24media.az-ın budəfəki müsahibi Nihad Qənbərovdur.O, gənclərin inkişafında könüllülük fəaliyyətinin rolu, şəxsi təcrübəsi və bu sahədə qazandığı bacarıqlar haqqında fikirlərini bizimlə bölüşüb.

-Könüllülük fəaliyyəti gənclərin şəxsi və sosial inkişafına hansı bacarıqları qazandırır? Bu təcrübə gənclərin gələcək karyerasında nə dərəcədə həlledici rol oynaya bilər?
Mən bu barədə onu deyə bilərəm ki, təbii olaraq könüllülük fəaliyyəti gənclərə çox təsir edir. Bu, sferadan sferaya dəyişir, çünki kifayət qədər müxtəlif könüllülük fəaliyyətləri mövcuddur. Bu fəaliyyətlər insana əsasən yumşaq bacarıqlar (soft skills) baxımından çox şey qazandırır və sosial cəhətdən aktiv olmağın gələcək karyerada böyük təsiri olur.
Mənim öz təcrübəmdə isə daha çox şəxsi dəyərlərimə uyğun gələn və eyni zamanda karyeramla əlaqələndirə biləcəyim fəaliyyətlər seçmişəm. Bunlar mənə həm fürsətlər yaradıb, həm də bacarıqlar qazandırıb.
Mən AIESEC-də könüllü olmuşam və hazırda da həmin təşkilatda rəhbər vəzifədəyəm. Eyni zamanda, “Young European Ambassadors” – Gənc Avropa Səfirləri proqramında da iştirak edirəm. Bu iki təşkilatı seçməyimin əsas səbəbləri mənə verdikləri töhfələr idi. Məsələn, AIESEC mənə daha məsuliyyətli işlərdə iştirak etməyə və fokuslandığım sahələr üzrə təcrübə qazanmağa imkan verdi. 18 yaşımda yüksək vəzifədə olan şəxslərlə birbaşa kommunikasiya qurmağıma şərait yaratdı. Bu, həm mənim məsuliyyət hissimi artırdı, həm də bu cür insanlarla ünsiyyət qurma bacarığı qazandırdı.
Mən AIESEC-də elə şöbələr seçirdim ki, məsələn, biznes şöbəsi və ya tədbir təşkilatçılığı kimi sahələrdə işləməklə həm kooperativ ünsiyyət, həm də liderlik və ictimai danışıq bacarıqlarım inkişaf edirdi. Auditoriya qarşısında çıxış etməklə public speaking sahəsində xeyli təcrübə qazandım. Ən önəmlisi isə liderliyin sadəcə başqalarına rəhbərlik etmək deyil, həm də insanın öz hissləri, qərarları və məsuliyyətləri üzərində liderlik qurmaq olduğunu anladım.
Fikrimcə, ümumilikdə könüllülük fəaliyyətləri, xüsusilə, məsuliyyət verilən, real iş mühiti olan layihələr insanın liderlik, ünsiyyət və ictimai nitq bacarıqlarını ciddi şəkildə inkişaf etdirir. Kooperativ həyata alışmaq və sabit fəaliyyət göstərmək gəncin gələcək iş mühitinə hazırlıqlı olmasına kömək edir.
Burada vacib bir məqam da odur ki, seçilən könüllülük fəaliyyətinin düzgün olması çox önəmlidir. Məncə, gənclər öz şəxsi dəyərlərinə və inkişaf etdirmək istədikləri bacarıqlara uyğun fəaliyyətlər seçməlidirlər. Məsələn, tədbir təşkilatçılığına marağı olan biri, hərbi yönümlü bir təşkilatda deyil, daha uyğun sahədə könüllü olmalıdır.
Mən həmçinin müxtəlif sahələrdə könüllülük etdikcə, öz maraqlarımı daha yaxşı müəyyənləşdirə bildim. Hər bir vəzifə, hər bir fəaliyyət mənim nəyin daha çox maraq dairəmdə olduğunu kəşf etməyimə səbəb oldu. Bu da məni həm şəxsi, həm də karyera baxımından irəli apardı.
Networking, yəni geniş əlaqə baxımından da könüllülük fəaliyyətləri çox önəmlidir. Əgər insan şəxsi dəyərlərinə uyğun və prestiji olan təşkilatlarda könüllü olursa məsələn, BMT, Aİ, səfirliklər, nazirliklər bu həm tanışlıq dairəsini genişləndirir, həm də gələcək fürsətlərə yol açır.
Məsələn, mən Gənc Avropa Səfirləri proqramı çərçivəsində tanış olduğum insanlarla əməkdaşlıq etdikcə, onların vasitəsilə yeni fürsətlər qarşıma çıxırdı. AIESEC-dəki rəhbər vəzifəmdə də gördüm ki, partnyorlarla işləmək və networking qurmaq mənə daha böyük məsuliyyətlər, daha sürətli inkişaf və real təcrübə qazandırır.
Bundan əlavə, könüllülük fəaliyyəti CV və referans baxımından da çox böyük önəm daşıyır. Əgər gənc dayanıqlı inkişaf məqsədlərinə yönəlmiş layihələrdə iştirak edirsə, bu onun akademik və karyera planlarında ciddi dəstək olur. Məsələn, mən magistr təhsilimi xaricdə davam etdirmək istədiyim üçün bu istiqamətli layihələrdə iştirak etməyə xüsusi önəm verirəm.
-Könüllülük proqramları hər gənc üçün eyni dərəcədə əlçatandırmı?
Düşünürəm ki, təəssüf ki, bu proqramlar hər bir gənc üçün eyni dərəcədə əlçatan deyil. Əsas problem coğrafiyadadır. Bakı şəhərində yaşayan gənclər üçün bu fəaliyyətlər daha əlçatan və tanınmışdır. Amma regionlarda, xüsusən də Aran rayonları kimi ərazilərdə bu imkanlar daha məhduddur.
Məsələn, Sumqayıt, Gəncə, Mingəçevir və hətta Şamaxı kimi şəhərlərdə müəyyən imkanlar olsa da, digər rayonlarda bu sahədə aktivlik xeyli aşağıdır. Hələ də bir çox gəncin Bakıda keçirilən proqramlardan xəbəri olmur. Mən özüm də regiondan Bakıya tələbə olaraq gələndə bu fəaliyyətlərdən xəbərsiz idim və bir il gec başlaya bildim.
Burada məsələ yalnız imkanla bitmir. Gənclərin təşəbbüskar olması, axtarışda qalması da çox önəmlidir. Bəzən fürsətlər az olsa da, məqsədli bir insan üçün yol tapmaq mümkündür. Mən də gec başlamış olsam da, sonrakı illərdə özümü xeyli inkişaf etdirə bildim. Bunun səbəbi daima axtarışda olmaq və nə istədiyimi bilmək idi.
Əlçatanlıq məsələsində motivasiya çox vacibdir. Əgər bir gənc öz məqsədinə fokuslanıbsa və bəhanəsiz şəkildə davam edirsə, o zaman özü üçün yol açmağı bacaracaq. Yəni bizim xilaskarımız özümüzük, kimsə gəlib bizi xilas etməyəcək.
Mənim hazırda əsas məqsədlərimdən biri budur: təkcə Bakıda deyil, həm də regionlarda, xüsusilə, daha az məlumatlı bölgələrdə könüllülük fəaliyyətlərinin təbliği, məlumatlandırıcı sessiyalar və layihələrin həyata keçirilməsi üçün çalışıram.
Məsələn, bəzi rayonlarımızda universitet olsa belə, könüllülük səviyyəsi hələ də aşağıdır. Bu sahədə biz – könüllülük təcrübəsi olan gənclər daha çox məsuliyyət daşıyırıq və daha aktiv olmalıyıq.
Yekun olaraq, deyə bilərəm ki, “hər şey bizim əlimizdədir” prinsipi ilə yaşayan bir gənc üçün könüllülük fəaliyyəti həm karyerasında, həm də şəxsi inkişafında böyük rol oynayacaq. Sadəcə bu yolda düzgün seçimlər etmək, imkanları axtarmaq və davamlılıq göstərmək kifayətdir.
Zəhra Əliyeva
