24media.az-ın budəfəki müsahibi psixoloq Əbdül Səlimlidir. O, gənclərin emosional balansı qorumağı, stresslə başa çıxmağı və motivasiyalı qalmağı öyrənməsi barəsində danışıb.
-Gənclər necə daha pozitiv düşüncə tərzi inkişaf etdirə bilərlər? Və burada valideynlərin dəstəyi və tövsiyələri onlara necə kömək edə bilər?
Pozitiv düşüncə tərzi insanın həm gündəlik həyat keyfiyyətinə, həm də gələcək uğurlarına güclü təsir göstərir. Bununla yanaşı, həyatın həqiqətlərindən uzaqlaşmamaq və ətraf mühiti düzgün müşahidə etmək vacibdir.
Pozitiv düşüncə tərzini inkişaf etdirmək üçün ilk növbədə, insan özünü tanımalı və olduğu kimi qəbul etməlidir. Bunun üçün güclü və zəif tərəflərini dərk etmək, mənfi müqayisələrdən uzaq durmaq və hər kəsin səhv edə biləcəyini qəbul etmək əsas şərtlərdən biridir.
Valideynlər gənclərə nümunə olmalıdırlar, çünki gənclər ən çox müşahidə edərək öyrənirlər. Hər vəziyyətdə müsbət yanaşma göstərmək və çətinliklər qarşısında həll yolları axtarmaq onlara örnək olur. Mənfi düşüncələrdən uzaq durmaq, tənqid zamanı isə ədalətli olmaq gəncləri həm stresdən qoruyur, həm də pozitiv düşüncə tərzinin formalaşmasına kömək edir.
Valideynlərin ən əsas rolu gəncləri dinləmək və onların hisslərinə diqqət yetirməkdir. Problemləri kiçiltmək əvəzinə, birlikdə həll yolları axtarmaq həm güclü ailə bağlarının qurulmasına, həm də pozitiv düşüncə tərzinin inkişafına təkan verir.
-Gənclər çətin vəziyyətlərdə özlərini motivasiyalı saxlamaq və emosional balansı qorumaq üçün hansı effektiv üsullardan istifadə edə bilərlər?
İlk növbədə, gənclər hisslərini düzgün adlandırmağı bacarmalıdırlar. Bu, emosiyaları idarə etməyi asanlaşdırır və doğru addımlar atmağa kömək edir. Stress zamanı dərin nəfəs alma məşqləri qan dövranını yavaşladır, sakitləşdirir və insanın özünü ələ almasına imkan yaradır.
Gənclər, həmçinin hobbilər seçməli və bu fəaliyyətlər üçün vaxt ayırmalıdırlar. Dostlar və ailə üzvləri ilə duyğuları bölüşmək emosional yüngüllük gətirir və dəstək hissi yaradır. Günün sonunda isə özlərinə “Bu vəziyyət mənə nə öyrətdi?” sualını vermək təcrübədən nəticə çıxarmağa və daha güclü olmağa imkan verir.
Zəhra Əliyeva
