Bu gün:

İnsan beyni neçə geqabayt məlumat saxlaya bilər?


İnsan beyninin yaddaş tutumu bir kompüterin yaddaşı ilə müqayisə olunsa, neçə geqabayta bərabər ola bilər?

Əvvəlcə məsələyə əsaslardan başlayaq: beynimizdə məlumat necə saxlanılır? Beyin təxminən 86 milyard neyrondan ibarətdir və bu neyronlar arasında trilyonlarla əlaqə mövcuddur. Neyronların bir-biri ilə bağlandığı sinaptik əlaqələr məlumatın həm saxlanmasını, həm də işlənməsini təmin edir.


Elektron cihazlarda məlumat bitlərlə qorunur, lakin beynimizdə bu proses fərqlidir. Burada bilgilər neyronlar arasındakı əlaqələrin güclənməsi və zəifləməsi yolu ilə yadda qalır. Üstəlik, beynin sabit tutumu yoxdur: qısamüddətli yaddaş bəzi məlumatları qısa zaman üçün saxlayır, uzunmüddətli yaddaş isə qalıcı məlumatları qoruyur. Yeni biliklər öyrənildikcə və köhnələr xatırlandıqca neyronlar arasındakı əlaqələr yenidən təşkil olunur. Bu səbəbdən insan beyni, kompüter yaddaşından qat-qat mürəkkəb sistemə malikdir.


Buna baxmayaraq, alimlər müəyyən təxminlər irəli sürürlər. Beynin serebral korteksində təxminən 125 trilyon sinaps var. Hər bir sinapsın təxminən 4,7 bit məlumat saxladığını qəbul etsək, Nevada Universitetində dərc olunmuş araşdırmaya görə, yalnız serebral korteksin özündə azı 74 terabayt məlumat toplana bilər.


Digər tərəfdən, Scientific American jurnalında yayımlanan məlumata görə, insan beyninin ümumi tutumu təxminən 2,5 petabaytdır. Bu isə 1 milyon geqabayt deməkdir. Sadə dillə desək, beyin 3 milyon saatlıq serialı yadda saxlaya biləcək qədər böyük tutuma malikdir.

 Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı


Paylaş
Şərh əlavə et