Bu gün:

Azərbaycan folklor nümunələri dünyaya necə inteqrasiya edir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyevdir. O, Azərbaycan folkloru ilə bağlı sualımızı cavablandırıb.

-Azərbaycan folklor nümunələri dünyaya necə inteqrasiya edir?

Çalışdığım Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşları ilboyu Azərbaycan folkloru, Azərbaycan şifahi xalq ədəbiyyatı ilə bağlı hazırladıqları məqalə və tezislərlə xarici ölkələrdə keçirilən çoxsaylı elmi tədbirlərdə, simpozium və konfranslarda iştirak edir. Eləcə də Folklor İnstitutunda il ərzində bir neçə dəfə beynəlxalq elmi konfrans təşkil olunur, onlarla ölkənin elmi mərkəzlərindən qonaqlar dəvət edilir. Yüksək indeksli beynəlxalq elmi jurnallarda Azərbaycan folkloru ilə bağlı çoxsaylı elmi məqalələr çap etdirilir. Xarici ölkələrin universitetləri, elmi mərkəzləri ilə sıx əməkdaşlıq edilir. Folklor İnstitutunun əməkdaşları həm də “Google Scholar”da  (elmi nəşrlərin tam mətnləri üzrə axtarış sistemi) məqalə və tezislərini yerləşdirir. Ölkəmizə gələn xarici ölkələrin elmi işçiləri, eləcə də turist kimi gələn qonaqlara  Folklor İnstitutunda çap olunmuş folklorla bağlı kitablar, səs yazılar olan disklər hədiyyə olunur. Torpaqlarımız işğalda olan zamanlarda Folklor İnstitutunun əməkdaşları Qarabağ folklorunu topladı, nəşr edilən kitablar həm ölkə daxilində, həm də ölkə xaricində bir çox institut, kitabxana, muzey, elmi mərkəzlərə göndərildi. Hazırda Folklor İnstitutunun əməkdaşlarının əsas işlərindən biri də Qərbi Azərbaycan folklorunu toplamaq, Qərbi Azərbaycandan məcburən köçürülən, yurd-yuvasından didərgin salınan həmvətənlərimizin xatirələrini yazıya almaqdır. Bundan əlavə müxtəlif internet resurslarında, eləcə də vikipediyada bir neçə dildə Azərbaycan folkloru ilə bağlı məqalələr hazırlanaraq yerləşdirilir. Beynəlxalq arenada nümayişi artırmaq üçün maliyyə məsələləri ilə bağlı problem olmamalıdır. Çünki həm xarici ölkələrdə təşkil olunan beynəlxalq elmi konfrans və simpoziumlar, həm də xaricdə çap olunan jurnalların əksəriyyəti ödənişlidir. Xaricdə elmi konfrans və simpoziumda iştirak etmək istəyən elmi işçi, alim yol xərci, getdiyi ölkədəki nəqliyyat, oteldə gecələmə və yemək xərclərini bir çox hallarda özü ödəməlidir. Bu gün elmi işçilərin, alimlərin maaşı çox azdır. Verilən maaşla tez-tez xaricdəki elmi tədbirlərdə, konfranslarda iştirak etmək mümkün deyil. Beynəlxalq arenada mütəmadi təmsil olunmaq üçün əvvəl elmi işçilərin, alimlərin maaşı onların ehtiyacını tam ödəyəcək şəkildə olmalıdır. Gənc alimlərin əksəriyyəti evsizdir, kirayədə yaşayır. Alınan maaşla həm ailə saxlamaq, həm də xarici ölkələrdəki beynəlxalq tədbirlərdə iştirak etmək mümkünsüzdür. Ümid edirik ki, bu istiqamətdə problemlərin həlli üçün lazım olan addımlar atılacaq.

Günel Məmmədova

Paylaş
Şərh əlavə et