XX əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə üz-üzə qalıb. Onlardan biri də "yuxulu xəstəlik" kimi tanınan Encephalitis Lethargica idi. Minlərlə insanın həyatına təsir edən bu xəstəlik bəzilərinin ölümünə, digərlərinin isə canlı heykələ çevrilməsinə səbəb olub. Ən qorxunc tərəfi isə odur ki, xəstəliyin səbəbi bu günə qədər də tam məlum deyil. Çünki bu epidemiya qəfil ortaya çıxıb, bir müddət yayıldıqdan sonra isə səssizcə yoxa çıxıb.

Encephalitis Lethargica hallarını ilk dəfə 1916-cı ildə avstriyalı nevroloq Konstantin fon Ekonomo təsvir edib. Eyni dövrdə fransız həkim Jan-Rene Kruşe də oxşar hallar barədə məlumat verib. Pasiyentlərdə ümumilikdə halsızlıq, qızdırma, baş ağrısı, əzələ ağrıları və görmə pozuntuları müşahidə olunub. Bəzi xəstələrdə isə psixiatrik əlamətlər və ya Parkinson xəstəliyini xatırladan əzələ sərtliyi qeydə alınıb.
Bir neçə gün ərzində tənəffüs çatışmazlığından vəfat edən xəstələr olduğu kimi, sağ qalanlar arasında da zamanla katatoniya tipli əlamətlər müşahidə olunub. Onların üzləri ifadəsiz olub, əzələləri sərtləşib və ətraf mühitlə ünsiyyət qura bilməyiblər. Lakin zehni qabiliyyətləri tam şəkildə açıq qalıb.
Xəstəlik 1918-ci ildə başlayan İspan qripi ilə eyni dövrdə yayılmağa başladığı üçün əvvəlcə bu iki xəstəlik arasında əlaqə ola biləcəyi ehtimal edilib. Lakin aparılan araşdırmalar bu ehtimalı heç vaxt təsdiqləməyib. Çünki bu iki xəstəlik nə simptom baxımından, nə də inkişaf mərhələləri və nəticələri baxımından bir-birinə uyğun gəlməyib.
Nevroloq Dr. Haydi Moavadın fikrincə, hər pasiyentdə fərqli dərəcədə əlamətlərin meydana çıxması diaqnoz prosesini daha da çətinləşdirib. Bəzi xəstələr heç bir ağırlaşma yaşamadan sağalsa da, digərləri ömürboyu davam edən nevroloji pozuntularla mübarizə aparmalı olub.
Xəstəliyi uşaq yaşlarında keçirən şəxslərdə diqqət dağınıqlığı, narahatlıq, yalan danışma və özünə zərərvermə kimi davranışlar qeydə alınıb. Bu şəxslər yeniyetməlik dövründə isə daha aqressiv davranışlar sərgiləyiblər. Bəzi hallarda isə həmcinslərinə və ya azyaşlılara qarşı təcavüzkar davranışlar göstərən pasiyentlər də qeydə alınıb.
Ən maraqlı məqamlardan biri odur ki, bu davranışların əksəriyyəti şüurlu deyil, impulsiv şəkildə baş verib. Xəstələr etdiklərinə görə peşman olduqlarını desələr də, həmin impulsları idarə edə bilməyiblər. Nəticədə isə bəziləri ağır Parkinsonvari simptomlarla tamamilə reaksiya verməyən hala gəlib.
1927-ci ildən etibarən yoluxma hallarında azalma müşahidə olunub. 1929-cu ildə dərc olunan hesabatda qeyd edilib ki, xəstəliyin müalicəsi üçün təxminən 80 fərqli üsul sınanıb, lakin heç birindən qəti nəticə əldə olunmayıb. Bu günə qədər xəstəliyin səbəbi, necə yoluxduğu və ya dəqiq müalicəsi məlum deyil.
Parkinson xəstəliyinin müalicəsində istifadə olunan L-DOPA kimi dərmanlar bəzən müvəqqəti yaxşılaşma yaratsa da, daimi bir nəticə əldə oluna bilməyib. 1990-cı ildə Robin Uilyams və Robert De Nironun baş rollarını oynadığı “Awakenings” (Oyanışlar) filmi bu xəstəliyə diqqət çəkən ən tanınmış ekran işlərindən biri olub.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
