Milos Venerası dünyanın ən məşhur incəsənət əsərlərindən biridir. Bunun səbəbi aydındır. Hər kəs Veneranın əllərini harada və hansı şəraitdə “itirdiyi” ilə maraqlanır.
Venera (Afrodita) sevgi tanrıçasıdır (romalılar üçün Venera, yunanlar üçün Afrodita). İkonoqrafik baxımdan, Miloslu Venera (və Knidalı Afrodita) “Utancaq Venera” (Venus pudica) növünə aid edilir, lakin Veneranın əllərinin yoxluğu – hansı ki, xarakterik atributları tuta bilərdi – çox sayda fərziyyələrə yol açır.

Knidoslu Afrodita, Praksitel tərəfindən yaradılıb və yunan heykəltəraşın sevgilisi olan hetaira Frina model kimi dəvət edilib. Knidosun Afroditasına əsaslanan məşhur qolsuz heykəl Menidesin oğlu Aleksandros tərəfindən yaradılıb. (müəllif, yoxa çıxmış postamentdə adını qeyd etməyi unutmayıb).
“Meniderin oğlu, Antakyadan olan Aleksandros bu heykəli yaradıb.”
Afrodita 1820-ci ildə fransız antik əşya axtaranlar tərəfindən Milos adasında aşkar edilib, bunun sayəsində qəhrəmanımız bir “soyad” qazanıb. Yunan ailəsi torpaq altında işləyirdi və bir anda yerin çökdüyünü hiss ediblər. Maraqlanan ailə qazıntıya başlayıb, bir ipin ucunda olan fənəri aşkar edilən boşluğa endiriblər və daş konstruksiyalar göz önünə çıxıb. Torpaq sahibləri yerdəki dəliyi böyütdülər, aşağı endilər və kiçik bir antik məbəddə olduqlarını, məbədin tam ortasında isə bir heykəl olduğunu görüblər – Milosun adını daşıyan Venera.

Bir qədər sonra tanrıçanın bədəninin iki hissəyə ayrıldığı və sol əlində (çox güman ki, əlində bir alma vardı) metal çubuqla çiyninə bağlandığı aşkarlanıb (başqa mənbələrə görə, əlində alma olan əl Veneradan ayrıca tapılıb, bəlkə də bu hissə başqa bir heykələ aid idi).
Yunan kəndlisi “amfiteatrdan (teatrdan) 500 addım və dənizə aparan vadinin sağ tərəfində qazılmış qəbir mağaralarının üstündə” işləyirdi.
Qazıntıya fransız rels gəmisindən olan bir dənizçi – Olivye Vutye şahid olub və qısa müddət sonra adada Veneradan başqa bir səfər təşkil edən fransız səfirinə tapıntı haqqında məlumat verib: konsulluq nümayəndəsi bu barədə şübhə ilə danışsa da, heykəlin Parisdəki “Krallıq Muzeyi” üçün alınması planlaşdırılıb:
“Heykəl bir az zədəlidir, qırıq qolları və başlı iki sütun var.”

Lakin gəmi Milosa çatdıqda, türklərin heykəli İstanbulda aparmaq üçün başqa bir gəmiyə yüklədiyi məlum olub (Milos adası da daxil olmaqla Yunanıstan həmin dövrdə Osmanlı İmperiyasının idarəsi altında olub). Vacib bir tapşırığa göndərilmiş səfirliyin katibi Vikont Marsel diplomatik bacarıq nümayiş etdirməli olub: bir neçə gün ərzində türkləri heykəli verməyə razı salıb. Təəccüblüdür ki, Venera qısa müddət sonra bir fransız gəmisində olub. Rəsmi olaraq Milos torpaqlarında tapılan Veneranın əvvəldən əllərinin olmadığına inanılır, lakin bu yeganə itki deyil – Venera bilərziklər, sırğalar və bir tacla bəzədilmişdi. Bu bəzəklər çoxdan yoxa çıxıb, lakin mərmərdə onları bərkitmək üçün nəzərdə tutulmuş dəliklər qalıb. 1821-ci ildə Dumon-Dürvil Fransız Elmlər Akademiyası tərəfindən hazırlanan hesabatda belə bildirib:
“Heykəl bir qadını təsvir edirdi. Yuxarıya doğru qaldırılmış sol əlində bir alma tuturdu və sağ əli ilə ombasından düşən geyimi tuturdu. Daha sonra hər iki əl zədələndi və indi bədəndən ayrılıb.”
Ancaq tanrıçanın əlində alma tutduğu sol əlinə dair istinadlara da rast gələ bilərik (bu səbəbdən bəzi tədqiqatçılar hesab edirlər ki, Venera Parisin mühakiməsi zamanı əlindəki məşhur “nifaq alması” ilə təsvir olunub). Veneranın uzun yolçuluğu başlayıb: Pire limanı, Tulon şəhəri və Seta limanı vasitəsilə Parisə gətirilib. Gətirildikdən sonra heykəl XVIII Lüdovikə təqdim edilib və kral onu Luvr kolleksiyasına yerləşdirməyi təklif edib. Lakin Venera muzeyə, Napoleon müharibələrinin qənimətlərinin əvvəlki sahiblərinə qaytarılmasından yalnız 6 il sonra gətirilib. Venera Luvrun yunan kolleksiyasında əsas yerə sahib olub və Venera Luvrda yerləşdirilməzdən əvvəl postamentlə birləşməsi kəsilib və gizlədilib. Rekonstruksiyalarda tanrıça fırlanan təkər formasında, güzgü verilmiş halda və ya müharibə tanrısı Marsın (Aresin) yanında təsvir edilir – bu da heykəlin cüt ola biləcəyini göstərir.

Ən romantik versiyaya görə, Milos limanında yerli türklərə qarşı mübarizədə Veneranın əlləri fransız dənizçilər tərəfindən qoparılıb. Lakin digər versiyalar kimi bu da rəsmi şəkildə təsdiqlənməyib. Paris Kommunası zamanı Venera Sité adasındakı prefektura binasına daşınıb. Daşıma üçün, muzey işçilərinin əvvəlcədən bərpa işi aparmasına imkan verən şəkildə sökülməsi lazım idi (Venera iki ayrı mərmər blokdan ibarət idi). Daha sonra Milos Venerası Semadirek Niki ilə birlikdə Şato-de-Valansda (Luara çayı vadisi) saxlanılıb.
Birinci Dünya Müharibəsi zamanı Venera Luvrun təhlükəsiz salonlarına təxliyə edilib, İkinci Dünya Müharibəsi zamanı isə Parisdən çıxarılıb. Fransız milli muzeylərinin direktoru Jak Josjar Luvrdan incəsənət əsərlərinin təxliyyəsini təşkil edib və onları Fransanın kəndlərində nasistlərdən gizlədib.
1964-cü ildə Venera Yaponiyaya (Tokio və Kyoto) səfərə yollanıb. Səfərdən əvvəl kiçik bir bərpa işi aparılıb, daha sonra heykəlin hissələrə ayrılmadan daşınmasına qərar verilib. Lakin gəmi səyahəti zamanı vibrasiya səbəbindən heykəlin iki hissəsi tərpənib və Yokohama limanına çatanda parçaların bir qisminin Veneradan ayrıldığı aşkar edilib. Heykəltəraşlar növbəti bərpa işlərini aparıblar və Parisə qayıtdıqdan sonra Venera bir daha heç vaxt Fransız muzeyindən çıxmayıb.

Venera çox şey yaşayıb. İndi Luvrda hörmətli və xüsusi hazırlanmış bir yerdə saxlanılır və ziyarətçi izdihamını özünə cəlb edir. Təəssüf ki, yeni kəşflər olmadıqca Milos Venerasının əslində necə göründüyünü heç vaxt dəqiq bilməyəcəyik, lakin heykəlin natamamlığı sadəcə onun sirrini və cazibəsini artırır.
Mənbə: dzen.ru
Tərcümə etdi: Aysu Əsgərzadə
