Yeni sübutlar göstərir ki, qədim Roma şəhəri Pompeyi vulkan püskürməsindən sonra xarabalıqlar arasında insanlar yenidən yaşamağa qayıdıblar.
Arxeoloqlar hesab edirlər ki, başqa yerdə yeni həyat qurmağa imkanı olmayan bəzi sağ qalanlar həmin əraziyə geri dönüblər və onlara yaşayış yeri axtaran başqaları da qoşulmuş ola bilər.
Pompeydə Vesuvi vulkanının eramızın 79-cu ilində püskürməsindən əvvəl 20 000-dən çox insan yaşayıb. Şəhər kül altında qalaraq qorunub saxlanılıb və 16-cı əsrdə yenidən aşkar edilib.
Daha əvvəl də sağ qalanların xarabalıqlara geri döndüyünə dair ehtimallar olub. Arxeoloqlar çərşənbə günü verdikləri açıqlamada bildiriblər ki, bu nəzəriyyə yeni tədqiqatlarla təsdiqlənmiş görünür.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
