Bu sual son illərdə həm ailələr, həm də mütəxəssislər tərəfindən tez-tez müzakirə olunur. Tədqiqatlar göstərir ki, autizmli insanların beyni normal inkişaf edən fərdlərin beyinlərindən fərqli işləyir. Bu fərq bəzən çətinliklərlə əlaqəli olsa da, digər hallarda diqqətəlayiq bacarıqlarda özünü göstərə bilər.

Alimlər qeyd edirlər ki, autizmli uşaqlar xüsusilə təfərrüatlara diqqət, vizual təfəkkür və əzbərləmə kimi sahələrdə olduqca güclü ola bilərlər. Məsələn, bəzi uşaqlar nömrə ardıcıllığını, xəritələri və ya mürəkkəb vizualları öz həmyaşıdlarından daha sürətli qavrayırlar. Ancaq bu, bütün autizmli insanlar üçün doğru deyil. Hər bir uşağın özünəməxsus güclü tərəfləri və dəstəyə ehtiyacı olan sahələri var.
Mütəxəssislərin fikrincə, "autizmli uşaqların beyni qabaqcıl səviyyədə işləyir" ifadəsi elmi cəhətdən tamamilə doğru deyil. Reallıq budur ki, beyin fərqli fəaliyyət göstərir. Bu fərq uşağın sosial ünsiyyətlə mübarizə aparmasına səbəb ola bilər və eyni zamanda digər sahələrdə müstəsna bacarıqlar inkişaf etdirməsinə yol aça bilər.
Cəmiyyətdə autizmlə bağlı ən çox yayılmış yanlış təsəvvürlərdən biri də hər bir autizmli uşağın dahi və ya istedadlı olması inancıdır. Ancaq bu, yalnız bəzi şəxslərdə müşahidə olunur. Bu cür ümumiləşdirmələr nəinki ailələrə təzyiq göstərir, həm də uşaqların həqiqi ehtiyaclarının diqqətdən kənarda qalmasına səbəb ola bilər.
Autizm xəstəlik deyil, beynin fərqli bir şəkildə işləməsidir. Bu fərqləri başa düşmək uşaqların həm təhsildə, həm də sosial həyatlarında ehtiyac duyduqları dəstəyi alması üçün çox vacibdir. Əsas odur ki, "qabaqcıl" və ya "geri" kimi stereotiplərdən xilas olmaq və hər bir uşağa öz potensialını reallaşdırmaq imkanı verməkdir.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
