Bu gün:

Psixopat ilə sosyopat arasındakı fərq nədir?


Ruh sağlamlığı sahəsində aparılan araşdırmalara əsasən, psixopat və sosyopat anlayışları tez-tez bir-birinin yerinə istifadə olunsa da, bu anlayışlar arasında mühüm fərqlər mövcuddur. Hər iki hal — psixopatiya və sosyopatiya — antisosial şəxsiyyət pozuntusu (AŞP) çərçivəsində qiymətləndirilir.Mütəxəssislər bildirirlər ki, AŞP olan şəxslərdə aşağıdakı davranış nümunələri müşahidə olunur: cinayət qanunlarının ciddi şəkildə pozulması, şəxsi mənfəət və ya zövq naminə yalan danışmaq və aldatmaq, impulsivlik, əsəbilik və zorakılıq meyli, təhlükəsizliyə laqeydlik, sosial və maliyyə öhdəliklərini yerinə yetirməmək, həmçinin törətdikləri əməllərə görə peşmanlıq hissinin olmaması.

Psixopatlar və sosyopatlar bu xüsusiyyətləri paylaşsalar da, onlar arasında müəyyən fərqlər mövcuddur. Psixopatlar başqaları ilə emosional bağ qurmaqda acizdirlər, lakin manipulyasiya və cazibədar danışıq bacarıqları sayəsində səthi münasibətlər qururlar. Onlar çox vaxt törətdikləri cinayətləri əvvəlcədən planlaşdırır və cəmiyyətə uyğun görünməyi bacarırlar.

Əksinə, sosyopatlar müəyyən şəxslərə qarşı yaxınlıq hissi duya bilsələr də, ümumilikdə münasibət qurmaqda çətinlik çəkirlər. Onlar daha impulsiv davranır, ani qəzəb və zorakılıq partlayışlarına meyllidirlər və cinayətləri də əsasən planlaşdırılmamış şəkildə törədirlər.

Mütəxəssislər bildirirlər ki, psixopatiya daha çox genetik və ya bioloji səbəblərlə əlaqələndirilir. Xüsusilə beynin emosional tənzimləmə və impuls nəzarətinə cavabdeh olan sahələrində inkişaf geriliyi müşahidə edilir. Sosyopatiya isə daha çox uşaqlıqda yaşanan zorakılıq və travmalar nəticəsində formalaşır. Bu səbəbdən mütəxəssislər tez-tez “psixopatlar doğulur, sosyopatlar isə formalaşır” ifadəsindən istifadə edirlər.

Araşdırmalar göstərir ki, həm psixopatlar, həm də sosyopatlar tez-tez narsistik şəxsiyyət pozuntusu olan şəxslərlə oxşar davranışlar nümayiş etdirirlər. Lakin narsistlər, ümumiyyətlə, zorakı və ya impulsiv deyillər, həmçinin uşaqlıqda davranış pozuntusu və ya yetkinlik dövründə cinayətkar davranış göstərmirlər. Onlar daha çox başqalarının heyranlığına və təsdiqinə ehtiyac duyurlar.

Psixoloqlar uşaqlarda şəxsiyyətin davamlı inkişafda olduğunu nəzərə alaraq AŞP diaqnozunun erkən yaşlarda qoyulmasının çətin olduğunu vurğulayırlar. Buna baxmayaraq, bu pozuntunu daşıyan böyüklər çox zaman uşaqlıqda ciddi davranış pozuntuları sərgiləmiş olurlar.

Mənbə: Eski şeyler

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et