Son illərdə dünyada vegan həyat tərzini seçənlərin sayı artmaqdadır. İngiltərədə aparılan araşdırmaya görə, 2006–2018-ci illər arasında veganların sayı dörd dəfə yüksəlib.

İnsanlar əsasən bu pəhrizin sağlamlığa faydalı olduğuna inanaraq ət və süd məhsullarından imtina edirlər. Mütəxəssislər bildirirlər ki, vegan pəhrizi daha çox lif qəbulunu təmin edir, xolesterol və qan təzyiqini aşağı salır, ürək-damar xəstəlikləri riskini azaldır. Veganların bədən kütlə indeksi də (BMI) daha aşağı olur ki, bu da çəki və sağlamlıq baxımından müsbət təsir göstərir. Bitki mənşəli qidaların zənginliyi, xüsusilə meyvə, tərəvəz, paxlalılar və toxumlar, orqanizm üçün faydalı hesab olunur.
Bununla yanaşı, veganlığın bəzi riskləri də mövcuddur. Ən əsas narahatlıq B12 vitamini çatışmazlığıdır. Bu vitamin yalnız ət, balıq, yumurta və süd məhsullarında olur. Çatışmazlıq nevroloji problemlərə və hətta insult riskinin artmasına səbəb ola bilər. Araşdırmalar göstərir ki, vegan və vegetarianlarda hemorragik insult riski bir qədər yüksək ola bilər.
Bundan əlavə, kalsium və protein qəbulunun az olması da müəyyən narahatlıqlar yaradır. Qidalanma üzrə ekspertlər qeyd edirlər ki, veganlar B12 vitaminini əlavələr və ya zənginləşdirilmiş qidalar vasitəsilə qəbul etməlidirlər. Balanslı vegan pəhrizində müxtəlif meyvələr, tərəvəzlər, qoz-fındıq, paxlalılar və omeqa-3 yağ turşuları olan məhsulların istifadəsi tövsiyə olunur. Eyni zamanda, hazır vegan qəlyanaltılarından və işlənmiş məhsullardan uzaq durmaq məsləhətdir. Belə ki, vegan pəhrizi sağlamlıq üçün faydalı ola bilər. Lakin alimlər hələ də onun uzunmüddətli təsirlərinin tam məlum olmadığını vurğulayırlar. Hazırda əldə edilən nəticələr vegan pəhrizinin bəzi üstünlüklərini sübut etsə də, mütəxəssislər diqqətli yanaşmağı, balansı qorumağı və B12 əlavələrini mütləq nəzərə almağı məsləhət görürlər.
Mənbə: BBC News
Tərcümə etdi: Asiya Zeynallı
