Jaguar Land Rover şirkəti satışların kəskin şəkildə azalması fonunda Birləşmiş Krallıqda 500 idarəetmə vəzifəsində çalışan işçini ixtisar edəcəyini açıqlayıb. Şirkət ixtisarları könüllü ixtisar proqramı çərçivəsində həyata keçirəcək. Bu, Birləşmiş Krallıqdakı 33,000 işçidən təxminən 1.5%-ni əhatə edir.

Şirkətin apreldə ABŞ-yə ixracatı dayandırıb may ayında yenidən başlamağına səbəb ABŞ prezidenti Donald Trampın bütün xaricdə istehsal olunan avtomobillərə 25 faizlik tarif tətbiq etməsi olub. ABŞ bazarı JLR-nin satışlarının dörddə birindən çoxunu təşkil edir.
Tramp və Birləşmiş Krallığın Baş naziri Keir Starmer arasında əldə edilən yeni ticarət razılaşması ilə Britaniya ildə 100,000 avtomobili ABŞ-yə 10 faiz tariflə ixrac edə biləcək. Bu, digər ölkələrə tətbiq edilən 27.5 faiz tarifdən daha aşağıdır.
Böyük Britaniyanın ABŞ-dakı səfiri Peter Mandelson bu razılaşmanın dərhal iş yerlərini qoruduğunu bildirib. Jaguar Land Rover-in baş direktoru Adrian Mardell isə razılaşmanın avtomobil sənayesində 250,000 iş yerinin qorunmasına kömək edəcəyini deyib.
JLR sözçüsü bildirib ki, şirkət mütəmadi olaraq rəhbərlik səviyyəsində çalışan işçilərə könüllü ixtisar proqramları təklif edir və bu proseslə hazırkı və gələcək biznes ehtiyaclarına uyğunlaşma təmin edilir. Hökumətin sürətlə yeni ticarət razılaşmasını təmin etməsi, şirkətin illik 3.5 milyard funt sterlinq investisiya planını həyata keçirməkdə əminlik yaradıb.
Ölkədə işsizlik səviyyəsi də artmaqdadır. Aprel-may dövründə rəsmi işsizlik göstəricisi 4.7 faizə yüksəlib. Müxalifətdəki İşçi Partiyasının işgüzar məsələlər üzrə kölgə naziri Andrew Griffith, JLR-dəki ixtisar planını Keir Starmer üçün şəxsi fiasko adlandırıb və hökumətin biznesə ciddi yanaşmadığını bildirib.
Downing Street isə JLR-nin ixtisar planının məyusedici olduğunu bildirib, lakin hökumətin elektrik avtomobillərinə keçidi dəstəkləmək üçün 2.5 milyard funtluq uzunmüddətli planı, ZEV mandatı ilə bağlı elastiklik və yeni ixrac imkanları yaradacaq ticarət razılaşmaları vasitəsilə avtomobil sənayesini dəstəklədiyini vurğulayıb.
Jaguar şirkəti iyun ayında investorlarına bildirib ki, tariflərlə bağlı qeyri-müəyyənlik səbəbilə bu il üçün vergi və faizlərdən əvvəlki gəlir marjası proqnozunu 10 faizdən 5-7 faizə endirib. 2024-cü ilin martında isə şirkət 8.5 faiz gəlir marjası əldə etmişdi.
Şimali Amerikada topdansatışlar 12.2 faiz azalıb, Birləşmiş Krallıqda isə satışlar 25.5 faiz düşüb. Bu, köhnə Jaguar modellərinin planlı şəkildə bazardan çıxarılması və şirkətin 2026-cı ildə təqdim edəcəyi yeni elektrik modellərinə keçid siyasətinin tərkib hissəsidir.
Mənbə:The Guardian
Tərcümə etdi:Rəna Qarayeva
