Mədəniyyət tarixində iz qoymuş Salvador Dalí yalnız sürrealist tabloları ilə deyil, həm də qeyri-adi yaradıcılıq üsulları ilə diqqət çəkib. XX əsrin bu dahi rəssamı öz sənətində “yarı oyaq – yarı yuxulu” vəziyyətdən ilham alaraq incəsənətdə tamamilə yeni bir yanaşma ortaya qoyub.

Dalí hesab edirdi ki, insan beyninin ən yaradıcı anı məhz yuxuya getməzdən əvvəlki haldır. Bu anı süni şəkildə yaratmaq üçün rəssam kresloda əyləşər, əlində ağır açar və ya qaşıq tutardı. Əlinin altında isə metal boşqab yerləşdirərdi. Yuxu halına keçən zaman əlindən düşən açarın çıxardığı səs onu qəfil oyadırdı. Bu anlarda beynində canlanan qəribə təsvirləri Dalí dərhal eskizlərə köçürür, sonradan onları möhtəşəm tablolara çevirirdi.
Onun məşhur əsərlərində bu texnikanın təsirini açıq şəkildə görmək mümkündür. “Əriyən saatlar” tablosunda zamanın axıcılığı, “Narkissin metamorfozu”nda formaların dəyişməsi, “Arı uçuşunun yaratdığı yuxu”da isə təsadüfi anların qeyri-adi təsviri məhz bu metodun nəticəsi idi.
Dalí özü də bu üsul haqqında“Yuxu ilə gerçəklik arasında o incə xətti tutmaq – ən böyük incəsənətdir”,- deyib.
Maraqlıdır ki, Dalının öz dövründə mistik hesab edilən bu yanaşması günümüzdə elm tərəfindən də təsdiqlənib. Neyroloqlar bildirirlər ki, insanın yuxuya keçid anı – hipnagogik vəziyyət – beynin yaradıcılıq qabiliyyətini artırır və xəyal gücünü sərbəst buraxır.
Beləliklə, Salvador Dalí yalnız rəssam kimi deyil, həm də insan təxəyyülünün gizli imkanlarını incəsənət vasitəsilə kəşf edən bir sənətkar kimi yadda qalıb. Onun “yarı oyaq – yarı yuxulu” texnikası bu gün də yaradıcı insanlara ilham verməkdə davam edir.
Hazırladı: Ayshannajakh
