24media.az-ın budəfəki müsahibi Müstəqil Həmkarlar İttifaqları Birliyinin həmtəsisçisi və sədr müavini Əhməd Rəhmanovdur. O, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması və müasir gənclərin musiqi-incəsənət zövqü barəsində danışıb.
-Azərbaycan mədəniyyətini dünyaya tanıtmaqda sizcə ənənəvi üsullar daha təsirli olur, yoxsa müasir rəqəmsal vasitələr?
Biz bu günlərdə Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün yeni üsullardan istifadə etməliyik. Belə ki, istər festivallar olsun, istərsə də sərgilər bunlar çox az insanın gəlib gördüyü tədbirlərdir. Təəssüf ki, həmin festivallar və sərgilər bugün Azərbaycanda bəzən yalnız dövlət vəsaitlərini mənimsəmək üçün istifadə olunur. Ora xərclənən pullar isə əsasən şişirdilir və əvəzində heç bir real nəticə vermir.
Elektron vasitələr isə bu gün hər evdə mövcuddur. Bu, danılmaz faktdır. Məsələn, mən sərgiyə və ya futbol oyununa getməyə bilərəm, çünki televiziyada və onlayn platformalarda onları izləyə bilirəm. Yəni mədəniyyət artıq mənim evimə gəlir. Burada inkişaf etdirilməli sahələrdən biri kino sənətimizdir. Təəssüf ki, Azərbaycan kinosu hələ də tam inkişaf etməyib. Eyni zamanda teatr sənətimizi və rəssamlıq sahəsini inkişaf etdirməliyik. Musiqiyə mən o qədər ciddi yanaşmıram, çünki musiqi yan təsirlərə daha çox meyillidir. Ancaq dəqiq bir şey var: biz kinolarımız vasitəsilə Azərbaycan tarixini göstərmək imkanına sahibik.
-Mədəniyyətimizi təqdim edərkən hansı xüsusiyyətlər Azərbaycanı digər ölkələrdən fərqləndirir və maraqlı edir?
Hər bir xalqın mədəniyyəti onun üçün özəl və gözəldir. Qeyd etmək lazımdır ki, mədəniyyətlər oxşarlıqlarla yanaşı, onları digər xalq mədəniyyətlərindən fərqləndirən cəhətlərə də malikdir. Məsələn, Qafqaz xalqlarının mədəniyyəti bizimlə oxşardır, amma Qafqazda yaşayan türk xalqlarının mədəniyyətinə baxsaq, arada fərqlər görərik. Ona görə də, bütün dünyaya mədəniyyətimizi tanıtmaq istəyiriksə, hər bir xalq öz mədəniyyətini gözəl təqdim etməyi bacarmalıdır.
-Müasir gənclərin musiqi və incəsənət seçimlərində qloballaşma ilə milli dəyərlər arasında balansı necə görürsünüz?
Gənclərimizin musiqi zövqünə baxaq. Onların musiqini hardan eşitdiyini soruşaq. Onlar musiqini internetdən və televiziyadan əldə edirlər. Az gəlirli təbəqələrin teatra və kinoya getmək imkanları yoxdur, çünki qiymətlər bahadır. Bu səbəbdən bütün informasiyanı televiziyadan alırlar.
Deməli, biz cəmiyyət olaraq televiziyamızı və bütün kütləvi informasiya vasitələrimizi təmizləməli, sözün əsl mənasında ələkdən keçirməliyik. Sovet dövründə çox güclü bir "ələk" sistemi mövcud idi: sənət, insan və ideyalar bir neçə mərhələdə yoxlanırdı, nəticədə, tamaşaçıya yüksək keyfiyyətli əsərlər təqdim olunurdu.
Bu gün isə bütün televiziya kanalları artıq mədəniyyət ocağı yox, biznes ocağıdır. Buna görə də, gəncləri musiqiyə yönəltmək üçün ilk növbədə televiziyadan başlamaq lazımdır. Bəzi qeyri-adi musiqilər üçün xüsusi verilişlər hazırlanmalıdır, onların ləğv edilməsi düzgün olmaz. Məsələn, veriliş saatlara bölünməlidir: gündüz saatlarında muğam və klassik musiqi, günün digər saatlarında isə müasir mahnılar.
Qloballaşma özünü göstərir və biz də istər-istəməz mənliyimizi itiririk. Bu yalnız bizə xas deyil; məsələn, hindu xalqlarında mədəniyyətləri qalır, amma sivilizasiyaya inteqrasiya etdikcə onlar da müəyyən dərəcədə öz mənliklərini itirirlər. Bizdə isə 50% itirsək də, 50% qalacaq.
-Sizcə, gənclərin bədii zövqünü inkişaf etdirmək üçün təhsil, sosial mühit, yoxsa texnologiya daha böyük rol oynayır?
Gənclərimiz bu gün teatra gedə bilmir. Biz onları telefondan ayıra bilmirik. İdman zallarına göndərmək də çətindir, çünki qiymətlər yüksəkdir. Nəticədə, onlara kompüter və telefon veririk ki, məşğul olsunlar və informasiya oradan əldə olunur.
Zəhra Əliyeva
