Bu gün:

Yaponiya öz ərazisində ilk dəfə gəmi əleyhinə raket sınağını keçirib


Yaponiya öz ərazisində ilk gəmi əleyhinə raket sınağını keçirərək müdafiə qabiliyyətinin artırılması istiqamətində mühüm addım atıb. Yaponiya Özünümüdafiə Qüvvələrinin verdiyi açıqlamaya görə, uğurlu sınaq ölkənin artan regional təhlükələrə qarşı çəkindirmə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.


Miyakojima adası yaxınlığında keçirilən sınaqda yeni hazırlanmış qurudan dənizə raket sistemindən istifadə edilib. Yaponiya Müdafiə Nazirliyi raketin təyin olunmuş hədəfi tam dəqiqliklə vurduğunu və sınağın “əməliyyat uğuru” ilə tamamlandığını açıqlayıb. Müdafiə naziri Taro Nakayama sınaqla bağlı bu açıqlamanı verib:

"Bu sınaq Yaponiyanın dinc müdafiə strategiyasının bir hissəsidir. Məqsədimiz ətrafımızdakı təhlükəsizlik mühitinə uyğun olaraq çəkindirici və effektiv müdafiə qabiliyyətini inkişaf etdirməkdir".

Bu günə qədər Yaponiya müttəfiq ölkələrlə birgə təlimlərdə əsasən gəmi əleyhinə raketlərdən istifadə edib, lakin adətən öz ərazisindən kənarda belə sınaqlar keçirib. Bu sınaq ölkə sərhədləri daxilində yerli istehsal edilən ilk gəmi əleyhinə raket buraxılışı olduğu üçün tarixi bir mərhələ hesab olunur.


Çin və Şimali Koreyaya mesaj?

Ekspertlərin fikrincə, bu addım Şərqi Çin dənizində artan gərginlik və Şimali Koreyanın davam edən raket sınaqları nəzərə alınmaqla regional tarazlıq üçün strateji mesaj xarakteri daşıyır. Tokio Universitetinin Beynəlxalq Təhlükəsizlik Mütəxəssisi Prof. Hiroşi Tanaka belə bir qiymətləndirmə edib : “Bu sınaq təkcə texnoloji nümayiş deyil, həm də Yaponiyanın passiv müdafiədən aktiv çəkindirmə sisteminə keçidinin simvoludur”.


Daxili müdafiə sənayesi gücləndirilir

Bildirilib ki, istifadə edilən raket “Mitsubishi Heavy Industries” tərəfindən hazırlanıb və Yaponiya müdafiə sənayesinin artan imkanlarını əks etdirir. Raketin mənzili, növü və texniki detalları ictimaiyyətlə paylaşılmasa da, səlahiyyətlilər sistemin tamamilə yerli istehsal olduğunu vurğulayıblar.


Yaponiyanın bu addımı təkcə milli təhlükəsizlik baxımından deyil, həm də Hind-Sakit okean regionunda ümumi təhlükəsizlik dinamikası baxımından diqqətlə izlənilir. ABŞ, Çin, Cənubi Koreya və Avstraliya kimi aktyorların necə reaksiya verəcəyi maraqla gözlənilir.


Mənbə: Euronews

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et