Mütəxəssislərin fikrincə, yadplanetlilərin eyni anda bir çox nöqtəyə hücum etməsi ehtimalı ilk günlərdə xaos və anlaşılmazlıq yaradacaq. Dövlətlər və hərbi strukturlar bu tip hücuma əvvəlcədən hazır olmadıqları üçün ilkin mərhələdə ciddi cavab verə bilməyəcəklər. Əsasən böyük şəhərlərdə insan tələfatı və panika daha çox hiss olunacaq.
Filmdə göstərildiyi kimi, yadplanetlilərin səsə reaksiya verməsi və son dərəcə sürətli hərəkət etməsi onların ilk mərhələdə ciddi qırğınlar törətməsinə səbəb ola bilər. Bu da deməyə əsas verir ki, əhalinin böyük hissəsi hələ vəziyyəti anlayana qədər həyatını itirəcək.
İstila halında ən kritik sahələrdən biri də informasiya və rabitə sistemi olacaq. İstənilən fövqəladə vəziyyətdə operativ əlaqə həyati əhəmiyyət daşıyır. Lakin yadplanetli hücumları zamanı telekommunikasiya şəbəkələri və enerji təchizatı sıradan çıxarsa, bu, ümumi çöküşə yol açacaq.
Ərzaq, içməli su və dərman təminatı kimi sahələrdə yaranacaq çatışmazlıqlar insanları daha çətin vəziyyətə salacaq. Bunun ardınca isə daxili iğtişaşlar və resurs uğrunda mübarizələr qaçılmaz olacaq. Çox sayda insanın ölümü səbəbindən sürətlə yayılan yoluxucu xəstəliklər vəziyyəti bir qədər də ağırlaşdıracaq.
Əgər yadplanetlilər ulduzlararası məsafəni qət edib Yerə qədər gəlməyi bacarırlarsa, deməli, texnoloji baxımdan bəşəriyyətdən qat-qat üstündürlər. Bu isə bizim hərbi imkanlarımızın onlara qarşı yetərsiz qalacağını göstərir. Hətta yadplanetlilərin gətirdiyi mikroorqanizmlər belə bizim üçün ölümcül ola bilər.
Bəşəriyyət necə xilas ola bilər?
Analitiklər hesab edir ki, insanlığın sağ qalma ehtimalı yalnız bir neçə amildən asılı olacaq: sürətli uyğunlaşma qabiliyyəti, yadplanetlilərin zəif cəhətlərinin aşkarlanması və resursların effektiv idarə olunması. Lakin bu da az sayda insanın sağ qalması ilə mümkün ola bilər.
Orta və uzun müddətli proqnozlara görə, əgər bəşəriyyət yadplanetlilərə qarşı istifadə oluna biləcək texnologiya və strategiya hazırlaya bilsə, 50 ildən sonra müəyyən taktiki üstünlük əldə etmək mümkündür. Amma bu, artıq dünyanı tamamilə geri almaqdan çox, sağ qalma mübarizəsi olacaq.
Nəticə olaraq, yadplanetli istilası ssenarisi nə qədər elmi-fantastik görünsə də, bu kimi filmlər insanoğlunun qlobal fövqəladə vəziyyətlərə hazırlıq dərəcəsini düşündürməyə vadar edir. Hərbi, texnoloji və sosial strukturların bu kimi risklərə qarşı daha dayanıqlı olması artıq yalnız ehtimal deyil, eyni zamanda strateji zərurət kimi qəbul olunmalıdır.
Tərcümə etdi: Mina Yadigarlı
Mənbə: Buzzfeed
