Bu gün:

Fir’onların Lənəti: əfsanə, yoxsa dəhşətli həqiqət?



“Fir’onların lənəti” haqqında hekayə arxeologiyanın ən məşhur və ən qaranlıq əfsanələrindən biri olub. Hesab edilib ki, qədim misir hökmdarının qəbri ilə bağlı sakitliyi pozan hər kəs dəhşətli ölümə məhkum olub. Mif XX əsrin ən səs-küylü kəşflərindən biri – Tutankhamonun məzarının tapılmasından sonra məşhurlaşıb.


1922-ci ilin noyabrında britaniyalı arxeoloq Hovard Karter öz himayədarı lord Karnarvon ilə birlikdə gənc fir’onun məzarını qazıb. Bu, sensasiya olub – məzar demək olar ki, toxunulmaz qalıb və içəridə minlərlə qiymətli əşya tapılıb. Dünya heyrətə gəlib, arxeoloqlar sanki 3000 il əvvələ zaman səyahəti ediblər.


Amma az sonra qəribə hadisələr baş verməyə başlayıb. Lord Karnarvon açılışdan cəmi bir neçə ay sonra, ağcaqanad dişləməsindən sonra yaranan qan zəhərlənməsindən ölüb. Qəzetlər dərhal “lənət” barədə yazmağa başlayıb, jurnalistlər isə guya məzarın divarlarında tapılan bu sözləri xatırladıblar: “Fir’onun sakitliyini pozan kəsə ölüm sürətli qanadlarda gələcək”. 


Bu, şayiələri daha da gücləndirib: ekspedisiya iştirakçılarından bir neçəsi növbəti illərdə vəfat edib. Kimisi infeksiyadan, kimisi bədbəxt hadisələrdən, kimisi isə xəstəlikdən ölüb. Qəzetlər hər ölümü sensasiyaya çevirib, elə bir təəssürat yaradıb ki, görünməz bir qüvvə qədim sakitliyin pozulmasına görə intiqam alır.


Alimlər rasional izah tapmağa çalışıblar. Ən inandırıcı versiyalardan biri – qədim kif sporları və bakteriyaların minilliklər boyu məzarda qala bilməsi olub. Məzarı açanda bu mikroorqanizmlər havaya, oradan isə insanların ağciyərlərinə keçib və infeksiyalara səbəb olub.


Lakin bu nəzəriyyə bəzi ekspedisiya iştirakçılarının niyə uzun ömür sürdüyünü izah etməyib. Məsələn, elə Hovard Karterin özü yalnız 1939-cu ildə, açılışdan 17 il sonra ölüb və heç də müəmmalı bir xəstəlikdən deyil.


“Fir’onların lənəti” haqqında hekayə isə artıq bir əfsanəyə çevrilib. Onu yazıçılar və kino sənayesi də davam etdiriblər – mumiyalar haqqında filmlər bütöv bir janra çevrilib. Əfsanə qədim misirlilərin sirli qüvvələrə sahib olduqları və xəzinələrini minillər sonra da qoruya bildikləri fikrini gücləndirib.


Bu gün arxeoloqlar “lənət”ə skeptik yanaşıblar, amma etiraf ediblər ki, bu əfsanə ikili rol oynayıb. Bir tərəfdən, o, kəşfləri romantikləşdirib və misirşünaslığa marağı artırıb. Digər tərəfdən isə qorxular yaradıb və hətta bəzi tədqiqatçıları uzaqlaşdırıb.


Doğrudanmı “fir’onların intiqamı” var idi, yoxsa bu, sadəcə mətbuat tərəfindən şişirdilmiş təsadüflər idi? Cavab yoxdur. Amma mif bu gün də yaşayır və biz Tutankhamonun sarkofağına baxanda istər-istəməz düşünürük: bəlkə də qədim xəbərdarlıqlar sadəcə söz olmayıb?


Mənbə: www.nationalgeographic.com

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et