Qoxu yaddaşı beynin duyğu və xatirə mərkəzinə birbaşa bağlı olduğuna görə illər əvvəlki bir anını və ona müşayiət edən duyğunu bir anda canlandıra bilir. Bəs necə?
Qoxu yaddaşı nevrologiyada çox xüsusi yer tutur. Çünki qoxu duyğusu digər duyğulardan fərqli olaraq birbaşa limbik sistemə, yəni beynin duyğu və yaddaş mərkəzinə bağlanır. Göz və qulaqdan gələn məlumatlar əvvəlcə talamusa ötürülüb sonra korteksə yönləndirilir, lakin qoxu siqnalları qoxu soğancığı (olfactory bulb) vasitəsilə birbaşa amigdala və hipokampusa gedir. Buna görə də bir qoxunu duyduğun anda ani olaraq bir xatirə və ya duyğu canlana bilir.
Hipokampus burada qoxuya aid yaddaşı saxlayan mərkəzdir. Məsələn, uşaqlıqda ananın bişirdiyi yeməyin qoxusu illər sonra eyni qoxu ilə qarşılaşanda yaddaşdan çox sürətlə geri çağırılır. Amigdala isə həmin qoxuya müşayiət edən duyğunu – etibar, rahatlıq, qorxu və ya ikrah hissini yadda saxlayır. Deməli, qoxu yaddaşı yalnız məlumat deyil, eyni zamanda emosional “rəng” də daşıyır.
Neyrotransmitter səviyyəsində baxdıqda, qoxularla bağlı xatirələrin güclü olmasının səbəbi glutamat vasitəsilə sürətli sinaptik əlaqələrin qurulması və bu əlaqələrin “emosional yüklənmə” nəticəsində daha davamlı hala gəlməsidir. Araşdırmalar göstərir ki, xüsusilə travmatik və ya çox xoş xatirələr qoxu vasitəsilə oyadıldıqda daha güclü hiss olunur. Çünki amigdala emosional intensivliyi yüksək olan hadisələrdə sinaptik güclənməni artırır və hipokampusla əlaqəsini möhkəmləndirir.
Mənbə: Buzz feed
Tərcümə etdi: Mina Yadigarlı