Ağ Ev çərşənbə axşamı prezident Donald Trampın mesajlarını yaymaq üçün 170 milyondan çox amerikalı istifadəçisi olan qısa video platformasından yararlanaraq rəsmi TikTok hesabını işə salıb.
Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində Demokrat Kamala Harrisi məğlub edərək gənc seçicilər arasında dəstək qazanmasına kömək edən populyar tətbiqə qarşı yumşaq mövqeyi ilə diqqət çəkir.
Bununla belə Vaşinqtondakı qanunvericilər ABŞ istifadəçi məlumatlarının Çin hökumətinin əlinə keçə biləcəyindən narahatlıqlarını ifadə edirlər. Hazırda Tramp TikTok-un çinli ana şirkəti "ByteDance"-dən ABŞ investorlarının alması üçün danışıqlar üzərində işləyir.
Keçmiş kəşfiyyat qiymətləndirmələri proqramın sahiblərinin Çin hökuməti ilə bağlı olduğunu və ondan amerikalılara təsir vasitəsi kimi istifadə oluna biləcəyini iddia edib.
Yeni hesab @whitehouse çərşənbə axşamı Trampın “Mən sənin səsinəm” dediyi görüntülərlə yayımlanan ilk video ilə fəaliyyətə başlayıb. Videonun başlığında isə “Amerika, biz geri döndük! Nə var, TikTok?” ifadəsi yer alıb.
Trampın keçən il seçki kampaniyası üçün açdığı @realdonaldtrump adlı TikTok hesabının 15 milyondan çox izləyicisi var. Respublikaçı prezident mesajlarını həmçinin tez-tez “Truth Social” platformasındakı hesabı və bəzən də “X” üzərindən çatdırır.
Ağ Evin mətbuat katibi Karolin Leavitt bildirib: “Tramp administrasiyası prezident Trampın əldə etdiyi tarixi uğurları Amerika xalqına mümkün qədər geniş auditoriyaya və müxtəlif platformalarda çatdırmağa sadiqdir. Prezident Trampın mesajı onun kampaniyası zamanı TikTok-da önə çıxıb və biz həmin uğurları davam etdirərək əvvəlki heç bir administrasiyada olmayan formada ünsiyyət qurmaqdan məmnunuq”.
Qeyd edək ki, 2024-cü ildə qəbul edilən qanuna görə, ByteDance tətbiqin ABŞ-dəki aktivlərini satmadığı və ya satış istiqamətində əhəmiyyətli irəliləyiş göstərmədiyi halda TikTok-un 2025-ci ilin 19 yanvarına qədər fəaliyyətini dayandırması tələb olunub.
Lakin 20 yanvarda ikinci prezidentlik müddətinə başlayan Tramp qanunun tətbiqinə üstünlük verməyib. O, son tarixləri əvvəlcə aprelin əvvəlinə, daha sonra iyunun 19-a, sonuncu dəfə isə sentyabrın 17-yə qədər uzadıb.
Müddətin uzadılması bəzi konqres üzvlərinin tənqidlərinə səbəb olub. Onlar Tramp administrasiyasının qanunları pozduğunu və Çinin TikTok üzərindəki nəzarəti ilə bağlı milli təhlükəsizlik risklərini görməzlikdən gəldiyini iddia edirlər.
Mənbə: Reuters
Tərcümə etdi: Nəzakət Nəsibli
