Bu gün:

"İxtisaslı kadrların işə qəbul məsələsində bəzi bürokratik əngəllər hələ də qalır"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı jurnalist Fərahim İlqaroğludur. O, Almaniyadakı azərbaycanlıların iş və təhsil imkanları haqqında danışıb. 

Almaniyadakı azərbaycanlıların iş və təhsil imkanları necədir? 

-Almaniya Avropa İttifaqı ölkələri arasında ən çox qaçqın qəbul edən ölkədir. Bu yaxınlarda Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə də məlumat yaydı ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra gündəlik ortalama 1000 nəfər qaçqın qəbul edirlər. Bu digər Avropa ölkələri ilə müqayisədə yüksək göstəricidir. Sağ partiya təmsilçiləri, xüsusilə, Almaniyada son illər populiyarlaşan qaçqınlar və İslam dini ilə bağlı radikal çıxışlar edən Almaniya üçün Alternativ Partiyasının Bundestaqda təmsil olunan deputatları hökumətin qaçqın siyasətini sərt tənqid edir, digər Avropa ölkələrinin qaçqın yükünü bərabər şəkildə daşımalarını tələb edirlər. Digər tərəfdən, Almaniyanın illik 200 minə yaxın əcnəbi işçiyə ehtiyacı var. Bunun əsas səbəbi də işləyən əhalinin yaşının çox olmasıdır. Onların pensiyaya çıxması ilə yerləri boşalır. Yerlərini doldurmaq isə Almaniya reallığında mümkün deyil. Ona görə də Almaniya ötən aylarda ixtisaslı kadrların ölkəyə gəlməsi istiqamətində olan bürokratik əngəlləri bir qədər yumşaltdı. İndi orta almanca dil biliyi olan istənilən şəxs Almaniyaya peşə təhsili olan “Ausbildung” üçün və ya birbaşa iş üçün gələ bilər. Nəzərinizə çatdırım ki, “Ausbildung” yolu ilə Almaniyaya gəlmək və burada həm oxuyub, həm də işləmək son illər geniş yayılıb. Azərbaycan Respublikası vətəndaşlarının da seçimi elə çox vaxt bu yöndə olur. Artıq firmaların çoxu işçi qəbul edərkən əvvəlki kriteriyaları bir qədər yumşaltmaq məcburiyyətində qalırlar. Məsələn, bir çox IT şirkəti artıq orta almanca dil səviyyəsini belə tələb etmir. İxtisaslı kadrların işə qəbul məsələsində bəzi bürokratik əngəllər hələ də qalır. Əlbəttə, bu sahəyə görə dəyişir. Məsələn, Almaniyada müəllimlərə böyük ehtiyac duyulur. Ancaq onların işə qəbul məsələləri olduqca qəlizləşdirilib. Bu da zaman-zaman parlamentin sol görüşlü üzvləri tərəfindən tənqid edilir. Almaniyada təhsil pulsuzdur. Həm dövlətin, həm QHT, həm də fondların bu sahədə müəyyən təqaüd proqramları var. Həmin təqaüd proqramından  yararlanmaq üçün isə, sadəcə, müraciət etmək lazımdır. Təbii ki, onların da özlərinə görə tələbləri olur. Əsas məsələ tələblərə uyğun olmaqdır. Son illər  Azərbaycandan Almaniyaya işləmək üçün gələnlər arasında səhiyyə sahəsində çalışanlar üstünlük təşkil edir. Almaniyanın böyük şəhərlərinə məxsus xəstəxana və klinikalarında çalışan azərbaycanlı həkimlərin sayı isə, günü-gündən artır.

Xədicə Qiyas 

Paylaş
Şərh əlavə et