Bu gün:

Manipulyasiya nədir?


Manipulyasiya – insan davranışlarına və düşüncələrinə dolayı yolla təsir göstərmək üçün istifadə olunan mürəkkəb psixoloji və sosial strategiyaların ümumi adıdır. Sosial psixologiya və kognitiv elmlərdə bu proses “gizli təsir” (covert influence) və ya “idarəolunmuş qavrayış” kimi də izah olunur.

Əsas məqsəd manipulyasiya edilən şəxsin öz qərarını verdiyini düşünməsinə baxmayaraq, əslində manipulyatorun istədiyi istiqamətdə hərəkət etməsidir.

Manipulyasiyanın psixoloji əsasları

Psixoloqlar manipulyasiyanı çox vaxt kognitiv qərəzləremosional zəifliklər üzərindən izah edirlər. İnsan beyni informasiyanı sürətli və az enerji sərf etməklə qəbul etməyə meyllidir. Bu xüsusiyyət “heuristics” (sadələşdirilmiş düşüncə mexanizmləri) adlanır və manipulyatorlar tərəfindən tez-tez istismar olunur. Məsələn: 

1) Təsdiq qərəzi (confirmation bias): İnsanlar yalnız öz mövqelərini təsdiqləyən məlumatlara üstünlük verirlər. Manipulyator bu zəiflikdən istifadə edərək yalnız “uyğun” məlumatları təqdim edir.

2) Qıtlıq effekti (scarcity effect): İnsan az olan şeyə daha çox dəyər verir. Reklamlarda “Məhdud sayda” ifadəsi bu prinsiplə işləyir.

3) Qorxu və mükafat mexanizmi: Neyropsixologiyada məlumdur ki, qorxu reaksiyası amigdala tərəfindən idarə olunur və yüksək emosional vəziyyətdə məntiqi düşünmə zəifləyir. Bu da manipulyasiyanı asanlaşdırır.

Sosial manipulyasiya metodları

Sosial səviyyədə manipulyasiya qrup dinamikaları, nüfuz və ictimai təsir vasitəsilə həyata keçirilir.

Qrup təzyiqi: İnsan əksəriyyətin fikrinə uyğunlaşmağa meyllidir (Asch təcrübələri);

Avtoritet effekti: İnsanlar nüfuz sahibi şəxslərin dediklərinə daha çox inanır (Milgram təcrübələri);

İctimai təsdiq (social proof): “Hamı belə edir” mesajı ilə davranışa yönləndirmə.

Gündəlik həyatda manipulyasiya

Manipulyasiya yalnız şəxsi münasibətlərdə deyil, siyasət, reklam, media və hətta təhsil sahələrində də özünü göstərir.

  • Mediada: Xəbərin təqdimetmə tərzi (framing effect) izləyicinin hadisəyə münasibətini dəyişə bilər.
  • İş mühitində: Menecer əməkdaşını tərifləmə və ya tənqid vasitəsilə istədiyi nəticəyə yönləndirə bilər.
  • Şəxsi münasibətlərdə: Günahkarlıq hissi yaratmaq, emosional şantaj, susmaqla cəzalandırma kimi üsullar.

Manipulyasiyadan qorunma strategiyaları

Elmi tədqiqatlara görə manipulyasiyaya qarşı müqavimət üç əsas istiqamətdə mümkündür:

1. Tənqidi düşünmə qabiliyyətinin inkişafı: Mənbələri yoxlamaq, arqumentləri analiz etmək.

2. Emosional özünənəzarət: Qorxu, həyəcan və ya qəzəb anında verilən qərarların etibarsız ola biləcəyini bilmək.

3. Metakoqnitiv şüur: Öz düşüncə prosesini izləmək və təsirin fərqində olmaq.

Manipulyasiya insan psixologiyasının və sosial qarşılıqlı təsirin ən incə mexanizmlərindən biridir. Onun təhlükəsi ondadır ki, manipulyasiya olunan şəxs çox vaxt bunun fərqində olmur. Ən güclü müdafiə isə elmi bilik, tənqidi düşüncə və emosional dayanıqlılıqdır.

Mənbə: Onedio

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et