24media.az-ın “1 sual 1 cavab” rubrikasının növbəti qonağı Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğludur. Həm filologiya elmlər doktoru olan, həm siyasi proseslər haqda vaxtaşırı analizləri ilə mediada adı hallanan 44 yaşlı dekana bu nailiyyətlərinə çatan zaman nədən ilhamlandığını soruşduq.
- Uğurlarınızı necə əldə etmisiniz? Həmin zaman sizə həvəsləndirən, eləcə də sizə köməyi dəyən amillər hansılar olub?
- Mən deməzdim ki, böyük uğurlara imza atmışam. Bəli, müəyyən nailiyyətlərim olub, amma bunlara uğur demək düzgün olmaz. İxtisasım beynəlxalq jurnalistikadır. Bakalavr və magistr təhsilimin hər ikisini beynəlxalq jurnalistika üzrə almışam. Namizədlik və doktorluq dissertasiyam da beynəlxalq jurnalistika üzrə olub. Jurnalist kimi fəaliyyətə də 1997-ci ildən başlayaraq məhz siyasi jurnalistika və daha çox beynəlxalq həyatda baş verən məsələlərlə Yaxın Şərq üzrə ixtisaslaşmışam. Deyərdim ki, seçdiyim bölgə də mənim o nailiyyətləri əldə etməyimə şərait yaradıb. Çünki Yaxın Şərq bölgəsi maraqlı, qaynar, təhlükəli bir bölgədir. Və eyni zamanda Azərbaycanla əlaqəli olan bir bölgədir. Düzdür, Azərbaycan Avropa ölkəsidir. Amma tarixi nöqteyi-nəzərdən biz Yaxın Şərqin qapısı, bir hissəsiyik. Yaxın Şərqi bizimlə əsrlərin mənəvi bağlılığı, telləri əlaqələndirir. Bütün bunlardan irəli gələrək uşaqlıqdan Yaxın Şərqi sevmişəm. Daha çox bu bölgə ilə maraqlandığıma görə beynəlxalq jurnalist olaraq fəaliyyət göstərmək üçün seçimimi də bu bölgə üzrə etmişəm. Nailiyyətləri əldə etməyimin də səbəbi bölgəni və işimi sevməyim olub. İngilis, ərəb dili, müəyyən qədər də fars dilini öyrənərək özümü həmişə maksimum dərəcədə inkişaf etdirməyə çalışmışam. Hazırda da Yaxın Şərqlə bağlı bir çox təhlillər aparıram. Yaxın Şərqdə baş verən hadisələrə üzdən baxıb nələrsə demək olmur. Çünki bunun müəyyən əsasları var və o əsasları daha yaxşı görmək, pərdə arxasında baş verən prosesləri daha yaxşı təhlil etmək üçün gərək həmin ölkələrin tarixi, mədəni keçmişi haqda məlumatlı olasan. Dinlərin tarixini- təkcə İslamı yox, Xristianlığı, Müsəviliyi bilməlisən. Məhz bunlara əsasən, onları müəyyən qədər bilməyim, oxumağım mənim nəaliyyətlər əldə etməyimdə köməkçi rolunu oynayıb. İndi də maksimum dərəcədə oxuyub anlamağa çalışıram. Belə deyim, əgər sən seçdiyin o yolda özünü inkişaf etdirməsən, o yolu uğurla başa vura, müəyyən nəaliyyətlərə imza atmağa nail ola bilməyəcəksən. Yeri gəlmişkən, fürsətdən istifadə edərək bizim tələbələrimizə də tövsiyə vermək istəyirəm. Tələbələr birinci kursdan deyil də, ikinci kursdan artıq müəyyənləşdirməlidirlər ki, jurnalistikanın hansı sahəsi üzrə fəaliyyət göstərmək istəyirlər. Bunu seçəndə biz trendə aldanmamalıyıq. Ürəyimizdə nədirsə, onu seçməliyik. Məsələn mən idman jurnalistikasını istəyirəmsə, düşünməməliyəm ki: "siyasi jurnalistika hazırda ən elit, ən çox maraq doğuran sahədir, ona görə də o istiqaməti seçməliyəm". Birinci, sual verməliyəm ki, mənim idmana marağım varmı?”. Ümumiyyətlə, jurnalistika belə bir imkan yaradır ki, seçdiyin istiqamət üzrə özünü inkişaf etdirəsən ki, 10-15 ildən sonra ekspert olaraq qəbul ediləsən.Yaxşı analitik olmaq istəyirsənsə, informasiya bazan geniş olmalıdır ki, mənzərəni, problemi aydın görə biləsən. Tələbələrimizə seçimlərini dəqiq etmək gələcək karyeraları, inkişafları, analitik ekspert kimi fəaliyyət göstərmələri üçün önəmli faktordur.
Xatırladaq ki, Vüqar Zifəroğlu Əliyev 1978-ci il oktyabrın 12-də Bakıda doğulub. 1995-ci ildə 190 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika ixtisasına qəbul olunub. Həmin ixtisas üzrə 1999-cu ildə fərqlənmə diplomu ilə bakalavr, 2001-ci ildə magistr pillələrini bitirib. 2001-ci ildən BDU-nun Jurnalistika fakültəsində çalışır. 2001–2004-cü illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında, 2004–2006-cı illərdə isə beynəlxalq jurnalistika kafedrasında baş laborant vəzifəsində çalışıb. 2006-cı ildən Beynəlxalq jurnalistika kafedrasının müəllimi, 2011-ci ildən dosentidir. 2010–2017-ci illərdə "Jurnalistika" Elmi Tədqiqat Laboratoriyasını müdiri-aparıcı elmi işçi vəzifəsində çalışıb. 2017-ci ilin mayından Jurnalistika fakültəsinin dekanıdır. 2005-ci ildə jurnalistika ixtisası üzrə namizədlik dissertasiyası, 2017-ci ildə junalistika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktorudur.
Məryəm Abdullazadə
