Filmlərdə zaman maşınına minən insan bir anda yox olur və keçmişə-dinozavrların, cəngavərlərin, ya da kovboyların dövrünə gedir. Bu, daha çox “zaman teleportasiyası”na bənzəyir. Elm adamları isə belə bir şeyin real həyatda çox da mümkün olmadığını düşünürlər. Amma eyni zamanda zaman səyahəti tamamilə qeyri-mümkün də hesab edilmir, fizika qanunları nəzəri cəhətdən bunu icazə verir.

Gələcəyə səyahət elmi olaraq mümkündür və bunun mexanizmi Albert Eynşteynin nisbilik nəzəriyyəsi ilə izah olunur:
• Sürət artdıqca zaman daha yavaş axır.
• Qravitasiya da zamanın axışına təsir edir. Məsələn, qara dəliyin yaxınlığında bir neçə saat keçirən insan Yerə qayıdanda minlərlə il gələcəyə addımlamış olur.
Keçmişə səyahət isə çox daha mürəkkəbdir. Burada “qapalı zaman əyriləri” (closed timelike curves) adlı nəzəriyyə ortaya çıxır. Bu nəzəriyyə zamanın öz-özünə döngə yaradaraq insanı keçmişə qaytara bilməsini izah edir. Ancaq belə ssenarilər bir çox paradoks doğurur, məsələn, insan keçmişə gedib özünün zaman maşına girməsinə mane olsa, nə baş verər?
Elm adamları 1980–1990-cı illərdə bu mövzuya ciddi şəkildə yanaşmağa başladılar. Lakin bütün nəzəri modellərin qarşısına “maneələr” çıxır. Əksər zaman maşını nəzəriyyələri mənfi kütlə və ya mənfi enerji tələb edir. Bu cür maddə indiyə qədər kəşf olunmayıb.
Bəzi alimlər qurd deşikləri (wormholes) vasitəsilə zaman səyahətinin mümkün ola biləcəyini düşünürlər. Amma qurd deşikləri öz-özünə çökür və onları açıq saxlamaq üçün də həmin “egzotik maddə”-mənfi enerji lazımdır.
Bütün çətinliklərə baxmayaraq, bəzi nəzəri modellərdə mənfi maddə olmadan da zaman döngəsi yaratmaq fikirləri irəli sürülüb. Amma bunlar da hələ nəzəriyyədən o yana keçməyib.
Yəni nəticə olaraq gələcəyə səyahət elmi cəhətdən mümkündür, amma keçmişə səyahət çoxlu paradoks və texniki baryerlərə görə hazırda qeyri-realdır.
Mənbə: Scientific American
Tərcümə etdi: Arzu Qafarova
