Antarktidanın nəhəng buz təbəqəsi uzaqdan baxanda düz və hamar görünür. Halbuki bu qitənin mərkəzində buz təbəqəsi dəniz səviyyəsindən 13.400 fut (təxminən 4.000 metr) hündürlüyə qalxır. Lakin bu hündürlük gözlə seçilməyəcək qədər yavaş yamaclarla baş verir.
Ancaq bu qalın, təxminən 1 mil (1.6 km) buz təbəqəsinin altında gözlənilməz bir mənzərə yerləşir: dik dağlar, dərələr və əyilərək axan çaylardan ibarət mürəkkəb bir landşaft. Bu çaylar, qlobal istiləşmənin təsiri ilə Antarktida buzlaqlarının necə dəyişəcəyində mühüm rol oynaya bilər.
Alimlərin proqnozlarına görə, yaxın onilliklərdə Antarktidadakı buz təbəqəsi əridikcə və nazildikcə, altındakı gizli çaylar böyüyəcək, istiqamətlərini dəyişəcək və yeni yollarla axacaq. Bu isə sahil buzlaqlarını qeyri-sabit vəziyyətə sala bilər. Nəticədə, dəniz səviyyəsinin artım sürəti də sürətlənə bilər.
Kanadadakı Vaterlu Universitetinin buzlaq hidrologiyası üzrə mütəxəssisi Kristin Dou bildirir: “Dəyişikliklər kifayət qədər ciddi olacaq”. Onun rəhbərlik etdiyi tədqiqat qrupu göstərir ki, bu çayların dəyişməsi buzlaqların daha tez əriməsinə və okeana doğru sürüşməsinə səbəb ola bilər. “Görünür, biz gələcəkdə nə qədər buz itkisinin baş verəcəyini kifayət qədər düzgün proqnozlaşdıra bilmirik.”
Bu nəticələr 20 illik tədqiqatın məhsulu olaraq 20 mart 2024-cü ildə Nature Communications jurnalında dərc edilib.

Buz altındakı kəşf edilməmiş dünya
Bu dağlar və dərələr heç bir insan tərəfindən birbaşa müşahidə edilməyib. Lakin son onilliklərdə təyyarələrlə Antarktida üzərində aparılan yüzlərlə radar və yer cazibəsi ölçmələri bu gizli dünyanı üzə çıxarıb. Nəticədə 1 mil hündürlüyündə dağ silsilələri, geniş vadilər və dərin kanyonlar aşkar edilib. Radar həmçinin yüzlərlə buzaltı gölü də müəyyən edib. Bu göllər yerin dərinliklərindən gələn geotermal istilik və buzlağın torpaq üzərində sürtünməsi nəticəsində ərimiş su ilə qidalanır.
Tədqiqatçılar müəyyən ediblər ki, buzaltı çaylar bu göllərə daxil olur və ya onlardan çıxır. Bu çaylar yalnız yer cazibəsinə deyil, həm də başlarının üstündəki qalın buzun təzyiqinə tabe olurlar. Vaterlu Universitetində Kristin Dou-nun komandasında çalışan doktorant Anna-Mireylla Hayden deyir: “Bəzən su yuxarıya doğru, təzyiq fərqinə əsasən axa bilir.”
Bu çayların dar olması səbəbilə onları radar vasitəsilə aşkar etmək çətindir. Ona görə Dou və komandası 11 il ərzində buzaltı relyefi və buz qalınlığını birləşdirərək suyun hansı yollarla axacağını proqnozlaşdırıblar.
Onlar müəyyən ediblər ki, Antarktidadakı ən sürətli hərəkət edən buzlaqların altı çoxlu su ilə örtülüdür. Bu isə buzun torpaq üzərində sürüşməsini asanlaşdırır. Bu xüsusilə qeyri-sabit vəziyyətdə olan Tveytz və Payn-Aylend buzlaqlarında daha nəzərəçarpacaqdır. Bu ərazilərin altında çoxlu geotermal istilik saçan vulkanlar və çatlar yerləşir.
Buz altındakı çaylar əriməni sürətləndirir
Bu çaylar okeana töküldükdə, okean suyunu qarışdıraraq buzlağın altını daha sürətli əridə bilər. Tədqiqatçılar proqnozlaşdırırlar ki, 2100-cü ilə qədər bu çayların axını beşqat artaraq saniyədə 5700 kub futa (təxminən Kolorado çayının dörddə biri qədər) çata bilər. Su okeana saniyədə 1 metr sürətlə axa bilər ki, bu da ABŞ-ın qərbindəki bir çox sürətli çaylara bənzəyir.
Dou bildirir: “Əsas məsələ suyun okeana necə itələndiyidir”. Çünki bu, daha çox istilik və duzlu suyun buzla təmasda olmasına və ərimənin daha da artmasına səbəb olacaq.
Hayden, Dou və Pelle-nin proqnozlarına görə, bu çayların fəaliyyəti nəticəsində buzlağın ərimə və incəlmə sürəti 20-50% arta bilər. Bu da buz örtüyünün zəifləməsinə və gözləniləndən daha tez dağılmasına səbəb ola bilər.

Sirli ərimə nöqtələri
Antarktidanın sahil xətti boyunca uzanan üzən buz örtükləri, sahil buzlaqlarının okeana doğru hərəkətini yavaşladır. Bu buz örtüklərinin altı daim okean suyu ilə təmasda olduğuna görə ərimə müşahidə olunur. Lakin peyklər bu ərimənin bəzi nöqtələrdə – bəzən illik 30-100 metr arasında – anormal dərəcədə sürətli baş verdiyini göstərib.
2020-ci ildə Dou-nun da iştirak etdiyi bir tədqiqat qrupu, bu fenomenin səbəbini müəyyənləşdirdi: buzaltı çaylar buzlağın altından böyük təzyiqlə çıxaraq okeana tökülür. Bu təzə su, okeanın duzlu və isti suyu ilə toqquşaraq, istilik qatının yuxarı qalxmasına və buzun altının sürətlə əriməsinə səbəb olur. Bu proses “tərs şəlalə” effekti yaradır.
Dəniz səviyyəsi proqnozları yetərincə deyil
Scripps Okeanoqrafiya İnstitutundan alim Ceymin Qrinbaum qeyd edir ki, indiki kompüter modelləri bu effekti nəzərə almır. Halbuki bu faktorlar gələcək buz itkisini və dəniz səviyyəsinin artımını ciddi şəkildə təsir edə bilər.
2024-cü ildə Greenbaum, Dou və onların əməkdaşı Şivani Ehrenfreucht belə nəticəyə gəldilər ki, bu çay axınları yalnız Totten Buzlağında buz itkilərini 30% artıracaq. Bu buzlaq təkbaşına dəniz səviyyəsini 3.5 metr qaldırmaq potensialına malikdir.
Antarktida buzlaqlarının altında hələ tam kəşf edilməmiş bir dünya mövcuddur. Bu dünyanın dinamikası, gələcək iqlim dəyişiklikləri və dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı proqnozlar üçün həyati əhəmiyyət daşıyır. Alimlər bildirirlər ki, biz orada nə qədər suyun olduğunu və buzlaqların nə qədər sürətli əridiyini hələ tam anlamırıq. Buna görə də, mövcud proqnozlarımız çox ehtiyatlı və real vəziyyətdən aşağı ola bilər.
Mənbə: nationalgeographic
Tərcümə etdi: Aysu Əsgərzadə
