Orta statistik göstəricilərə görə, böyüklər gün ərzində təxminən 20 dəfə əsnəyir. Ən maraqlı məqam isə odur ki, başqa birini əsnəyərkən görmək çox vaxt həmin refleksi sizdə də oyadır. Bu halı cilovlamaq isə demək olar ki, mümkünsüzdür. Bəs niyə? Niyə əsnəmə yalnız yorğunluq əlaməti deyil, həm də yoluxucu davranış hesab olunur? Elm adamları bu mövzuda müxtəlif nəzəriyyələr irəli sürsələr də, hələ də dəqiq cavab tapılmayıb.

Mövcud elmi nəticələr göstərir ki, əsnəmə sadə refleksdən daha mürəkkəb məna daşıya bilər. Əsnəmənin səbəbləri ilə bağlı yekdil fikir yoxdur. Bəzi alimlər bunun tənəffüslə bağlı olduğunu düşünür. Yorğun halda daha az dərin nəfəs alırıq və nəticədə orqanizmdə karbon qazı yığılır. Əsnəmə xüsusi bir nəfəs mexanizmi kimi, oksigen qəbulunu artıraraq artıq karbon qazının xaric olunmasına yardım edə bilər.
Başqa bir yanaşmaya görə, əsnəmə beynin temperaturunu aşağı salaraq onu sərinlədir. Digər araşdırmalar isə bu prosesin daxili orqanları və ağciyərləri dartaraq bədəni yenidən aktivləşdirdiyini göstərir. Yəni əsnəmə təkcə yuxulu olduğumuz anlarda deyil, həm də beyin və bədənin müəyyən kimyəvi dəyişikliklərinə cavab olaraq baş verir.
Ən maraqlı sual isə yoluxuculuq amilidir. Araşdırmalar göstərir ki, başqasının əsnəməsini görmək əsnəmə ehtimalını altı dəfə artırır. Mütəxəssislər bu effekti “sosial güzgü” və ya “təqlid davranışı” ilə izah edirlər. Necə ki, qarşınızdakı insanın gülümsəməsinə siz də gülümsəyirsiniz və ya onun hərəkətini təkrar edirsiniz.
Beyindəki “ayna neyronlar” müşahidə etdiyiniz hərəkəti qeyri-iradi şəkildə təkrarlamağa səbəb olur. Bu hal yalnız insanlarda deyil, eyni zamanda şimpanze, aslan kimi sosial heyvanlarda da müşahidə olunur.
Bundan başqa, yoluxucu əsnəmənin qrup daxilində oyaqlığı artırdığı, davranışları sinxronlaşdırdığı və sosial bağları möhkəmləndirdiyi düşünülür. Beləliklə, əsnəmənin yoluxucu olması bizi bir-birimizə bağlayan təkamül refleksi kimi qiymətləndirilə bilər.
Əsnəmə yalnız insanlara xas deyil. Bir çox məməlilər, eləcə də quşlar, sürünənlər və bəzi balıq növləri də əsnəyir. Hətta beynin daha böyük və mürəkkəb quruluşa malik olduğu canlılarda əsnəmənin daha uzun sürdüyü müşahidə olunub. Bu isə prosesin birbaşa beyin kimyası ilə əlaqəli ola biləcəyinə dair ipucu verir.
Başqa sözlə, pişiyiniz, itinizi və ya quşu əsnəyərkən gördükdə, əslində eyni əsas refleksi paylaşa bilisiniz.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
