İsti yay gecələrində kondisioneri işlətmədən sərin qalmaq üçün sosial şəbəkələrdə populyar olan “Misir yuxu metodu” diqqət çəkir. Bu üsul çarəsiz qaldığımız, qızmar hava şəraitində daha rahat yatmağa kömək edə bilər.
Metod necə işləyir?
İddialara görə, bu üsul qədim Misirdə, insanlar ventilyator və kondisionersiz isti səhralıq gecələrində sərin qalmaq üçün istifadə olunub. Prinsip çox sadədir: buxarlanma ilə soyuma. Bədənimizin təbii tərləmə mexanizmi kimi, nəmli parçalar da buxarlanaraq ətrafı soyudur.
Menlo Park Psixiatriya və Yuxu Mərkəzinin qurucusu, psixiatr Dr. Aleks Dimitriu izah edir:
“Misir yuxu metodu nəmli çarşafın altında yatmaqdan ibarətdir. Parça buxarlandıqca soyuyur və bu da bədəni sərin saxlayır”.
Metodun bəzi variantlarında minimal geyimdə (hətta tamamilə geyimsiz) yatmaq, ya da yatağa nəm köynək geyinmək tövsiyə olunur. Ən yaxşı nəticə üçün otağın yaxşı havalandırıldığından əmin olmaq vacibdir ki, artıq rütubət yığılmasın.
Dimitriunun sözlərinə görə, nəmli parçanın altında yatmaq hər kəs üçün rahat olmasa da, bəzi hallarda kömək edə bilər:
“Əgər həqiqətən çox isti mühitdə yatmalı olursunuzsa və başqa seçim yoxdursa, bu üsulu sınamağa dəyər. Sadəcə çarşafı həddindən artıq islatmayın”.
Niyə kömək edə bilər?
Buxarlanma yolu ilə soyuma bədən temperaturunu aşağı salaraq yuxuya getməyə kömək edə bilər. Bəs niyə sərinlik yuxu üçün bu qədər vacibdir?
Yuxu mütəxəssisi Stiven Karstensene görə:
“Bədən istiliyimiz yuxu zamanı təbii olaraq aşağı düşür və sərin mühitdə yatmaq yuxunun keyfiyyəti üçün çox faydalıdır”.
Axşam saatlarında bədən temperaturunun düşməsi orqanizmin daxili “bioloji saatı”nın (sirkadiyal ritm) bir hissəsidir və bu proses yuxu siqnalını gücləndirir. Gecə çox isti olduqda isə bu mexanizm pozulur, yuxuya getmək çətinləşir və tez-tez oyanmalar baş verir.
Sərin mühitin yuxuya faydaları
Araşdırmalar göstərir ki, sərin mühitdə yatmaq:
Yuxuya getmə müddətini qısaldır
Yuxunun keyfiyyətini artırır
Dərin, bərpaedici yuxu mərhələsinin müddətini uzadır
Siz də yəqin fərq etmisiniz ki, yay gecələri isti olduqda rahat yatmaq çətinləşir. 2017-ci ildə aparılan bir araşdırma göstərib ki, gecə temperaturu artdıqca insanlar daha çox yuxusuzluq və narahat yuxudan şikayət edirlər.
Mənbə: verywell mind
Tərcümə etdi:Fatimə Cabbarlı
