Bu gün:

Niyə bu yeni turist vergiləri yaxşı bir fikir ola bilər?


İqlim yönümlü yeni turizm haqları dünyanın ən sevilən – və eyni zamanda ən həssas – yerlərini qorumağın açarı ola bilər.


Növbəti tətiliniz gözlədiyinizdən bir qədər bahalı ola bilər – və bu təkcə inflyasiyaya görə deyil. Dünyanın bir çox bölgəsində getdikcə daha çox məkan otel qalmaq haqlarına, bilet qiymətlərinə, milli park və digər qorunan ərazilərə girişə iqlimlə əlaqəli yeni ödənişlər tətbiq edir.


Lakin səyahət üçün daha çox pul ödəmək əsəbi görünsə də, bu yeni haqlar sevdiyiniz məkanların yüksələn dəniz səviyyəsi, rekord istilər və təbii fəlakətlərlə dolu bir dünyada sağ qalmasına kömək edə bilər.


2023-cü ilin avqustunda Havay adalarının ən tarixi şəhəri Lahaina böyük meşə yanğınlarına məruz qaldı. Quraqlıq və qasırğa küləkləri ilə qızışdırılan bu yanğın 102 nəfərin həyatına son qoydu, 2,000-dən çox binanı dağıtdı və ABŞ tarixində iqlimlə bağlı ən ölümcül yanğınlardan biri oldu.


2024-cü ilin mayında Havay Birləşmiş Ştatlarda iqlim böhranı ilə birbaşa əlaqəli ilk turizm vergisini tətbiq edən dövlət oldu. “Yaşıl Haqq” (Green Fee) adlanan bu qanun, artıq mövcud olan otel vergilərinə əlavə olaraq 0.75% daha əlavə edir. Bu haqqın illik 100 milyon dollar gəlir gətirəcəyi və 2026-cı ildən etibarən yanğından sonrakı bərpa, mərcan resiflərinin bərpası və iqlimə uyğunlaşma tədbirlərinə yönləndiriləcəyi gözlənilir.


Havay qubernatoru Coş Qrin açıqlamasında bildirdi ki, bu qanun adalara gələn 10 milyon turistin yaratdığı təsiri qarşılamaq və getdikcə daha çox baş verən təbii fəlakətlərə cavab vermək məqsədi daşıyır.


Maui adasında fəaliyyət göstərən tur bələdçisi və “Awapuhi Adventures” şirkətinin sahibi Susan Fazekas BBC-yə bildirib: “Bu təkcə əlavə ödəniş deyil. Ziyarətçilər bura təbiət gözəlliklərinə – şəlalələrə, mərcan resiflərinə və yağış meşələrinə görə gəlirlər, amma məhz bu resurslar böyük təzyiq altındadır. Onlardan bu yerlərin qorunmasına töhfə vermələrini istəmək yük deyil – bu, onların bu prosesin bir hissəsi olma fürsətidir. Eyni zamanda Havay gələcəyini qorumaq üçün hamımızın bölüşdüyü məsuliyyətə hörmət ifadəsidir.”


Iqlimlə bağlı fəlakətlər artdıqca, dünyanın digər bölgələri də turizm gəlirlərinin necə toplanması və necə istifadə olunması məsələsinə yenidən baxır.


2024-cü ilin yanvarında Yunanıstan gecələmə vergisini “İqlim Böhranına Dayanıqlılıq Haqqı” ilə əvəz etdi. Artıq turistlər otelin səviyyəsinə və mövsümə görə gecəlik 0.50 avrodan 10 avroya qədər ödəyirlər. Pik mövsümlərdə Mikonos və Santorini kimi məşhur adalarda adambaşına əlavə 20 avro tələb olunur. Bu haqqın ildə 400 milyon avro gəlir gətirəcəyi və bu vəsaitin su infrastrukturuna, fəlakətlərin qarşısının alınmasına və ekosistemin bərpasına sərf ediləcəyi planlaşdırılır.


Başqa yerlərdə də oxşar addımlar atılıb. Bali 2024-cü ildə beynəlxalq turistlərdən 150,000 rupiya (təxminən 6.88 funt sterlinq) haqq almağa başladı – bu vəsait ətraf mühitin qorunmasına yönəlib. Maldiv adalarında isə 2015-ci ildən bəri “Yaşıl Vergi” tətbiq olunur və bu 2025-ci ilin yanvarında ikiqat artırılıb. İndi əksər otel və kurortlar hər bir qonaq üçün gecəlik 12 dollar (təxminən 9 avro) alır. Bu gəlirlər hökumətin idarə etdiyi tullantıların idarə olunması və sahil zolaqlarının dayanıqlılığı fonduna yönəldilir.


Yeni Zelandiyada isə 2019-cu ildə tətbiq edilən Beynəlxalq Ziyarətçi Haqqı 2024-cü ildə təxminən 100 NZD-yə (təxminən 45 funt sterlinq) yüksəldilib və bu gəlirlər ölkə üzrə təbiəti mühafizə və dayanıqlı turizm infrastrukturu üçün istifadə olunur.


Səyahət ümumi xərcləri ilə müqayisədə bu haqlar çox yüksək görünməsə də, əgər düzgün idarə olunarsa, böyük dəyişikliklərə səbəb ola bilər.


Kanadadakı Toronto Metropolitan Universitetinin turizm idarəçiliyi üzrə professoru Dr Reyçel Dodds deyir ki, bu haqları həqiqətən mənalı edən onların sakinlərə və ziyarətçilərə necə açıqlanmasıdır. “Turizm vergiləri dayanıqlı inkişaf və iqlim təşəbbüsləri üçün əlavə gəlir mənbəyi ola bilər, lakin şəffaflıq çox vacibdir ki, bu pullar həqiqətən həmin məqsədlərə yönəlsin,” – deyə o bildirir.


Bəzi yerlərdə bu şəffaflıq artıq mövcuddur. Maldiv adaları öz “Yaşıl Fond” gəlirlərinin aylıq hesabatlarını yayımlayır – bu pulların sahil mühafizəsi, tullantıların emalı və su təminatı üçün necə istifadə olunduğunu detallı şəkildə göstərir. Yeni Zelandiyanın ziyarətçi haqqı isə illik performans hesabatları ilə müşayiət olunur – hansı layihələrin seçildiyi, maliyyələşdirildiyi və tamamlandığı aydın şəkildə göstərilir. Məsələn, fırtına nəticəsində zədələnmiş “Cathedral Cove” cığırlarının bərpası və Yeni Zelandiya Velosiped Marşrutlarının inkişafı bu hesabatlara daxildir.


Havay da bu istiqamətdə şəffaflığı artırmaq üçün addımlar atır. Lahaina yanğınlarından sonra ştat “İqlim Məşvərət Qrupu” (CAT) qurdu və bu qrup mümkün davamlılıq tədbirləri və maliyyə mənbələrini əks etdirən 60 səhifəlik hesabat hazırladı. Qrupun rəhbəri Kris Benjamin deyir: “Respublika üzrə aparılmış sorğular, iqlim hadisələrinin potensial təsirləri ilə bağlı aktuar analizlər və müxtəlif sahələr üzrə ekspertlərlə geniş əlaqə nəticəsində, bu iqlim haqqına qarşı ictimai rəy müsbət oldu.”


Sorğular göstərir ki, turistlər bu haqlara töhfə verməyə hazırdır – əgər pullar düzgün istiqamətə sərf olunursa. Booking.com-un 2024-cü il Davamlı Səyahət Hesabatına əsasən, dünya üzrə səyahətçilərin 75%-i önümüzdəki il daha davamlı səyahət etməyi planlaşdırır, 71%-i isə ziyarət etdikləri yerləri əvvəlkindən daha yaxşı vəziyyətdə tərk etməyi arzulayır. 2023-cü ildə Euromonitor tərəfindən aparılmış başqa bir araşdırma isə göstərib ki, ziyarətçilərin təxminən 80%-i davamlı səyahət variantları üçün ən azı 10% daha çox pul ödəməyə hazırdır.


Tokioda yaşayan yapon reklam mütəxəssisi Maxo Tanaka gələn il Havaya getməyi planlaşdırır və ştatın yeni iqlim haqqını dəstəklədiyini bildirir: “Bu, nə qədər olacağından asılıdır. Əgər çox baha olsa, xüsusilə də zəif yen ilə, mənim üçün çətin ola bilər. Amma əgər bu 0.75%-dirsə – məsələn, 400 dollarlıq bir qalma üçün əlavə 3 dollar – bu, normal görünür.” Tanaka bu haqların necə istifadə olunduğunu aktiv şəkildə izləməsə də, məqsədinin vacib olduğunu düşünür. “Əgər bu pullar Havayın çimərliklərini və meşələrini qorumağa gedirsə, bu yaxşıdır. Bu, sanki vacib bir işə töhfədir. Havay bir növ böyük milli park kimidir. Dəstəkləmək məntiqlidir.”


Çin vətəndaşı Zixuan Liu isə Yunanıstanda üç həftə səyahət etdikdən sonra yeni iqlim haqqını hiss etdiyini deyir: “Bu ödənişi gördüm və bir qədər baha olduğunu düşündüm, amma necə istifadə edildiyindən xəbərim olmadı. Əgər bu daha aydın göstərilsəydi, əslində daha çox ödəməyə razı olardım – təki pullar düzgün yerə getsin.”


Lakin ekspertlər xəbərdarlıq edirlər ki, davamlılıq sadəcə əlavə bir qat olmamalıdır.


Dünya Səyahət və Turizm Şurasının Tədqiqat və Davamlılıq üzrə vitse-prezidenti Kristofer İmbsen deyir: “Biz davamlılığı fəaliyyətlərimizə, xidmətlərimizə və təkliflərimizə əvvəldən daxil etməliyik ki, səyahətçilər onu təbii olaraq seçsin. Bu, nə əlavə haqq, nə də əlavə mürəkkəblik olmalıdır. Əgər davamlılıq əvvəldən tətbiq olunarsa, insanlar bunu xüsusi seçmək məcburiyyətində qalmaz – bu, sadəcə olaraq ən doğru və açıq seçim olar.”


Mənbə: BBC

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et