Bu gün:

Müasir həyat bizi necə xəstələndirir?


Psixiatr və psixoterapevt təlimçisi, The Thinking Mind podkastının aparıcısı Dr. Alex Curmi müasir dövrdə insanların yaşadığı bir çox çətinliklərinin kökündə öz-özünə mane olma davranışının dayandığını bildirir. Onun sözlərinə görə, arıqlamaq, borcdan qurtulmaq, mənalı iş tapmaq və uzunmüddətli münasibətlər qurmaq kimi hədəflərə çatmaq impulsları təxirə salmağı tələb edir ki, bu da əcdadlarımız üçün həyati faydalı olsa da, müasir dövrdə çətinliklər yaradır.

Mütəxəssisin vurğuladığı "təkamül uyğunsuzluğu" anlayışına görə, insanlar fərqli bir mühitdə formalaşıb və bu günkü şəhər həyatı, texnologiya və sürətli dəyişikliklər biologiyamızla uyğun gəlmir. Məsələn, şəkərli və yağlı qidaları dərhal yemək instinkti qədimdə həyatı xilas edirdisə, indi piylənməni qlobal problemə çevirib. 

Eyni tendensiya münasibətlərdə də müşahidə olunur. Keçmişdə kiçik qruplarda məhdud seçimlər vardısa, indi saysız-hesabsız seçim imkanı insanlarda “seçim iflici”, “ghosting” və daim daha yaxşısını axtarma narahatlığı yaradıb.

Dr. Curmi, həmçinin qeyd edir ki, müasir dünyada tənhalıq, mənasız işlər və ənənəvi dəyərlərin itməsi depressiya və digər psixi problemlərin artmasına səbəb olur. Bu isə “qırılmış beyin” deyil, insan təcrübəsində çatışmayan şeylərin siqnalıdır.

Mütəxəssisin fikrincə, texnologiya bu boşluqları doldurmağa çalışsa da, çox vaxt yeni risklər yaradır. Məsələn, süni intellekt alətləri insanların ünsiyyət və mənaya olan qədim ehtiyaclarını manipulyasiya edir, hətta bəzi hallarda psixi xəstəliklərə meyilli şəxslərdə aldanışları gücləndirə bilir.

Curmi hesab edir ki, çıxış yolu keçmişə qayıtmaq deyil, sadəcə həyatımızın hansı şərait üçün uyğun qurulduğunu anlamaqdır. Bu, özümüzə qarşı daha çox şəfqət göstərməyə, impulslarımızı sağlam idarə etməyə və icma, mənəvi dəyərlər kimi elementləri yenidən gündəlik həyatımıza daxil etməyə imkan yaradır.

Mənbə:The Guardian

Tərcümə etdi:Rəna Qarayeva

Paylaş
Şərh əlavə et