Osmanlı imperiyasının ən çətin və ziddiyyətli dövrlərindən birində taxta çıxan II Mahmud hakimiyyətə gələr-gəlməz islahatlara başladı və imperiyanı köklü şəkildə yenidən qurmağa çalışıb. Lakin həyata keçirdiyi qərarlar və atdığı addımlar cəmiyyətdə birmənalı qarşılanmayıb. O geyim tərzindən, hərbi sistemdəki dini struktura qədər bir sıra dəyişikliklər edib və bu bəzi təbəqələrin ciddi narazılığına səbəb olub. Nəticədə xalq tərəfindən II Mahmud "Gavur Padşah" kimi haqsız bir ləqəblə yad edilməyə başlanılıb.

II Mahmudun həyata keçirdiyi islahatlar dövlətin strukturunu əsaslı şəkildə dəyişdirib. Xüsusilə, Yeniçəri ordusunu ləğv etməsi və onun yerinə Asakir-i Mənsurə-i Mühəmmədiye adlı yeni bir nizami ordunun yaradılması Osmanlı hərb sisteminin modernləşdirilməsi yolunda atılan mühüm addım idi. Bu yeni ordu üçün məscidlər tikilib, rəsmi imamlar təyin olundu və dini tənzimləmələr yenidən müəyyənləşdirilib.
Lakin onun islahatları, xüsusilə də, geyimlə bağlı dəyişikliklər ənənəvi dəyərlərə zidd olduğu üçün geniş etirazlara səbəb olub. Avropa üslubunda fəs, pencək və şalvarın məcburi tətbiqi əhali tərəfindən mənfi qarşılanıb. Hətta hərbi hissələrə rəsmi geyimli imamların təyin olunması belə "bidət" kimi qiymətləndirilib. Bəzi çevrələr II Mahmudun dini dəyərlərə arxa çevirdiyini və qərbləşdiyini iddia edib. Halbuki o , əksinə, dini həyatın daha nizamlı və mərkəzləşdirilən şəkildə tənzimlənməsini qarşısına məqsəd qoyub. Lakin bu mesaj cəmiyyətə çatdırıla bilməyib.
Yeniçərilər dövründə ordu səfərə çıxarkən əsgərlər öz ciblərindən pul yığıb, təsadüfi imamlar kirayələyirdilər. Bu isə ordu daxilində dini təriqətlərin çoxalmasına və nəzarətsizliyə səbəb olub. Hətta bəzi heterodoks din adamlarının orduya təsiri nəticəsində daxili qarşıdurmalar da baş verib. II Mahmud bu nizamsızlığı aradan qaldırmağı qarşısına məqsəd qoyub.
Yeni sistemlə hərbi hissələrdə məscidlər inşa olunub, rəsmi imamlar təyin edildi və bu şəxslərə vahid forma verilib. İmamların vəzifəsi yalnız ibadətləri icra etməklə məhdudlaşmırdı – onlar həm də əsgərlərə mənəvi dəstək verməli, savadsızlara oxuyub-yazmağı öyrətməli və əsas dini bilikləri aşılamalı idilər. Lakin bu vəzifənin şərtləri ağır, əməkhaqqısı isə kifayət qədər aşağı idi. Bu səbəbdən gənc din xadimləri bu sahəyə maraq göstərmirdi. Zamanla hərbi imamların təsir gücü zəiflədi. Ancaq II Mahmudun məqsədi dini arxa plana keçirmək yox, onu mərkəzi idarəyə tabe etdirmək idi.
Əslində II Mahmud olduqca dindar bir padşah idi. O Osmanlı cəmiyyətində dini biliklərin yetərsiz olduğunu düşünüb və bu cahilliyi aradan qaldırmağa çalışıb. Lakin onun zahiri görkəmə və geyimə yönəlmiş islahatları bu məqsədi kölgədə qoyub. Avropa üslubunda tətbiq olunan geyim formaları isə onu "qərbyönlü" göstərən əsas səbəblərdən biri olub.
O saqqal uzunluğundan bığ formasına qədər müəyyən qaydalar qoydu, ənənəvi mehteran musiqisini ləğv edib onun əvəzinə qərb üslubunda bando sistemini gətirib. Xarici nümayəndəliklərdə portretlərini asdırıb, dövlət mətbuatını yaradıb. Bütün bunlar xalqın bir hissəsi tərəfindən "qeyri-müsəlmanlara meyil" kimi qavranılsa da, əslində dövrün zərurətindən irəli gələn addımlar idi. Dövlətin varlığını davam etdirməsi üçün bu cür sərt, lakin strateji qərarların qəbul edilməsi qaçılmaz idi.
II Mahmud islahatlarını səssiz şəkildə həyata keçirmirdi, o mətbuatı fəal şəkildə istifadə edir, təbliğat aparır və cəmiyyətlə birbaşa təmas qurub. Lakin xüsusilə kənd yerlərində və mühafizəkar təbəqələr arasında onun addımları həmişə şübhə ilə qarşılanıb. Onu Qərbə kor-koranə heyranlıq bəsləyən bir şəxs kimi görənlər çox idi. Halbuki onun yeganə məqsədi Osmanlının dağılmasının qarşısını almaq və imperiyanı müasirləşdirmək idi. Həyatını dövlətin xilası üçün sərf edən II Mahmud, təəssüf ki, yanlış anlaşılmaların qurbanı kimi tarixə düşüb.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
