh əlavə et