Xoşbəxt münasibətlər gündəlik xırda detallarda gizlənir, alimlər belə deyirlər.

ABŞ-ın Pensilvaniya Universitetinin psixoloqları bir aylıq araşdırma zamanı müəyyən ediblər ki, başqalarına sevgi göstərmək bizdə sanki özümüz də sevilirikmiş kimi bir hiss yaradır. Bunun üçün nəhəng jestlərə ehtiyac yoxdur — kifayət edir ki, qayğını kiçik, lakin mütəmadi şəkildə göstərək. Araşdırmanın nəticələri PLOS One jurnalında dərc olunub.
Eksperimentdə 52 nəfər iştirak edib. Onlar gündə altı dəfə iki sadə suala cavab veriblər: həmin anda nə dərəcədə sevilmiş hiss edirlər və son sorğudan bu vaxta qədər başqalarına nə qədər sevgi göstəriblər. Nəticələr təəccüblü bir qanunauyğunluğu üzə çıxarıb: iştirakçılar sevgi göstərdikdə (məsələn, isti sözlər deyəndə, yaxınlarını qucaqlayanda, kiməsə kömək edəndə), “mən sevilirəm” hissi onlarda nəzərəçarpacaq dərəcədə güclənib. Maraqlıdır ki, əks təsir müşahidə olunmayıb — insanlar sevgi aldıqda belə, onu cavab olaraq göstərməyə hər zaman meyilli olmayıblar.
Ən vacib məqam odur ki, “mən sevilirəm” hissi sevgi göstərmə xatirələrindən daha uzun müddət yadda qalır. Bu da izah edir ki, özünü daha çox sevilmiş hiss edən iştirakçılar ümumilikdə həyatlarını daha uğurlu və xoşbəxt hesab ediblər. Onlar stresslə daha yaxşı mübarizə aparıb, daha çox razılıq və psixoloji rahatlıq hiss ediblər.
Psixoloqlar sadə, amma təsirli bir formul təklif edirlər: nə qədər çox sevgi göstərsək, özümüz də bir o qədər xoşbəxt olarıq. Bu zaman dərhal cavab gözləməyə dəyməz — müsbət təsir istənilən halda baş verəcək. Bu kəşf münasibətlərin yaxşılaşdırılması, tənha hissindən qurtulmaq və ümumi həyat məmnuniyyətini artırmaq üçün yeni psixoloji metodikaların əsasını təşkil edə bilər.
Mənbə: naukatv
Tərcümə etdi: Fatimə Umarbəy
