24media.az-ın budəfəki müsahibi təhsil eksperti Rizvan Fikrətoğludur. O, ali təhsilli gənclərin işsizliyinin ardındakı səbəblərdən danışıb.
-Ali təhsilli gənclərin 63%-nin işsiz qalmasında əsas səbəb nədir: təhsil sisteminin reallıqdan uzaq olması, yoxsa əmək bazarının struktur problemləri?
62-63% kimi yüksək bir göstərici ali təhsilli gənclər arasında işsizliyin Azərbaycanda ciddi sosial-iqtisadi çağırış olduğunu göstərir. Bu problemin kökündə həm təhsil sistemi, həm də əmək bazarının struktur problemləri dayanır. Lakin əsas məsuliyyətin təhsil sisteminə aid olduğunu demək daha əsaslıdır. Təhsil proqramları real əmək bazarının tələblərindən uzaqdır. Başqa sözlə, iş dünyasının ehtiyac duyduğu bacarıqlar bir başqadır, universitetlərdə keçirilən dərslər isə tamamilə fərqlidir. Bu da əmək bazarına uyğun olmayan ixtisasların çoxluğunu doğurur. Hələ də universitetlərdə əmək bazarının ehtiyac duymadığı, artıq doyma nöqtəsinə çatmış ixtisaslar üzrə yüzlərlə, bəlkə də minlərlə tələbə təhsil alır. İxtisas planlaması yoxdur. Hər il eyni ixtisaslara qəbul aparılır, halbuki ölkə iqtisadiyyatının tələbləri dəyişir.
Diplom var, amma iş bacarığı yoxdur
Bizdə təhsil daha çox nəzəri yönümlüdür. Universitetlərdə praktiki dərslər, layihə əsaslı öyrənmə və real iş mühiti ilə tanışlıq imkanları çox zəifdir. Gənclər diplom alır, amma iş bacarıqları olmur. İşəgötürənlər isə artıq hazır kadr axtarır. Universitetlər isə bu ehtiyacı ödəyə bilmir. Abituriyentlər çox vaxt peşə seçimlərini təsadüfi edirlər və ya ailə mühitinin təsiri ilə qərar verirlər. Karyera mərkəzləri ya, ümumiyyətlə, yoxdur, ya da formal fəaliyyət göstərirlər. Bu da uyğun istiqamət seçiminə mane olur.
Əmək bazarının özündə də struktur problemlər mövcuddur. Ölkədə iqtisadiyyat qeyri-differensial bir struktura malikdir – əsas diqqət neft-qaz və dövlət sektoruna yönəlib. Kiçik və orta sahibkarlıq, eləcə də innovasiya və texnologiya sahələri çox zəif inkişaf edib. İşəgötürənlərdə gənclərə qarşı inamsızlıq var. Ümumiyyətlə, təcrübəsiz gəncləri işə almaq istəmirlər. Çox zaman minimum 1-2 il iş təcrübəsi tələb olunur ki, bu da təzə məzunlar üçün ciddi çətinlik yaradır.
Bundan əlavə, bəzi sahələrdə işə qəbul şəffaf şəkildə həyata keçirilmir. Tanışlıq və şəxsi əlaqələr işə qəbulda üstünlük təşkil edir ki, bu da kompetent, lakin əlaqəsi olmayan gənclərin kənarda qalmasına səbəb olur.
Universitetlər real əmək bazarına uyğun kadr yetişdirmir
Dediyim kimi, əsas məsuliyyət təhsil sisteminin üzərindədir. Əgər gənclər əmək bazarına düzgün istiqamətləndirilməyibsə, bacarıqlarına uyğun inkişaf etdirilməyibsə və diplom real dəyər daşımırsa, əmək bazarı nə qədər effektiv olsa da, onları işlə təmin etmək mümkün olmayacaq. Düşünürəm ki, təhsil sistemi ilə əmək bazarı arasında güclü koordinasiya qurulmalıdır. Tələbə yetişirsə, onun işləyəcəyi sahə ilə inteqrasiya olmalıdır ki, uyğun biliklər verilsin. İxtisas planlaması əmək bazarının statistik təhlillərinə əsaslanmalıdır. Universitetlərdə isə praktiki və layihə əsaslı tədris genişləndirilməlidir.
-Gənclərin işsiz qalması daha çox nə ilə bağlıdır: praktiki biliklərin çatışmazlığı, yoxsa işəgötürənlərin inamsızlığı? Sizin təcrübəniz nə deyir?
Bu mövzuda, yəni ali təhsilli gənclərin ya işsiz qalması, ya da ixtisaslarına uyğun işdə çalışmaması, yəni toxunduğunuz məsələ əslində fərdi yox, sistemli bir problemdir. Əsas səbəb isə universitetlərdə praktiki bilik və bacarıqların çatışmazlığıdır. İşəgötürənlərin gənclərə qarşı inamsızlığı da məhz bu çatışmazlığın nəticəsidir. Çünki hər şey təhsildən başlayır, təməldə problem olduğu üçün bu çətinliklər də davam edir.
Xüsusilə, praktiki bacarıqların azlığı üzərində dayanmaq istəyirəm. Tədris proqramlarımız nəzəriyyəyə əsaslanır. Tələbələr çox vaxt yalnız mühazirələri dinləməklə məzun olurlar. Real iş prosesinə uyğun layihə, staj, laboratoriya və ya simulyasiya imkanları ya, ümumiyyətlə, yoxdur, ya da yalnız formal xarakter daşıyır.
Bizdə universitetlərlə iş dünyası arasında əlaqə çox zəifdir. Universitetlər əmək bazarının tələblərini yaxından izləmir. Şirkət ziyarətləri, birgə layihələr, qonaq mühazirələr demək olar ki, keçirilmir və bu hallar çox nadir istisnadır. Nəticədə diplom var, amma bilik yoxdur. Məzunlar real iş şəraitində çətinlik çəkirlər, çünki öyrəndiklərini tətbiq edə bilmirlər. Bu da onları ya ixtisaslarından uzaq sahələrə yönəldir, ya da, ümumiyyətlə, işsiz qalmağa məcbur edir.
Universitet təcrübə qazandırmır, gənclər əmək bazarının kənarında qalır
Təcrübə problemi də ciddi məsələdir. Əksər işəgötürənlər azı 1-2 il iş təcrübəsi tələb edir. Amma universitet məzunlarının bu imkanı olmur. Universitet onlara bu təcrübəni qazandırmır. Nəticədə təzə məzunlar əmək bazarının kənarında qalır və işə qəbulda aktiv iştirak edə bilmirlər. Bir çox işəgötürən gənc yetişdirmək yerinə hazır kadr axtarır. Bu isə gənclərin inkişafını əngəlləyir və ümumi əmək bazarının dinamikasına mənfi təsir göstərir.
Şəxsi və real müşahidələrimə əsasən, deyə bilərəm ki, tələbələr arasında layihə işlərində və könüllülük fəaliyyətində iştirak edənlər iş tapmaqda daha uğurludurlar. Öz ixtisası üzrə iş tapa bilməyən gənclər isə daha çox ofisiantlıq və ya satış sahəsinə yönəlirlər. Məzun olduqdan sonra əlavə kurslara yazılan, özünü təkmilləşdirən və ya yarımştat fəaliyyət göstərən gənclər daha çox uğur qazanır. Bu isə ali təhsilin boşluqlarını müəyyən qədər kompensasiya edir.
Ümumilikdə problem təhsil sistemindəki bacarıq boşluğundan qaynaqlanır. İşəgötürənlərin inamsızlığı isə bu boşluğun nəticəsidir, səbəbi deyil.
Universitetlər təkcə diplom deyil, həm də əmək bazarında dəyərli olacaq praktiki bacarıqlar verməyə yönəlməlidir.
Zəhra Əliyeva
