Meksikadakı mağarada tapılan sarkıtın təhlili, 1000 il əvvəl Mayaların süqutuna səbəb olan quraqlığın izlərini üzə çıxarıb.
Meksikanın Yukatan yarımadasındakı bir mağaranın dərinliklərində tapılan sarkıt göstərir ki, 13 il davam edən böyük quraqlıq da daxil olmaqla bir neçə quraqlıq bölgədə Maya sivilizasiyasının zəifləməsinə səbəb olmuş ola bilər.
Yukatan bölgəsində Mayaların süqutunun səbəbi hələ də dəqiq bilinmir, amma bir çox alimlər quraqlıqların mühüm rol oynadığını düşünür. Əvvəlki tədqiqatlar göstərib ki, eradan əvvəl IX–X əsrlərdə, ‘Terminal Klassik’ dövründə, Cənubi Meksikada illərlə davam edən quraqlıqlar baş verib. Bu dövrdə bölgədə Maya əhalisi azalıb, lakin daha şimalda – iqlimin daha quraq olduğu yerlərdə bəzi icmalar inkişaf etməyə davam edib.
Araşdırmanın müəlliflərindən Daniel H. Ceyms deyir: "Maya tarixindəki bu dövr əsrlərdir maraq doğuran bir mövzu olub". Kembric Universitetinin Yer Elmləri fakültəsində doktorantura tələbəsi olarkən araşdırmanı aparan Ceyms əlavə edir: “Çöküşün səbəbi ilə bağlı ticarət yollarının dəyişməsi, müharibə və ya şiddətli quraqlıq kimi bir çox nəzəriyyə irəli sürülüb. Lakin son onilliklərdə arxeoloji məlumatlarla ölçülə bilən iqlim sübutlarını birləşdirərək Mayalara nə baş verdiyini və bunun səbəblərini anlamaqda mühüm irəliləyiş əldə etmişik".
‘Terminal Klassik’ dövrdə yağıntı rejimini daha yaxşı anlamaq üçün Ceyms və həmkarları Yukatandakı Tecoh yaxınlığında yerləşən bir mağaradakı daş sütunun illik böyümə qatlarını araşdırıblar. Ağac halqaları kimi bu qatlar da müəyyən ildə mağaranın tavanından damcılayan sudan sütunun nə qədər su topladığına dair məlumat saxlayır. Hər qatdakı kimyəvi tərkib fərqləri isə may–oktyabr arasındakı yağışlı mövsümdə nə qədər yağış yağdığı barədə ipucları verir.
Hazırda University College London-da arxeoloq kimi çalışan Ceyms deyir: "İllik orta yağıntını bilmək, hər bir yağışlı mövsümün necə keçdiyini bilmək qədər məlumat vermir. Yağışlı mövsümü ayrıca izləyə bilmək quraqlığın müddətini düzgün şəkildə təqib etməyimizə imkan yaradır ki, bu da məhsulların uğurla yetişib-yetişməyəcəyini müəyyən edən əsas amildir".
Bölgədəki Mayalar suyu anbarlar və sarnıclar vasitəsilə diqqətlə idarə etmiş olsalar da, görünür ki, quraqlıqlar Uxmal kimi regional paytaxtları sarsıdacaq dərəcədə şiddətli olub. Tədqiqatçıların yazdıqlarına görə, həmin quraqlıq dövrlərində Mayalar abidə inşasını və onların üzərinə tarix həkk etməyi dayandırmış, ən ağır quraqlıqdan bir neçə il sonra isə Uxmalın siyasi sistemi çöküb.
Buna baxmayaraq, yaxınlıqdakı Çiçen İtsa kimi bəzi yaşayış məskənləri quraqlıqları aşa bilib. Həmin dövrlərdə abidələrin üzərinə tarix yazmaq dayandırılsa da, şəhər özünü toparlaya bilib. Görünür, bunun səbəbi geniş ticarət şəbəkələri vasitəsilə Orta Meksikadan məhsul gətirə bilmələri olub.
Mənbə: Arkeofili
Tərcümə etdi: Aytac Musayeva
