Bu gün:

"Hər şeyə "hərbi sirr" gözü ilə baxan məmur...." - Səxavət Məmmədlə müsahibə


24media.az - ın budəfəki müsahibi hərbi jurnalist Səxavət Məmməddir. O, hərbi jurnalistika ilə bağlı ünvanladığımız sualları cavablayıb.


 Azərbaycanda hərbi jurnalistika ilə məşğul jurnalistlərin fəaliyyətini necə qiymətləndirirsiz?

- Azərbaycanda hərbi sahədə yazan jurnalistlərin sayı həm azdır, həm də onlara verilən meydan dardır. Belə bir mühitdə onların fəaliyyətini mənfi qiymətləndirmək olmaz. Əslində, dünyanın hər yerində hərbi müxbirlik çətin və risklidir. Öldürülən jurnalistlərin əksəriyyəti hərbi müxbirlərdir.

Onlar istər aktiv əməliyyatlarda, istərsə də, dinc dövrdə fərqli təhlükələrlə üzləşirlər. Əməliyyat, müharibə zamanı hərbi müxbirin ilk işi sağ qalmaqdır. Xəbər arxasınca gedən birinin özünün xəbərə çevrilməsi yaxşı hal deyil.

Dinc dövrdə isə onların işi daha da çətindir. Müharibə vaxtı güllədən, mərmidən qorunmalı olursansa, dinc dövrdə bürokratiya, öz işini düzgün görə bilməyib hər şeyə “hərbi sirr” gözü ilə baxan məmur və cəmiyyətlə üz-üzə qalırsan.

Digər tərəfdən, bu müxbirlər informasiya daşıyıcılarıdır. Həmçinin dünyanın hər yerində ələ keçirilən hərbi reportyorlarla kəşfiyyatçılar kimi davranılır.

Azərbaycanda jurnalistlərin hərbi sahədə ixtisaslaşması üçün nələrə ehtiyac var?

- Hər şey praktikada öyrənilir. Nəzəri biliklər hər nə qədər çox olur olsun, praktikada hər şey fərqlidir. Müharibə zamanı nəzəriyyənin boş, mənasız olduğunu anladım. Universitetlərin jurnalistika fakültələrində konflikt jurnalistika sahəsində ixtisaslaşmayan, bir dəfə belə müharibə ərazisi görməyənlərin elmi işini oxumaqdansa, sırf müharibə ərazisində olub onunla bağlı yazılan kiçikhəcmli kitabı belə oxumaq daha faydalıdır.

Hesab edirəm ki, baza formalaşmalı, kifayət qədər müharibə görmüş jurnalistlərin təcrübələrindən istifadə edilməli, kurslar təşkil edilməlidir. Əsas məsələ isə hərbi müxbirlərə müharibə ərazisində işləməyə icazə verilməlidir. Təkcə Azərbaycanda yox, dünyanın hər hansı bir yerində konflikt yaranacağı təqdirdə, orada Azərbaycanlı müxbirlər olmalıdır. Bunun iki faydası var: Birincisi, jurnalist özü formalaşacaq, ölkəsinin digər jurnalistlərinə yaxşı yol açmış olacaq. İkincisi isə ərazidə peşəkar reportyorları olan ölkələr informasiya və reallıqlara daha yaxın tərəf olacaq.


Ali təhsil müəssisələrində jurnalistika öyrədilərkən konflikt sahələrdə işləməyin əsas düsturu tələbələrə öyrədilirmi?

- Qətiyyən! Bu elə bir sahədir ki, bunun üçün mütləq şəkildə praktika lazımdır. Praktikası olan birinin dərs deməsi vacibdir. Hesab edirəm ki, jurnalistka fakültələri praktikası olan şəxslərin təcrübəsindən yararlanmalı, onları ali təhsil müəssisələrinə dəvət edib mühazirə demələrinə şərait yaratmalıdır.

4. Ümumiyyətlə, Azərbaycanda hərbi jurnalistikanı dərindən öyrənmək üçün kurslar varmı? Təlimlər keçirilirmi?

- Azərbaycanda hərbi jurnalistkanı öyərədən yalnız Konflikt Jurnalistika Məktəbi (KJM) var idi. O da Qeyri-Hökumət Təşkilatlarına ayrılan qrantlar vasitəsilə həyata keçirilirdi. Bu il həmin təşkilata qrant verilməyib.Nəticədə məktəb bu il təhsil verməyəcək. Müharibə şəraitində yaşayan ölkədə bu sahəyə biganə yanaşılmasını anlaya bilmirəm. Əslində, Azərbaycanda ən çox inkişaf etməli sahələrdən biri də hərbi jurnalistkadır. Nədənsə bu sahəyə yetəri qədər diqqət ayrılmır.

5. Sizin belə bir kurs açmaq fikriniz varmı?


 - Sözün açığı, KJM var idi deyə heç vaxt bu barədə düşünməmişdim. Lakin fikirləşməyə başlamışam. Qrantlar vasitəsi ilə yox, hərbi jurnalistikanı sevən, burada olmaq istəyənlərin arzu və istəkləri ilə bir çox şey etmək olar. Biz elə bir coğrafiyada yerləşirik ki, bu sahəyə hər zaman ehtiyac olacaq. Ona görə də çalışacam ki, kurslar açım.


6. Son zamanlarda hərbi sahədən yazan qadın jurnalistlərə rast gəlinir. Bu barədə nə düşünürsünüz?

- Bu çox normal haldır. Qadın və ya kişi, fərqi yoxdur, bu cür ağır və riskli sahədə işləməyi bacaran hər kəs mənim üçün dəyərlidir. Qadın kəşfiyyatçı, casus ola bilir. Qadın hərbi reportyor niyə olmasın? Fiziki hazırlıqlı, risk bölgələrində işləmə qabiliyyəti olan qadınlar da bu sahədə uğur qazana bilər.

Çiçək Sadatova

Paylaş
Şərh əlavə et