Bu gün:

Van Qoqun Günəbaxanları nəyi simvolizə edir?


 Vincent van Qoqu düşündükdə insanların ağlına dərhal onun cəsarətlə işlənən və narıncı-sarı tonlarda olan günəbaxanları gəlir. Bu, onun özü üçün də istədiyi bir tanınma idi. “Günəbaxan mənimdir” – deyə o yazıb, bu çiçəklə ictimai şəkildə əlaqələndirilmək istəyini ortaya qoyaraq. Bu bitki onun üçün dərin bir məna daşıyıb. Bəs görəsən Van Qoq sevimli Helianthus annuus ilə nəyi simvolizə etmək istəyib?

London Milli Qalereyasındakı “Günəbaxanlar” onun “Ulduzlu Gecə” ilə yanaşı, ən çox tanınan əsəridir. Ancaq Van Qoq ümumilikdə günəbaxanlara həsr olunan 11 tablo çəkib. Bu əsərlər üç yaradıcı dövrdə meydana çıxıb: 1887-ci ildə Parisdə dörd, 1888-ci ildə Arldə dörd, 1889-cu ildə isə əvvəlki kompozisiyaların üç surəti. Ən məşhur versiyalar 1888-ci ildə, sənətçinin böyük inam və coşqu içində olduğu bir dövrdə yaranıb. Amma məktublarında o, heç vaxt günəbaxanların onun üçün nə mənaya gəldiyini tam açıq şəkildə izah etməyib. Bir tərəfdən bu əsərlər rənglərin, xüsusilə, sarının fərqli tonlarının bir-biri ilə uyğunluğunu sınamaq üçün vasitə idi. Digər tərəfdən, bu tablolar Van Qoqun Paul Qoqen ilə birgə yaşayacağı evi bəzəmək üçün nəzərdə tutulub. Qoqen Van Qoqun əvvəlki günəbaxan əsərlərini bəyənib və ola bilər ki, bu çiçəklər sənətçinin dostluq və həmrəylik ümidlərini təmsil edib. Lakin bu arzular da, sənət dünyasında qəbul olunmaq istəyi kimi, həyata keçməyib. Qoqen iki aydan sonra onu tərk edib, Van Qoq isə 37 yaşında və əsərlərinin çoxunu sata bilmədən dünyadan köçüb. Lakin onun “Günəbaxanlar” tabloları 20-ci əsrin əvvəllərində sənət avanqardı arasında kult statusu qazanıb. 1920-ci ildə yazıçı Ketrin Mensfild “günəşlə dolub-daşan sarı çiçəklərin” onun yaradıcılıq ruhunu oyatdığını yazıb. 1923-cü ildə tənqidçi Rocer Fray bu əsəri Van Qoqun “şövq və həyati güc” dolu ifadəsi kimi xarakterizə edib. Zaman keçdikcə əsər ümumi ictimaiyyət tərəfindən də qəbul olunub və Van Qoq tarixdəki ən tanınan və təsirli rəssamlardan birinə çevrilib. 

Van Qoqun sənətə təsiri bu gün də davam edir. London Kral Akademiyasının “Kiefer/Van Gogh” adlı sərgisi onun çağdaş sənətçi Anselm Kiefer-ə təsirini araşdırır. Sərginin əsas əsərlərindən biri Danae adlanan heykəldir, kitablar üzərindən çıxan bir günəbaxan. Digər əsərdə isə günəbaxan insan bədənindən çıxır. Bu əsərlər həm Kiefer-in motivə olan marağını, həm də bu çiçəyin onun və Van Qoqun sənətindəki simvolik dəyərini vurğulayır. Sərginin kuratoru Julien Domercq deyir ki, “Van Qoq üçün günəbaxan cənubun simvolu idi”. O, Parisdən Provansa köçdüyü dövrü xatırladır. Van Qoq gəncliyində incəsənət taciri kimi işləyib və sənət tarixini yaxşı bilib. Onun günəbaxan təsvirlərində holland ənənəsi hiss olunur: çiçəklərin bəziləri hələ də günə baxır, digərləri isə artıq solmağa və qaralmağa başlayır. Bu isə vaxtın keçişinə bir meditasiya kimidir. Kiefer də oxşar məna daşıyır: həyat dövranı, işığa baxan bir bitki, insan varlığının simvolu. Simvolizm ideyaların və mənaların zamanla inkişafı ilə izah oluna bilər. Günəbaxanlar bu baxımdan nisbətən yeni simvollardandır. Onlar Amerikaya məxsusdur və 16-cı əsrdə Kolumbun kəşfləri ilə Avropaya gətirilib. Avropada becərildikdən sonra günə doğru hərəkət edən bu çiçəyin – heliotropizm xüsusiyyəti onun simvolik mənasını formalaşıb.

1568-ci ildə botanik Giacomo Antonio Cortuso günəbaxanı qədim mifoloji obraz Apollona vurulan Klytiyə ilə əlaqələndirib. Klyti günəşi seyr edə-edə yerə köklənib çiçəyə çevrilib. Bu əfsanə ilə günəbaxan sənətdə sadiq eşqin simvoluna çevrilib. Maria van Oosterwyck-in “Bəzəkli Vazadakı Güllər” (1670–75) əsərində günəbaxan və qərənfil bir-birinə baxır, bəlkə də bu qadının evliliyini simvolizə edir. Bartholomeus Van der Helst-in “Günəbaxan Tutmuş Gənc Qadın” (1670) əsərində də bu çiçək romantik bağlılıq simvoludur. Eyni zamanda dini sədaqəti də simvolizə edib. Anthony van Dyck-in “Misirdən Qaçışda İstirahət” (1632) əsərində günəbaxan Məryəmin yerə və göyə vasitəçi olmasını ifadə edir. 1654-cü ildə holland şairi Joost van den Vondel yazıb ki, günəbaxan sənətin simvoludur: necə ki, günəbaxan günəşi izləyir, rəssamlıq da təbiətin gözəlliyini izləyir. Van Dyck-in “Günəbaxanlı Avtoportreti”ndə o, özünü bu çiçəklə müqayisə edir.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et