Hubble nadir, mərkəzdənkənar qara dəliyin ulduzu parçalamasını müşahidə edib.
NASA teleskoplarından istifadə edən astronomlar elm fantastikasına bənzəyən dramatik bir kəşf ediblər: “Kosmik çənə” (Space Jaws) adlandırılan gizli bir qara dəlik.
Yerin 600 milyon işıq ili uzaqlığında yerləşən bu nəhəng və görünməz qara dəlik ulduzlararası boşluqda yerləşir və ona yaxınlaşan ulduzları səssizcə udur. Onun varlığı bir ulduzun parçalanaraq udulması ilə müşayiət olunan və güclü radiasiya buraxan cazibə parçalaması hadisəsi (TDE) vasitəsilə üzə çıxıb. Bu cür hadisələr qara dəliklərin davranışlarını daha yaxşı anlamağa imkan verir və həmin anlarda yaranan enerjili axınlar və küləklər haqqında dəyərli məlumatlar təqdim edir. Bu zorakı qarşılaşmalar teleskoplarda parlaq işıq partlayışları kimi görünür.
Yeni müşahidə edilən AT2024tvd adlı TDE sayəsində alimlər NASA-nın Hubble Kosmik Teleskopunun məlumatları ilə gəzən bir superkütləli qara dəliyi müəyyən ediblər. NASA-nın Chandra rentgen rəsədxanası və NRAO-nun Böyük anten sistemi də qara dəliyin qalaktikanın mərkəzindən kənarda yerləşdiyini təsdiqləyib. Kəşfə dair elmi məqalə “Astrophysical Journal Letters” jurnalında dərc olunub.
Təəccüblüdür ki, bu qara dəlik - Günəşin kütləsinin bir milyon qatına malikdir - adətən olduğu kimi qalaktikanın mərkəzində yox, ondan kənarda yerləşir. Bu günə qədər aparılan optik səma müşahidələrində 100-ə yaxın TDE müşahidə olunub, lakin bu, qara dəliyin qalaktika mərkəzindən kənarda olduğu ilk hadisədir. Bütün digər TDE-lər qalaktika mərkəzindəki qara dəliklərlə əlaqələndirilib.

Qalaktikanın mərkəzində isə daha iri - 100 milyon Günəş kütləsində superkütləli qara dəlik yerləşir. Hubble-un dəqiq görüntüləmə qabiliyyəti sayəsində alimlər müəyyən ediblər ki, TDE həmin böyük qara dəlikdən təxminən 2.600 işıq ili uzaqlıqda baş verib. Bu məsafə Günəşlə Süd Yolu qalaktikasının mərkəzi arasındakı məsafənin onda biri qədərdir. Bu böyük qara dəlik aktiv qalaktik nüvə sayılır, çünki ətraf qazı udarkən enerji buraxır. Hər iki qara dəlik eyni qalaktikada olsa da, onlar bir-birilə qravitasiya ilə bağlı deyillər. Kiçik qara dəlik gələcəkdə mərkəzə yaxınlaşaraq böyük qara dəliklə birləşə bilər, lakin hələlik aralarında əlaqə yoxdur.
TDE zamanı ulduz qara dəliyin güclü cazibə qüvvəsi ilə parçalanır və qalıqları qara dəliyin ətrafında fırlanmağa başlayır. Bu zaman yüksək temperaturda zərbələr və enerji axınları yaranır və bu işıqlar teleskoplarla görünür.

Berkeley Universitetindən araşdırmanın aparıcı müəllifi Yuhan Yao bildirib: “AT2024tvd optik səma müşahidələrində aşkarlanmış ilk mərkəzdənkənar TDE-dir. Bu kəşf, gələcək müşahidələrlə bu cür ‘gəzən’ qara dəliklərin tapılmasının mümkün olduğunu göstərir.”
Bu qara dəlik yerdəki teleskoplar tərəfindən ulduz partlayışına bənzər güclü işıq alışması ilə üzə çıxıb. Lakin supernovadan fərqli olaraq, bu alışmanın temperaturu çox yüksək olub və onun spektrində hidrogen, helium, karbon, azot və silisium elementləri aşkarlanıb. Bu isə qara dəliyin ulduzu udduğunu göstərib.
Zwicky Transient Facility (ZTF) bu hadisəni ilk müşahidə edən teleskop olub. Palomar rəsədxanasında yerləşən bu teleskop hər iki gündən bir bütün şimal səmasını müşahidə edir. Müşahidələr göstərib ki, alışma qalaktika mərkəzindən kənarda baş verib. Daha dəqiq nəticə əldə etmək üçün Yao və komandası NASA-nın Chandra rentgen teleskopundan istifadə edib və oradan gələn rentgen şüalarının da mərkəzdən kənar olduğunu təsdiqləyib. Nəticədə, Hubble-un ultrabənövşəyi işığa həssaslığı bu hadisənin dəqiq yerini müəyyən etməyə imkan verib.

Qara dəliyin necə mərkəzdən uzaqlaşdığı dəqiq bilinmir. Alimlər ehtimal edir ki, o, əvvəl üçlü qara dəlik qarşılaşmasında mərkəzdən “itələnmiş” ola bilər. Alternativ versiyaya görə, bu qara dəlik milyard il əvvəl bu qalaktika ilə birləşmiş kiçik bir qalaktikanın qalığıdır. Hələ ki, onun gələcəkdə mərkəzə doğru hərəkət edib-etməyəcəyi məlum deyil.
Berkeley Universitetindən araşdırmaçı Erika Hammerstein Hubble görüntülərini təhlil etsə də, keçmiş bir qalaktika birləşməsi izlərinə rast gəlməyib. O qeyd edib ki, qalaktikaların birləşməsi TDE hallarının artmasına səbəb ola bilər və bu qalaktikada ikinci qara dəliyin mövcudluğu, keçmişdə belə bir birləşmənin baş verdiyinə işarə edir.
Bu cür qısaömürlü hadisələri daha dəqiq izləmək üçün Hubble və Chandra kimi teleskoplar birgə işləyir. Gələcəkdə istifadəyə veriləcək NASA-nın Nancy Grace Roman Kosmik Teleskopu və Milli Elm Fondunun Vera C. Rubin Rəsədxanası da bu cür hadisələri izləməyə yönəldiləcək.
Mənbə: stidechdaily
Tərcümə etdi: Aysu Əsgərzadə
