24media.az-ın budəfəki müsahibi psixoloq Nabat Mirzəyevadır. O, "labubu" oyuncaqların uşaqlar üzərində psixoloji təsirindən danışıb.
- Qəribə və qorxunc görünüşlü oyuncaqlar uşaqların psixikasına hansı yöndə təsir göstərir?
Qəribə və qorxunc görünüşlü oyuncaqlar uşaqların psixikasına təsir göstərir. Bu təsir yaş mərhələsinə görə dəyişir. Kiçik yaşlı uşaqlarda bu cür oyuncaqlar trendə uyğun şəkildə göstərilsə də, yəni zahirdə şirin görünsələr də, diqqətlə baxdıqda cizgilərində qəzəb, öfkə və ucu biz dişli bir sərtlik simvolu müşahidə olunur. Bu, şirinlik adı altında uşaqlara sərtliyi və acını təbliğ edən bir portretdir. Yəni zahirdə özünü şirin obraz kimi göstərsə də, əslində öz düşüncələrindən geri qalmayan, incidici bir modelin formalaşmasına səbəb olur. Məsələn, 5–6 yaşa qədər olan uşaqlarda bu oyuncağın dişli, sərt tipajı zahirdə şirin olsa da, qorxulu bir obraz kimi təsir edə bilər. Gecə yuxularına girə və onların kabusuna çevrilə bilər. 6 yaşdan yuxarı uşaqlarda isə əgər düşüncə və təxəyyül zəif inkişaf edibsə, bu qorxu davam edə bilər.
Əgər normal inkişaf edibsə, bu dəfə uşaqlarda məşhurluq marağı oyana bilər. ‘Hər çıxan trend ola bilər’ düşüncəsi formalaşar və ‘mən də məşhur olum, mən də trend olum’ düşüncəsi yarana bilər. Emosional uşaqlar üçün isə bu obraz bir növ qorxu modelinə çevrilə bilər. Bundan əlavə, yeni bir qorxunu, qəzəbi və kini uşaqda psixoloji pozuntular şəklində yarada bilər.
- Uşaqların bu cür trendlərə aludə olması onların emosional inkişafına necə təsir göstərir?
Uşaqlar artıq görür ki, trenddə nə varsa, onu almaq lazımdır. Trenddə nədirsə, o sevilməlidir. Gələn dəfə başqa bir şey çıxacaq və o da sevilməlidir. Bu, uşaqlarda yeni trendlərə uyğun yaşama vərdişi yaradır. Bu da o deməkdir ki, artıq uşaqlar öz istəkləri ilə deyil, digərlərinin nəyi sevdiyini əsas götürərək seçim edirlər. ‘Bunu bütün uşaqlar sevir’, ‘bütün sosial şəbəkələrdə paylaşılır’ və bu düşüncələrlə ‘mən də bunu sevməliyəm’, ‘maraqlanmalıyam’, ‘almalıyam’ fikri formalaşır. Öz düşüncələri geridə qalır, ‘başqaları nə deyər?’, ‘başqaları da bəyənsin’ kimi fikirlər üstünlük təşkil edir. Bu isə uşağın gələcəkdə öz istədiyini seçməkdə çətinlik yaşamasına səbəb ola bilər. Nəyi niyə sevdiyini anlamadan, sadəcə sosial bağlılıq və uyğunlaşma üçün həmin oyuncaq alınır. Gələcəkdə isə öz istədiklərinin təsdiqini sosial şəbəkədə axtarmağa başlayırlar.
- Valideynlər oyuncaqlar seçərkən nələrə diqqət etməlidirlər ki, bu seçimlər gələcəkdə problem yaratmasın?
Valideyn olaraq biz uşağa bu oyuncağı doğrudan istəyib-istəmədiyini soruşmalıyıq. Trendin əslində onun həyatı ilə əlaqəsi olub-olmadığını başa salmalıyıq. ‘Hər trend, hər gördüyün sənin üçün deyil’, – bunu anlatmalıyıq. Hər kəs hər şeyi edirsə, sən də edəcəksən demək deyil. Uşaq bilməlidir ki, o bir fərddir və fikri önəmlidir. Ona başa salmalıyıq ki, bu oyuncaqlar nə ötürür? Qəzəbmi? Mənlikmi? Hansı mesajı verir? Yaşına uyğun oyuncaq seçmək lazımdır. Əgər uşaq israr edirsə ki, ‘mən bunu istəyirəm’, o zaman ona alternativlər təqdim edilməlidir. Biz deməliyik: ‘Gəlin, sənin üçün uyğun olanı alaq, sən sevdiyini seç’. Beləliklə, gələcəkdə uşaq öz obrazını özü formalaşdıracaq.
"Labubu" tipli oyuncaqlarla bağlı biz övladlarımızla mütləq ünsiyyət qurmalıyıq. Onlar nəyə görə maraq göstərir? Nə üçün maraqlanır? Bu sualların cavabını tapmaq vacibdir. Valideyn mütləq şəkildə müşahidə etməli və nəyin uşağın diqqətini çəkdiyini izləməlidir.
Asiman Vəliyeva
