Bu gün:

Qərar almada beyinmi, yoxsa qəlbmi daha təsirlidir?


Beynin qərarvermə prosesi duyğular ilə məntiqin incə bir tarazlığı üzərində qurulmuş mürəkkəb bir mexanizmdir.


Qərarvermə prosesləri mürəkkəb neyrobioloji və psixoloji mexanizmlərlə idarə olunur. Beynin ən mühüm qərarvermə mərkəzi isə prefrontal korteks (PFC) adlanır. Prefrontal korteks, xüsusilə dorsolateral prefrontal korteks və ventromedial prefrontal korteks kimi alt bölgələr vasitəsilə məntiqi düşünməni və gələcəyə yönəlik planlaşdırmanı təmin edir. Bu bölgə, icraedici funksiyalar (executive functions) deyilən bir sıra yüksək səviyyəli idrak proseslərini idarə edir: qərarvermə, problem həlli, planlaşdırma, özünənəzarət və risk analizi.

Beyin qərar verərkən emosional intellekt (EQ) ilə idrak nəzarəti arasında balans qurur. Emosional intellekt insanın öz duyğularını tanımaq və idarə etmək bacarığıdır. Beyin bu emosional siqnalları emal edərək daha şüurlu və səmərəli qərarlar qəbul edir. Bu proses somatik işarə hipotezi ilə də əlaqələndirilir. Həmin hipotezə görə, emosional reaksiyalar bədən siqnalları kimi beyin tərəfindən qəbul olunur və qərarlara təsir edir. Lakin beyin bu emosional siqnalları eyni zamanda məntiqli şəkildə işləyib dəyərləndirir.

Qərarvermə mexanizmlərində dopamin və serotonin kimi neyrotransmitterlərin də mühüm rolu var. Dopamin mükafatlandırıcı və motivasiyaedici qərarlara təsir göstərir, serotonin isə emosional tarazlığı və əhval-ruhiyyəni tənzimləyir. Bu kimyəvi maddələr insanın qəbul etdiyi qərarların mükafat və ya cəza ilə bağlı algısını dəyişir.

Nəticə etibarilə, beyin emosional və idrak proseslərini birləşdirərək ətraf mühit faktorlarını, keçmiş təcrübələri və gələcək ehtimalları təhlil edir. Bu mürəkkəb iş prinsipi sayəsində insan beyni daha şüurlu, rasional və uzunmüddətli qərarlar qəbul edə bilir.


Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigalı

Paylaş
Şərh əlavə et