Bu gün:

“Mənə süni intellektin yaratdığı problemləri düzəltmək üçün pul verilir”


Texnologiya və startap şirkətləri üçün yazılar hazırlayan məhsul marketinqi meneceri Sara Skidd deyir ki, süni intellekt ona əlavə qazanc gətirir.

May ayında Skidd bir məzmun agentliyi tərəfindən bir mehmanxana müştərisi üçün generativ süni intellektlə yazılmış vebsayt mətnlərini təcili şəkildə yenidən işləməyə dəvət edilib.

Əvvəlcə pul qənaəti məqsədilə istifadə olunan süni intellekt, əksinə, bir çox problemlər yaradıb. Skidd deyir ki, mətndə tipik AI yazılarına xas xüsusiyyətlər var idi – çox sadə və maraqsız idi. Məqsəd həm satış, həm də maraq yaratmaq idi, amma nəticədə ortaya çıxan mətn çox “sıradan” və effektiz olub.

Skidd həmin mətnləri yenidən yazmaq üçün təxminən 20 saat vaxt sərf edib və saatına 100 dollar alıb. O bildirir ki, kiçik düzəlişlər əvəzinə hər şeyi başdan yazmalı olub.

Arizonada yaşayan Skidd şirkətlərin ChatGPT kimi süni intellektlərə üstünlük verməsindən narahat deyil. O düşünür ki, əgər yazıçı peşəkardırsa, iş tapa bilməmək qorxusu yoxdur. Hazırda bəzi yazıçıların əsas işi süni intellektin yaratdığı mətnləri düzəltməkdən ibarətdir. Onunla əlaqə saxlayan bir nəfər bu işlərin onun ümumi iş yükünün 90 faizini təşkil etdiyini deyib. Skidd bildirir ki, bu sahədə qazanc əldə edən tək o deyil.

O süni intellektə qarşı deyil və bunun faydalı bir vasitə ola biləcəyinə inanır. Onun həyat yoldaşı və oğlu disleksiyadan əziyyət çəkir və yazmaq onlar üçün çətindir. O, yazmağa kömək edən texnologiyaların həyat dəyişdirə biləcəyini düşünür.

Son illərdə generativ süni intellektin inkişafı nəticəsində bir çox müəssisələr OpenAI-nin ChatGPT və Google Gemini kimi sistemlərə yönəlib, işlərini daha sürətli və sərfəli şəkildə aparmaq istəyirlər.

Britaniyada aparılan bir araşdırmaya görə, kiçik müəssisələrin 35 faizi yaxın iki il ərzində AI istifadəsini artırmaq niyyətindədir. Satışlarını sürətlə artırmaq istəyən müəssisələr arasında bu rəqəm 60 faizə qədər yüksəlir.

Amma bəzi şirkətlər bu texnologiyaya tələsik və hazırlıqsız şəkildə yanaşır və nəticədə, Sara Skiddin təcrübəsində olduğu kimi, əlavə iş və xərc yaranır.

Britaniyanın Hampshire bölgəsində yerləşən Create Designs rəqəmsal marketinq agentliyinin ortağı Sofi Varner deyir ki, son altı-səkkiz ayda onların müştərilərindən süni intellektlə bağlı problemləri həll etmək üçün daha çox müraciətlər daxil olub.

Varner bildirir ki, əvvəllər müştərilər saytlarında texniki problem olduqda və ya yeni funksiyalar əlavə etmək istədikdə onlara müraciət edirdilər. İndi isə ilk olaraq ChatGPT-yə üz tuturlar.

O bildirir ki, bəzi müştərilər ChatGPT-nin təklif etdiyi kodları saytlarına əlavə edirlər və bu da saytın çökməsi və təhlükəsizlik zəifliklərinə səbəb olur. Bir müştəri tədbir səhifəsini əl ilə yeniləmək əvəzinə, ChatGPT-dən təlimat istəyib. Bu səhv onlara təxminən 360 funt sterlinqə başa gəlib və saytları üç gün bağlı qalıb.

Bu hallar təkcə kiçik müəssisələrdə deyil, daha iri müştərilər arasında da baş verir. Varner deyir ki, onlar artıq müştərilərə süni intellekt istifadəsinin nəticələri barədə daha çox məlumat verməyə çalışırlar. Bəzən nəyin səhv getdiyini araşdırmaq üçün ayrıca xidmət haqqı da almaq lazım olur, çünki müştərilər problemi etiraf etmirlər. Əgər işin əvvəlində peşəkar dəstək alınsaydı, bu səhvlərdən qaçmaq olardı.

Bayes Biznes Məktəbinin tədqiqat və innovasiya üzrə dekan müavini professor Fenq Li deyir ki, bəzi şirkətlər süni intellektin imkanları barədə həddindən artıq nikbindirlər. O bildirir ki, AI bəzən uydurma və mövzuya aidiyyəti olmayan məzmun yarada bilir. Bu səbəbdən insan nəzarəti zəruridir. O qeyd edir ki, bəzi şirkətlər aşağı keyfiyyətli məzmun hazırlayır və ya səhv kodlar səbəbindən əsas sistemləri çökdürürlər. Bu cür yanlış istifadə brendin imicinə zərər verə və gözlənilməz xərclər doğura bilər. Nəticədə isə mütəxəssislərin müdaxiləsinə ehtiyac yaranır.

Hindistanın Qucarat bölgəsində yaşayan kopirayter Kaşiş Barot isə ABŞ-da yerləşən müştərilərin sifarişi ilə süni intellekt tərəfindən yazılmış mətnləri redaktə edir, onları daha insan kimi səslənən bir formaya salır və AI-ə xas cümlə quruluşlarını aradan qaldırır. Onun sözlərinə görə, məzmun çox zaman zəif olur, amma müştərilər süni intellektin sürətinə öyrəşiblər və bu da real olmayan gözləntilər yaradır. Barot bildirir ki, AI insanlara yazının sadəcə bir neçə dəqiqəyə hazırlanacağını düşündürür, lakin yaxşı redaktə və yazı düşüncə və incəlik tələb edir, süni intellekt isə bu incəlikləri başa düşmür.

Professor Li qeyd edir ki, süni intellekt ətrafındakı “həyəcan” dalğası bir çox şirkəti aydın məqsəd, uyğun infrastruktur və texnologiyanın real imkanlarını nəzərə almadan eksperimentlərə sövq edib. Onun fikrincə, şirkətlər əvvəlcə öz məlumat sistemlərini, idarəetmə mexanizmlərini və texniki imkanlarını dəyərləndirməlidirlər. Əks halda, hazır alətlərə kor-koranə güvənmək zəif nəticələr doğura bilər.

OpenAI bildirir ki, ChatGPT müxtəlif tapşırıqlar üçün istifadə oluna bilər, amma nəticələr istifadə olunan modelə, istifadəçinin təcrübəsinə və yazılan promptların keyfiyyətinə görə dəyişə bilər. Şirkət onu da qeyd edir ki, ChatGPT-nin bir neçə versiyası mövcuddur və hər biri fərqli imkanlara malikdir.

Sofi Varner AI-nin gələcəkdə sürətlə inkişaf edəcəyi halda bunun təhlükəli olub-olmayacağı barədə suala həm bəli, həm də xeyr cavabı verir. Onun fikrincə, süni intellekt tez və ucuz bir həll kimi görünsə də, brendin özünəməxsus kimliyi, hədəf auditoriyası və satış yönümlü dizayn kimi vacib amilləri nəzərə almır. Nəticədə ortaya çıxan mətnlər çox zaman ümumi görünür və brendin imicinə zərər verə bilər.

O bildirir ki, AI faydalı bir alət ola bilər, amma insan təcrübəsini və konteksti əvəz edə bilməz.

Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et