Bu gün:

Qadın korsetinin qanlı tarixi


Korset bu günə qədər mövcud olan ən məşhur və qədim geyim elementlərindən biri hesab olunur. Onun olduqca ziddiyyətli bir tarixçəsi var – qadınların belini sıxır, nəfəs almağı və hərəkət etməyi çətinləşdiririb. Səsvermə hüququ uğrunda mübarizə aparan qadınlar və feministlər ona qarşı çıxıb.

Korsetlər əsrlər boyunca qadın sağlamlığının “qatili” kimi tanınıb. O qədər sıx geyinilirdi ki, qadınlar huşlarını itirir, qabırğaları deformasiyaya uğrayıb.


Təxminən min il əvvəl insanlar geniş sıxıcı kəmərlə tanış olub, yəni korset dərhal yaranmayıb. Belə kəmərlər Qədim Kritdə qadınlar və kişilər tərəfindən bel formasını vurğulamaq üçün istifadə olunub.

Bundan əlavə, bu cür kəmərlər kişiləri təhlükəli əyləncə zamanı – məsələn, öküzün buynuzlarının üzərindən tullanarkən qoruyub. Zaman keçdikcə isə korset geyinmək daha az təhlükəli və daha zərif bir dəbə çevrilib.


XIII əsrdə Avropada yalnız qadınlar tərəfindən sinəni dəstəkləmək üçün geyinilən geniş bant şəklində bir bağlama meydana çıxıb. Əsrlər boyu gözəllik idealları dəyişib və XV əsrdə “qum saatı” formasında bədən dəbə minib – qadının iri sinəsi, incə beli və geniş ombaları olmalı idi.

Məhz bu dövrdə geniş sıxıcı kəmərlər qadınların köməyinə çatıb və onlar bədənlərini o qədər sıxıblar ki, qan dövranı pozulub. Dəb uğrunda can atanlar tez-tez özlərini itiriblər.

Çox keçmədən qadın bədəninə olan pərəstiş yerini köhnə Avropa ölkələrində yayılmış puritan əxlaqına verib. Yeni gözəllik ideallarına görə, qadının bədəni mümkün qədər düz və sadə görünməli idi. Korsetlər yenidən “köməyə” gəlib.

XVI əsrdə İspaniyada qız uşaqları sinəni sıxan və onun inkişafını əngəlləyən qurğuşun lövhələrdən hazırlanmış korsetlər geyinməyə məcbur edilib. Təbii ki, bu bir çox sağlamlıq problemlərinə səbəb olub.

İspan rəssam Velaskesin məşhur “Meninlər” tablosunda IV Filippin qızı infant Margarita Teresa, həm korset, həm də dəbdəbəli paltarda təsvir olunub. Tablonun çəkildiyi zaman qızın cəmi 5 yaşı olub.


XVII əsrdə balina bığından hazırlanmış ilk korsetlər meydana çıxıb. İnsanlığa zidd tələblər dəb halını alıb. Qadının beli cəmi 40 sm olmalı idi. Ketrin Mediçi isə bu normanı düşünmədən 33 sm-ə qədər endirib. Materialın baha olması səbəbilə o dövrdə yalnız aristokratlar korsetlərə sahib ola bilib.


XIX əsrdə ilk dəfə olaraq korset geyinməyin zərərləri haqqında açıq danışılmağa başlanıb. Bu geyim bel əyriliyi, həzm problemləri, tez-tez bayılmalar və erkən ölümlərə səbəb olub.

İngiltərədə bədənlərini qeyri-insani ölçülərə qədər sıxan qadınlar olub.

“The Englishwoman’s Home Journal” 1867-ci ildə bir oxucunun Londondakı zadəgan qızlar məktəbində hər ay şagirdlərin belinin 3 sm kiçildilməsi haqda “etirafını” dərc edib.

1874-cü ildə korset geyinmək nəticəsində meydana çıxdığı iddia olunan 97 xəstəlikdən ibarət siyahı yayımlanıb. Onların arasında “isterik nevroz” və “melankoliya” da olub.

Həkim Karolin Heystinqs, korsetləri döş əzələlərini zəiflətməkdə günahlandırıb, həmkarı Mersi Cekson isə korsetlərin Qərb qadınlarına göstərdiyi təsiri çinli qadınların ayaqlarının sarılmasından daha dəhşətli adlandırıb.

Korsetlərə və ənənəvi qadın rollarına qarşı çıxan ilk şəxslərdən biri fransız yazıçı Corc Sand olub. Onun “Qabriel” romanı – əslində qadın olan, lakin ailənin varisi kimi kişi kimi böyüdülən qəhrəmanın hekayəsini danışır. Romanda Qabrielin əsəb krizində korseti kəsdiyi və həm kişi geyimini, həm də sıxıcı kostyumunu tulladığı bir səhnə var.

Tezliklə korsetlər qadın azadlığının düşməni elan edilib. Korsetsiz geyimlər sufracetlərin – qadın hüquqları uğrunda mübarizə aparanların əsas simvollarından birinə çevrilib.


Korset istehsalının azalmasının və dayanmasının səbəbi yalnız ictimai həyatda baş verən dəyişikliklərlə bağlı tələbatın azalması olmayıb, həm də hərbi sənayenin metala olan tələbatı olub. Çünki korsetlər uzun müddət polad hissələrlə hazırlanıb.

Buna baxmayaraq, 1947-ci ildə Kristian Diorun “yeni görünüş” (“New Look”) üslubu sayəsində korsetlər və korsajlar uzun müddət dəbdə qalıb. Müharibədən sonrakı Avropada bərk sıxılmış bel və geniş ətək zənginlik və rahat həyatın göstəricisi olub.

Bu üslubdakı qadınların işləməsinə ehtiyac olmayıb və bu cür geyimdə işləmək də mümkün deyildi.

Korset sənayesinin növbəti dirçəlişi Vivyen Vestvudla bağlı olub. 1970-ci illərdə o, korsetləri yenidən nəzərdən keçirib və bu geyim onun şərhində pank mədəniyyətinin gətirdiyi qadın gücünün simvoluna çevrilib.

Bu gün dizaynerlər korset elementləri ilə eksperiment aparırlar. Bəzən silueti vurğulamaq üçün istifadə edirlər, lakin artıq bədən forması zorla dəyişdirilmir.

İndi korsetlər yenidən dəbə qayıdıb və artıq yalnız alt geyimi kimi deyil, həm də qızların gündəlik geyimlərinin bəzəyi kimi istifadə olunur.


Mənbə: dzen.ru

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et