Havaların dəyişməsi ilə birlikdə asqırma, burun axması, allergiya və göz problemləri də çoxalır. Oftalmoloq Dr. Sezer Hacıağaoğlu bildirib ki, payızda allergik konjonktivit yaz aylarında olduğu kimi ciddi narahatlıqlara səbəb ola bilər.
Onun sözlərinə görə, allergik konjonktivit ən çox uşaqlarda, gənclərdə və kişilərdə müşahidə olunur. Xəstələrin əksəriyyətində astma və digər allergik xəstəliklər də rast gəlinir. Müalicə olunmayan hallarda isə gözlərin tez-tez sürtülməsi kornea zədələnməsinə və sonrakı yaşlarda görmə itkisinə yol aça bilər.
Dr. Hacıağaoğlu günəşə məruz qalmanın allergiyanın inkişafında mühüm rol oynadığını vurğulayıb:
“Ultrabənövşəyi şüalardan qorunmaq üçün günəş eynəyi taxmaq vacibdir. Kontakt linzalar isə allergiya və iltihab riskini artırır. Xüsusilə hava dəyişikliyi dövründə linza əvəzinə eynək taxmaq daha təhlükəsizdir”.
Mütəxəssis əlavə edib ki, allergik konjonktivitin əsas əlamətləri səhər yuxudan oyanan kimi gözlərin sulanması, qaşınma, qızartı, qabıqlanma və kirpiklərin yapışqan olmasıdır. Bu simptomlarla üzləşənlər mütləq göz müayinəsindən keçməlidirlər.
Əgər vaxtında düzgün diaqnoz və müalicə olunsa, gələcəkdə görmə itkisi kimi ciddi fəsadların qarşısını ala bilər.
Mənbə: Pembenar
Tərcümə etdi: Asiya Zeynallı