"Teatr Forumu, əsasən, ona görə yadda qaldı ki, burada təkcə panel məruzəçiləri deyil, bütün zal müzakirələrə səmimi və demokratik halda qoşula, öz təkliflərini irəli sürə bilirdilər”, - bu sözləri yazıçı, publisist, mədəniyyət yazarı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şəhanə Müşfiq 24media.az-a müsahibəsində deyib.

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tərəfdaşlığı ilə aprelin 11-12-də "Azərbaycan teatrı - 150: inkişaf perspektivləri" mövzusunda Teatr Forumu keçirilib.
Mədəniyyət yazarı Şəhanə Müşfiq deyir ki, sözügedən forum teatr sənətinin demək olar ki, hər sahəsini əhatə edən panel müzakirələri ilə yadda qalıb.
“Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Azərbaycan peşəkar teatrının 150 illik yubileyinə həsr olunmuş Forumun ilk günündə keçirilən "Azərbaycan teatrında ənənələr və trendlər" adlı birinci paneldə teatrşünas, Əməkdar İncəsənət Xadimi, professor İlham Rəhimli, yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi, professor Əli Əmirli, teatrşünas, Əməkdar İncəsənət Xadimi, professor Aydın Talıbzadə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, dramaturq İsmayıl İman, teatrşünas Elçin Cəfərov iştirak edərək "Azərbaycan teatrının inkişafında yeni hədəflər", "Müasir milli dramaturgiyanın inkişaf tendensiyaları", "Müasir teatr tənqidinin funksiyası" mövzularını müzakirə etdilər”, - o söyləyib.
Şəhanə Müşfiqin sözlərinə görə, eyni gün keçirilən "Milli teatrda müasir rejissor və aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma" adlı ikinci panelin müzakirə mövzuları isə "Müasir teatrda universal aktyor tipi" və "Müasir rejissurada yeni təmayüllər" olub.
“Sözügedən paneldə Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru Qriqori Zaslavski, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrları İdarəsinin baş direktoru Mustafa Kurt, GİTİS-in kafedra müdiri Elşən Məmmədov, Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə, Xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov və Azərbaycan Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşovun mövzu haqqında məruzələri dinlənilib”, - o bildirib.
“İştirakçıların əsas tələb və təklifləri nələr olub?” sualını isə Şəhanə Müşfiq cavabında demokratik müzakirələrin aparıldığını söyləyib.
“Xalq artisti Nurəddin Mehdixanlı teatrda düzgün idarəetmə sistemi, ali məktəblərdə rejissor və aktyor təhsilində ixtisas fənlərinin artırılması təklifləri ilə çıxış etdi. Həmçinin, Xalq artisti dedi ki, teatrlar qohumluq prinsipləri ilə fəaliyyət göstərməməlidir, teatrların kommersiya layihələri olmalıdır. N.Mehdixanlı və Əməkdar artist Nicat Kazımov fəxri adların yaşa görə yox, fəaliyyətə görə verilməsini irəli sürdülər. Yazıçı-dramaturq Əli Əmirli ƏSA Teatrına dövlət teatrı statusu verilməsini təklif etdi. O bildirdi ki, ƏSA Teatrı ölkədə fəaliyyət göstərən yeganə inkluziv teatrdır. Bu səbəbdən ona dövlət teatrı statusu verilməlidir“, - o deyib.
Şəhanə Müşfiq qeyd edir ki, region teatrlarının nümayəndələri də təkliflər edib.
“Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Loğman Kərimov bölgə teatrlarına dərəcələr verilməsi, teatr işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması, teatrşünas, Əməkdar incəsənət xadimi İlham Rəhimli teatrların kommunal ödənişlərdən azad olunması, teatr jurnalının təsis edilməsi, teatrlara yardım edən sponsorların vergidən azad edilməsini, Xalq artisti Vidadi Həsənov müstəqil teatrlara diqqətin artırılmasını, Xalq artisti Afaq Bəşirqızı mədəniyyət sahəsində Bədii Şuranın, teatrşünas Elçin Cəfərov teatrların marketinqlə bağlı şöbəsinin yaradılmasını təklif etdilər. İ.Rəhimli, A.Bəşirqızı, N.Kazımov, Xalq artisti Əli Nur və başqaları öz çıxışlarında əsasən aktyorların həyat şəraitinin yaxşılaşdırılması, maaşlarının artırılması problemlərini irəli sürərək bildirdilər ki, kirayədə yaşayan gənc aktyor cüzi maaşla ailə saxlamaqda çətinlik çəkir və məcburən işdən sonra başqa fəaliyyətlərlə məşğul olur. Bu da aktyorun yaradıcılığına, teatrın işinə təsirsiz ötüşmür. Teatrlarla bağlı bir çox qanunlarda və onların icrasında boşluqların olduğunu deyən Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan forumda bildirdi ki, mədəniyyət sahəsindəki islahatlara teatrdan başlanılmalıdır. Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədovanın uşaq aktyorların gələcək inkişafı ilə bağlı irəli sürdüyü təkliflər olduqca vacib və təqdirəlayiq idi. Forumda region teatrlarının problemləri də müzakirə edildi. Xüsusən, regiondan paytaxta gəlib təhsil alan rejissor və aktyorların sonradan peşəkar kadr kimi regionlara geri dönmək istəməməsi və bunun nəticəsində də yerli teatrlarda yaranan kadr çatışmazlığı probleminin həlli yolu istiqamətində təkliflər irəli sürüldü“, - mədəniyyət yazarı bildirib.
Teatr Forumunun keçirilməsini mühüm və təqdirəlayiq hadisə hesab edən Şəhanə Müşfiqin Forumdan gözləntiləri də böyükdür.
“Düşünürəm ki, yaxın gələcəkdə istər dövlət teatrlarının, istərsə də müstəqil teatrlar, həmçinin, region teatrlarının fəaliyyətlərində önəmli yeniliklərin və inkişafın şahidi olacağıq. Ölkəmizdə daha çox teatr festivalları keçiriləcək, teatrlarımız xaricdəki beynəlxalq festivallara daha çox qatıla biləcək, həmçinin, aktyorlarımızın həyat şəraitinin yaxşılaşdırılması, müstəqil teatrlarımızın məkanla təmin olunması və sair kimi öncəki cavabda səsləndirdiyimiz istiqamətlərdə ciddi işlər görüləcək. Fikrimcə, ən əsası bu Forum teatr xadimləri və işçiləri üçün mühüm stimul oldu. Çünki onlar illərdir teatrın problemləri içərisində boğulur, səslərini eşitdirməyə çalışırdılar. Problemlərin mövcudluğunu qəbul edib, həlli yollarını axtarmaq üçün keçirilən bu Forum illərdir həmin problemlərin içərisində boğulan teatr əhli üçün bir nəfəslik oldu. Həmçinin, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi teatrın mövcud problemləri ilə tanış oldu, teatrın gələcək inkişafını şərtləndirən strateji planların hazırlanması üçün irəli sürülən tələb və təklifləri birbaşa teatr xadimlərinin öz dillərindən dinlədi. Bu da olduqca ciddi və ümidverici faktordur”, - o vurğulayıb.
“O ki, qaldı mənim öz təkliflərimə, əslində, deyilə biləcək əksər təkliflər teatr xadimlərimiz tərəfindən deyildi, müzakirə edildi” deyən Şəhanə Müşfiq əlavə edib ki, teatrşünaslığın inkişafı və tamaşalar haqqında resenziyaların yazılması istiqamətində də hansısa işlər görülə bilər.
“Məsələn, müsabiqələr, müzakirələr keçirilə, ən yaxşı resenziya müəllifləri mükafatlandırıla, yazıları ölkənin mötəbər mətbu orqanlarında dərc edilə bilər. Bu baxımdan professor İlham Rəhimlinin teatr jurnalının yaradılması təklifini alqışlayır və ürəkdən qatılıram”, - deyə sonda bildirib.
Xatırladaq ki, Forumda teatr mütəxəssislərinin iştirakı ilə auditoriya tələbinin formalaşdırılması və tamaşaçı axınının stimullaşdırılması, marketinq və reklam strategiyası, teatrların fəaliyyətində fandrayzing, alternativ maliyyə mənbələri və yeni maliyyələşdirmə mexanizmləri, prodüser institutunun milli teatr məkanında tətbiqi, çağdaş teatr prosesində müstəqil teatrların rolu, teatrın aktual məsələlərin effektiv təbliğat platforması kimi rolu, sistemin qurulması və innovativ ideyaların tətbiqi zərurəti, müasir teatr sənətində festival hərəkatı, region teatrlarında kadr potensialı mövzuları ətrafında geniş müzakirələr aparıldı və qeyd olundu ki, Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər "Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası" ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.
Ayşə Məmmədcəfərli
