Təsəvvür edin ki, siz bir qarışqasınız.
Sizinlə birlikdə yüz minlərlə fərdi olan koloniyanızda hər gün inadla çalışırsınız. Qida ehtiyatlarının toplanması, yuvaların təmizlənməsi, körpə qarışqaların qayğısına qalmaq, ölülərin yuvadan çıxarılması kimi işlərdə can-başla iştirak edirsiniz. Amma bir gün, özünüzü əvvəlkindən fərqli, qəribə hiss etməyə başlayırsınız. Elə bil bədəninizdə nələrsə qaydasında getmir. Balaca ayaqlarınızı sifətinizə və qarnınıza sürtərək ağrının qaynağını tapmağa çalışırsınız. “Bu nədir?” Bir səs mi eşitdiniz? Yaxud bir qoxu mu aldınız? Əslində koloniyanızdakı digər qarışqaların buraxdığı izləri izləyib qida mənbələrini daşımağa kömək etməliydiniz. Amma bu dəfə fərqli olaraq əzələləriniz istəksiz şəkildə qısılır və siz yuvadan kənara doğru hərəkət etməyə başlayırsınız. Getdikcə koloniyadan uzaqlaşırsınız və yaxınlıqdakı nazik bir fidanın gövdəsinə dırmaşmağa başlayırsınız. Nə qədər qarşısını almağa çalışsanız da, bacarmırsınız. Dırmaşdıqca ağrı artır və dözülməz hal alır. Nə baş verir?

Yerdən təxminən 20 santimetr yüksəklikdə, bədəninizə nisbətən güclü olan çənəniz də özbaşına qısılmağa başlayır. Ağrı artıq dözülməz mərhələyə çatanda, çənəniz son bir hərəkətlə tamamilə qapanır və dırmaşdığınız o nazik bitkinin gövdəsini bütün gücünüzlə sıxıb tutur. Bitkini o qədər möhkəm dişləyirsiniz ki, artıq ölməyə başladığınızı bildiyiniz son saniyələrdə çənə əzələlərinizin cırıldığını hiss edirsiniz. Sizin üçün hər şey bitdi, bəli. Amma sizin cansız bədəniniz tamamilə yeni bir doğuluş üçün ev sahibi olacaq.
Kordiseps göbələyi və ölüm dişləməsi nədir?
Burada hekayə formasında təsvir edilən bu hadisəyə biologiyada “ölüm dişləməsi” deyilir. Bu bir nağıl deyil – hazırda Tayland və Braziliyanın yağış meşələrində saysız-hesabsız qarışqanın başına bu həqiqətən gəlir. Üstəlik bu yeni bir hadisə də deyil; son 50 milyon ildə Yer kürəsinin yağış meşələrində davam edən əsl bir “zombi hekayəsi”dir. Tanış olun: Ofiokordiseps unilateralis göbələyi – yağış meşələrindəki qarışqaların qorxulu röyası… Yoluxdurduğu qarışqaların bədənini ələ keçirib, onları özünə uyğun çoxalma şəraitinə yönəldərək orada öldürən kukla ustaları… Kuklaları isə gülləqarışqalar kimi kiçik, lakin güclü həşəratlardır.
Cordyceps (Kordiseps) cinsinə aid göbələklər kisəli göbələklər sinfinə aiddir. Tayland və Braziliya yağış meşələrində yaşayan bu cinsə aid təxminən 400 növ qeydə alınıb. Bu növlərin hamısı daxili parazitik göbələklərdir və əsasən həşəratların və digər buğumayaqlılarda yaşayırlar. Bəziləri də digər göbələklərin üzərində parazit kimi yaşayır. Bu yazıda isə əvvəllər Kordiseps cinsinə aid olduğu güman edilən, lakin 2007-ci ildə aparılan filogenetik araşdırma nəticəsində fərqli cinsə aid olduğu müəyyən edilən Ofiokordiseps unilateralis adlı orqanizmə diqqət yetirəcəyik.
Göbələklərdə beyin nəzarəti necə təkamül edib?
Qarışqaların da daxil olduğu həşəratlar, yəni Insecta sinfi, Yer üzündəki ən müxtəlif canlı qruplarından biridir. Belə deyək: Yer kürəsində yaşayan hər 10 heyvan növündən 9-u həşəratdır. Bu həşəratların da təxminən 80%-i yağış meşələrində yaşayır. Məhz bu meşələrdə yaşayan qarışqalar hər an bir Ofiokordiseps göbələyinin köləsinə çevrilə bilər.
Bir göbələyin bir heyvanın bədənini idarə etməsi “qeyri-mümkün” bir qabiliyyət kimi görünsə də, təkamül tarixində bu cür bir çox mürəkkəb parazit-konak münasibətlərinin formalaşdığı məlumdur. Amma burada vacib olan budur: Ofiokordiseps göbələyi bu “davranışı” sərgiləyərkən, “Bəli, artıq çoxalma vaxtıdır, gedim bu qarışqanı yoluxdurum” kimi bir düşüncə ilə hərəkət etmir – çünki onun sinir sistemi yoxdur. Sinir sistemi olmayan bir orqanizmin düşüncə, şüur, idrak kimi anlayışlara sahib olması mümkün deyil.

Əslində baş verən budur: Çoxsaylı heyvanlara yoluxa bilən, çoxsaylı bakteriya, göbələk, protozoa və digər parazit növləri var. Onların hər biri konaklarının bədənindən fərqli yollarla faydalanır: bəziləri qan əmər, bəziləri hüceyrədaxili genetik materialdan istifadə edər, digərləri həzm kanalındakı qidalardan faydalanar və ya bitkilərin köklərindən qidaları sormaz…
Təkamülün məntiqi və parazitlərin uğuru
Parazitlərin məqsədi sadəcə “oğurlamaq” deyil – eyni zamanda öz ifrazatları vasitəsilə konakları ilə qarşılıqlı təsirə girə bilərlər. Məsələn, bəziləri müxtəlif fermentlər ifraz edərək toxumaları parçalayar, bəziləri sinir sisteminə yapışaraq istəksiz sinyallar yaradıb davranışı dəyişdirə bilər.
Bu davranışlar nəsildən-nəslə yalnız bir şərtlə ötürülür: ən yaxşı uyğunlaşanlar sağ qalmalı və çoxalmalıdır. Nəticədə də tədricən daha yaxşı manipulyatorlar təkamülləşir.
Məsələn, Ofiokordiseps göbələyini düşünək: Bu göbələyin əcdadları və yaxın qohumları müxtəlif canlılara yoluxa bilirdi. Lakin hər növün yaşadığı mühit fərqlidir. Əgər göbələk “ən uyğun” çoxalma şəraitinə malik bölgələrdə yaşayan növlərə yoluxarsa, daha çox nəsil buraxa biləcək və genlərini gələcəyə daşıyacaq.
Qarışqaların davranışlarını dəyişdirmə yolları zamanla təkmilləşmişdir. Əvvəllər bəzi göbələk növləri qarışqalara yoluxduqdan dərhal sonra onları öldürə bilərdi, digərləri ani əzələ spazmı yaradırdı, digərləri isə qarışqaları qəribə dairəvi hərəkətlər etməyə məcbur edirdi. Amma onların arasından bir növ, qarışqalarda “dırmaşma” impulsunu aktivləşdirməyi bacardısa – bu qarışqaların vücudundan çıxan sporlar daha hündür nöqtədən yayılaraq daha çox qarışqaya yoluxa biləcəkdi. Bu isə göbələyin genetik uğurunu maksimuma çatdırıb.
Mantarın qarışqanı nəzarətdən buraxdığı və çoxalma dövrünə keçdiyi şəraitdən bunu başa düşürük. Araşdırmalar göstərir ki, göbələk qarışqanı orta hesabla yer səthindən 25,2 santimetr yüksəklikdə yerləşdirir, burada isə 94-95% rütubət və 20-30°C temperatur olur – bu isə göbələk üçün ideal çoxalma mühitidir.
Bəs bütün göbələklər bu qabiliyyətə niyə sahib deyil?
Bəlkə də sual verəcəksiniz: Niyə bütün göbələklər konaklarını idarə edə bilmir? Bu sual “Niyə bütün meymunlar insan olmur?” və ya “Niyə bütün heyvanlarda insan kimi zəkalı beyin inkişaf etməyib?” sualları ilə eyni məntiqə sahibdir. Təkamülün məqsədi ən güclü, ən ağıllı, ən çevik canlı yaratmaq deyil – hər canlı öz ekoloji və genetik mühitində, öz tələblərinə uyğun şəkildə təkamülləşir.
Qarışqalarda müdafiə mexanizmlərinin təkamülü
Qarışqalar bu müddət ərzində boş dayanmayıblar. Parazit-konak münasibətləri hər iki tərəfin qarşılıqlı uyğunlaşması ilə dəyişir. Məsələn, parazitlər ifraz etdiyi maddələrlə daha təsirli davranış pozuntuları yaradanda, konaklar da onları daha tez aşkarlama və məhv etmə bacarıqlarını inkişaf etdirir.
Qarışqalar arasında da müxtəliflik olduğundan bəziləri Ofiokordiseps infeksiyasını daha tez hiss edir və koloniyadan ayırır. Çünki bəzi qarışqaların vəzifəsi koloniyanın təmizliyidir – bu təmizliyin bir hissəsi də ölü və xəstə fərdləri ayırmaqdır. Xüsusən Ofiokordiseps infeksiyası kimi bir təhlükə bütün koloniyanı yox edə biləcəyindən, bu bacarığın olması çox böyük üstünlükdür.
Ofiokordiseps qarışqaları necə idarə edir?
Bəs bu göbələk qarışqaların beyinlərini və ya bədənlərini necə nəzarətə götürür? Bu hələ də tam aydın deyil. BBC-nin “Planet Earth” sənədli filmində göbələyin motor funksiyaları idarə edən beyin hissələrinə təsir edən kimyəvi maddələr ifraz etdiyi qeyd edilir. Amma 2017-ci ildə aparılan bir araşdırmada müəyyən edilib ki, göbələk qarışqanın beyin toxumasına toxunmadan yalnız əzələ sisteminə nüfuz edir. Yəni qarışqanı sanki kukla kimi, əzələlərə təsir göstərməklə idarə edir.
Fosillərdə beyin nəzarətinin izləri
Bu təkamül yeniliyi də deyil – bəzi fosillərdə bu tip göbələk-qarışqa münasibətlərinin 48 milyon il əvvələ gedib çıxdığı aşkarlanıb. Bu da bu sinir sistemi manipulyasiyasının təxminən 50 milyon il əvvəl təkamülləşdiyini göstərir.
Mənbə: evrimağacı
Tərcümə etdi: Aysu Əsgərzadə
