Bu gün:

Ma Rainey və queer mədəniyyəti


 1925-ci ildə bir gecə, Çikaqodakı bir mənzildə keçirilən ziyafət polis tərəfindən dağıdılıb. İçki qadağası dövründə belə basqınlar adi hal olub, lakin bu dəfə vəziyyət fərqli idi: bütün iştirakçılar qadın idi və onların üst-başı açıq idi.

Partinin ev sahibi, “blues-un anası” adlanan müğənni Ma Rainey tutulub. Amma bu hadisəni və qadınlara olan marağının üzə çıxmasını gizlətmək əvəzinə, Rainey bu barədə “Prove It on Me Blues” adlı bir mahnı yazıb. Mahnı 1928-ci ildə çıxarılıb. Mahnının ikinci bəndindəki “Bütün dünyanın bilməsini istəyirəm” kimi açıq bəyanat onu zamanının ən erkən gey himnlərindən biri edir.

1886-cı ildə Gertrude Pridgett adı ilə doğulan bu qadın güclü qadın imicinin simvolu idi. Səhnə adını əri, komediyaçı və müğənni William “Pa” Rainey-dən alıb. Onlar birgə minstrel şoularında çıxış ediblər , lakin 1916-cı ildə ayrılıblar. Ma Rainey solo karyerasında vaudeville üslubunu cənubun blues ritmləri ilə birləşdirib. 1923-cü ildə Paramount Records-la müqavilə bağlayıb və 100-dən çox mahnı yazıb. Onun ən məşhur mahnılarından biri “Ma Rainey's Black Bottom” (1927) olub. Bu mahnı bir rəqsin adı idi və sonradan məşhur teatr tamaşasına (1984) və filmə (2020) ilham verib. Ma Rainey kobud və dərin səsi ilə Harlem mərkəzli lezbiyan blues mədəniyyətinin bir hissəsi olub. Bu səhnəyə Gladys Bentley, Bessie Smith, Ethel Waters və Alberta Hunter kimi sənətçilər də daxil idi. Bu sənətkarlar cəmiyyətin qəbul etmədiyi mövzularda – qadın seksualiteti və queerlik açıq danışmağa cəsarət ediblər. Bu mövzulardan bəhs edən blues mahnıları speakeasy-lər, gizli barlar və “buffet flats” adlanan mənzillərdə səsləndirilib. Bu yerlərdə azad və radar altında qalan əyləncələr baş verib. Bessie Smith “Soft Pedal Blues” (1925) mahnısında bu səhnəni təsvir edir və musiqiçilərə polis diqqətini çəkməmək üçün səssiz ifa etməyi tövsiyə edir. Elə həmin gecə Rainey-nin zaminə pulunu da o ödəyir. Ma Rainey-nin konsertlərinə həm qaradərili, həm də ağdərili auditoriyalar gəlib. Bu, qaradərili queer mədəniyyətini müxtəlif təbəqələrə çatdırıb. Amma bəziləri bunu qaradərili mədəniyyətin ağlar tərəfindən ticarətə çevrilməsi kimi görüb. Məsələn, 1927-ci ildə WEB Du Bois “The Crisis” jurnalında yazıb ki, ağların “qaradərililərin ekzotikliyinə” marağı onların mədəniyyətinə tamaşa və əyləncə kimi baxılmasına səbəb olub.

Blues janrı əyləncə deyil, diskriminasiyaya qarşı müqavimətdən doğmuş sənət idi. Woolner deyir ki, blues köləlikdən çıxan insanların gündəlik həyatı, yaşama mübarizəsi və sosial problemləri faktlara əsaslanaraq əks etdirən janrdır. Xüsusən də Cənubdan Şimala doğru köç edən qaradərili qadınlar üçün bu şəhər həyatı daha çox azadlıq demək idi – ailənin və qonşuların nəzarətindən uzaqda queer davranışlara daha çox imkan var idi. Hokum blues adlanan janrda qadınlar seksual hüquqlarını açıq şəkildə dilə gətiriblər. Qadın blues müğənniləri qadın kimliyini yenidən formalaşdırır, patriarxal düşüncəyə qarşı çıxır və ev həyatını satirik şəkildə təqdim ediblər. Bessie Smith “Safety Mama” (1931) mahnısında deyir ki, “yaxşı olmayan kişiyə ən yaxşı dərs onu evdə saxlayıb, yumaq və ütüləməklə məşğul etməkdir”. Ma Rainey bəzən tərs və parıltılı geyimlərlə, qızıl dişləri və zinət əşyaları ilə var-dövlətini göstərib. Bəzən isə cinsiyyət rollarını pozan geyimlərdə çıxış edib. “Prove It on Me Blues” reklamında o, kostyum, qalstuk və şlyapada göstərilir, iki qadınla flört edir, polis isə onlara baxır. Mahnıda deyilir: “Düzdür, mən qalstuk və yaxalıq geyinirəm”.

Blues müğənniləri mahnılarına qadın baxışı qatıblar. Zorakılıq, xəyanət kimi mövzularda qadının duyğularına və qisasına yer veriblər. Bessie Smith “’Tain’t Nobody’s Bizness if I Do” (1923) mahnısında deyir: “Nə istəsəm edəcəyəm, hamı mənə nifrət etsə də, vecimə deyil”. Ethel Waters “No Man’s Mamma Now” (1925) mahnısında deyir: “Mən evimin qapısına ‘Kişisiz Zona’ yazacağam”.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova



Paylaş
Şərh əlavə et