Son illərdə tez-tez eşitməyə başladığımız “Qida radiasiya texnologiyası” qida təhlükəsizliyi və saxlama müddəti baxımından böyük əhəmiyyət kəsb edən bir üsul olaraq diqqət çəkir. Lakin bu anlayışı elmi fantastika filmlərindəki “şüalanma” ilə qarışdırmaq olmaz. Qida radiasiyası qidaları zərərli mikroorqanizmlərdən təmizləmək üçün ionlaşdırıcı şüalardan istifadə edən bir prosesdir.

Necə işləyir?
Qida şüalanması adətən qamma şüaları, rentgen şüaları və ya yüksək enerjili elektron şüalarından istifadə etməklə həyata keçirilir. Bu şüalar bakteriyaları, virusları, parazitləri və həşəratları öldürür və ya qida ilə təmasda olduqda onların çoxalmasının qarşısını alır. Eyni zamanda bəzi meyvə-tərəvəzlərin yetişmə prosesini ləngitməklə onların saxlama müddətini uzatmaq olar.
Hansı qidalarda istifadə edilir?
Ədviyyatlar, quru meyvələr, kartof, soğan, qırmızı ət, ağ ət, balıq və dəniz məhsulları kimi bir çox məhsulda istifadə edilə bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), FAO və Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) kimi səlahiyyətli orqanlar bu üsulun illərdir təhlükəsiz olduğunu vurğulayırlar.
İstehlakçı təhlükəsizliyi baxımından bu nə deməkdir?
Elmi cəhətdən sübut edilib ki, şüalanmış qidalar radioaktiv olmur. Bundan əlavə, emal edilmiş məhsullarda dad, qoxu və qida dəyərlərində əhəmiyyətli dərəcədə pisləşmə olmadığı müşahidə edilmişdir. Yenə də bəzi istehlakçılar “şüalanma” sözündən ehtiyat edə bilərlər. Bu səbəbdən məhsulların qablaşdırılmasında “şüalanmış” ifadəsi yer alır.
Qlobal qida tədarük zəncirində yaşanan problemlər xarab olmağı gecikdirən və təhlükəsizliyi artıran texnologiyalara marağı artırır. Mütəxəssislər bildirirlər ki, xüsusilə inkişaf etməkdə olan ölkələrdə qida radiasiya texnologiyasının geniş tətbiqi qida israfını azaltmaq və əhalinin sağlamlığını qorumaq üçün böyük imkanlar yaradır.
Mənbə: Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
