Bu gün:

İnsanları daha çox hansı xüsusiyyətlər cəlb edir?


Elm göstərir ki, cəlbedici olmaq yalnız gözəl üzlə bağlı deyil. Uzun illər ərzində cazibənin simmetrik üz xətləri ilə izah edilə biləcəyi düşünülüb. Lakin yeni tədqiqatlar bu mövzunun fərqli tərəflərini ortaya qoyur. Əslində cəlbediciliyi müəyyən edən əsas amillər kiçik, lakin diqqət çəkən detalların içində gizlənib.

Yeni tədqiqat göstərir ki, cəlbedicilik əslində çoxsaylı duyğular vasitəsilə formalaşır. Səs tonu, bədən hərəkətləri və qoxular ilk təəssüratda üzdəki görünüş qədər təsirli ola bilər. Məsələn, yüksək səslə danışan qadın səsi daha cəlbedici hesab olunur, qoxu seçimi isə genetik uyğunluqla əlaqələndirilir. Yəni insanlar yalnız vizual qavrayışa əsaslanmır, həm də bioloji işarələrdən sosial ipuçlarına qədər geniş bir spektrdə qiymətləndirilir.

Tədqiqatda 61 iştirakçı fotoşəkil, səs yazısı, video və qoxu nümunələri ilə qiymətləndirilib. 71 müşahidəçi isə bu materialları cəlbedicilik baxımından dəyərləndirib. Nəticələr göstərdi ki, qoxu nümunələri ən az cəlbedici element hesab olunsa da, səs və video daha yüksək qiymət alıb.

Xüsusilə səs və vizual hərəkət birləşdikdə cazibənin ən yüksək səviyyəyə çatdığı müəyyən edilib. Araşdıtmalar göstərir ki, cəlbedicilik fərqli duyğular arasında qismən üst-üstə düşür, eyni zamanda hər biri özünəməxsus məlumat təqdim edir.

Səs və görünüş arasında güclü paralellik müşahidə olunub; cəlbedici səslər adətən cəlbedici üzlərlə uyğun gəlib. Qoxu isə daha çox hərəkətlə əlaqələndirilib. Bir şəxsin bədən enerjisi ilə yayılan qoxu arasında əlaqənin olması cazibənin bioloji proseslərlə də bağlı olduğunu göstərib.

Bundan əlavə, multimodal — yəni səs və görüntünün birlikdə təqdim olunduğu materiallar — ən cəlbedici hesab edilib. Dinamik məlumatlar fotoşəkillərdən daha təsirli olub. Bu da cazibənin “halo effekti” yaratdığını, yəni bir sahədəki müsbət qavrayışın digər duyğuları da gücləndirdiyini göstərir. Səsin tınısı və yürüş tərzi üz ifadəsi ilə birləşdikdə daha güclü cəlb etmə effekti meydana gətirir.

Tədqiqat göstərir ki, cəlbedicilik yalnız ümumi qəbul edilən kriteriyalardan asılı deyil. Orta səviyyəli üz xətləri və simmetriya hər zaman müəyyənedici olmur. İnsanların fərdi üstünlükləri, xüsusilə eyni cins arasında daha önəmli rol oynayır.

Məsələn, qadın iştirakçılar eyni cinsdən olan şəxsləri qiymətləndirərkən fərdi zövqlərə üstünlük verərkən, qarşı cinsin qiymətləndirilməsində ümumi kriteriyalar daha çox diqqət çəkir.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et