Ailələrdə uşaqlar arasında daim müqayisələr aparılır: birinci uşaqlar adətən məsuliyyətli, ortancıl olanlar uyğunlaşan, ən kiçiklər isə sərbəst ruhlu kimi xarakterizə olunur. Bəs bu həqiqətən ümumiləşdirilə bilən bir qanundurmu? Yalnız uşaqların eqoist hesab olunmasının səbəbi nədir? Araşdırmalar bu suala dəqiq cavab verə bilməsə də, mövzunun düşündüyümüzdən daha mürəkkəb olduğunu göstərir.

Uşaqların doğum sırasının şəxsiyyətin formalaşmasına təsir etdiyi fikri uzun illərdir psixoloqların və valideynlərin maraq dairəsindədir. Lakin elmi tədqiqatlar bu sahədə təəccüblü dərəcədə ziddiyyətli nəticələr ortaya qoyur. Bunun əsas səbəblərindən biri bu təsirin ölçülməsinin çətinliyidir. Çünki bir çox araşdırma ya çox kiçik nümunə qrupları ilə aparılır, ya da iştirakçıların özünüqiymətləndirməsinə əsaslanır ki, bu da nəticələrin etibarlılığını azaldır.
Bundan əlavə, hər bir ailənin strukturu, övlad sayı, sosial-iqtisadi vəziyyəti və mədəni dəyərləri fərqli olduğuna görə, doğum sırasının hamıda eyni təsiri yaratması mümkün deyil. Məsələn, iki uşaqlı ailədə ilk uşaq olmaqla, yeddi uşaqlı ailədə ilk uşaq olmaq tamam fərqli təcrübələrdir. Bu səbəbdən tədqiqatçılar hesab edirlər ki, doğum sırasının şəxsiyyətə təsiri universal deyil, daha çox ailənin daxili dinamikalarından asılıdır.
Alimlərin daha çox razılaşdığı məqam isə doğum sırasının intellekt göstəricilərinə, xüsusilə də IQ testlərinə təsiridir. Genişmiqyaslı araşdırmalar göstərir ki, ilk uşaqlar adətən zəka testlərində daha yüksək nəticə əldə edirlər. Lakin bu fərq düşündüyümüz qədər böyük deyil və əsasən verbal (nitq) zəka testlərində üzə çıxır. Bu isə ilk uşağın ailədə böyüklərlə daha çox vaxt keçirməsi və erkən yaşda daha çox intellektual stimulla qarşılaşması ilə izah olunur.
Ailəyə daha kiçik uşaqlar qatıldıqda isə valideyn diqqəti və vaxtı bölünür. Beləliklə, burada məsələ genetik deyil, ətraf mühitlə bağlı olur. Hətta bəzi araşdırmalara görə, böyük uşaqlar kiçik bacı-qardaşlarına nəsə öyrədərkən daha çox zehni səy göstərir və bu da onların öyrənməsini möhkəmləndirir. Lakin bu nəticələr bütün cəmiyyətlər üçün ümumi qəbul edilə bilməz.
Şəxsiyyət psixologiyasında qəbul edilən beş əsas faktor: ekstraversiya (dışa dönüklük), uyğunlaşma, məsuliyyətlilik, emosional sabitlik və yeniliyə açıqlıq üzrə aparılan son araşdırmalar doğum sırasının bu xüsusiyyətlərə ümumi və davamlı təsir göstərmədiyini ortaya qoyur. Yəni, birinci uşaq həmişə daha məsuliyyətli, ortancıl daha barışıqcıll, ən kiçik isə daha rahat olacaq deyə bir qayda yoxdur.
Lakin bəzi mədəni və ailəvi amillər bu təsəvvürləri gücləndirə bilər. Məsələn, bəzi cəmiyyətlərdə ilk uşağın daha çox məsuliyyət daşıması gözlənilir. Bu səbəbdən ilk doğulan qızlarda "böyük bacı sindromu" adlandırılan davranış nümunələri müşahidə oluna bilər.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
