Bu gün:

Britaniya Rusiyanın Günəşi “söndürəcəyindən” qorxur


Böyük Britaniya hökuməti “hava şəraiti silahı” adlanan texnologiyanın mümkün istifadəsi ilə bağlı təhdidlərin qiymətləndirilməsinə başlayıb. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Ölkə hakimiyyəti Rusiyanın iqlim dəyişiklikləri texnologiyalarından strateji məqsədlərinə çatmaq üçün istifadə edə biləcəyindən ciddi narahatlıq ifadə edir.

Potensial təhlükələrə hazırlaşmaq çərçivəsində nazirlərə təqdim olunan məlumatlara əsasən, düşmən dövlətlər Böyük Britaniya üzərində Günəşi “qaraldaraq” və ya təbii fəlakətlər törədərək xaos yarada bilərlər. Mümkün ssenarilər arasında günəş geoinjeneryasiyasından – yəni günəş şüalarının kosmosa geri əks etdirilməsi texnologiyasından istifadə də var.

Əvvəllər qlobal istiləşməyə qarşı mübarizə tədbiri kimi irəli sürülən bu texnologiya, atmosferə aerozolların səpilməsi yolu ilə istiliyi azaltmağa yönəlib. Lakin indi onun sui-istifadə olunması təhlükəsi ciddi narahatlığa səbəb olub. Mütəxəssislər bu texnologiyanın istifadəsinin riskləri və arzuolunmaz nəticələri barədə xəbərdarlıq edirlər. Hökumət isə qeyd edir ki, “müstəqil və ya üçüncü tərəflər” bu metodlardan öz maraqları üçün istifadə edə bilərlər.

“Dragonfly Intelligence” şirkətinin direktor müavini Mett İns bildirib ki, Rusiya hibrid əməliyyatlar sahəsində getdikcə daha aktiv olur. Onun sözlərinə görə, günəş geoinjeneryası “nisbətən əlçatanlığı” və praktik tətbiq imkanlarına görə cəlbedici bir alətə çevrilə bilər. İns həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin qəsdən ekoloji fəlakət törədərək xaos yaratmağa və daxili sabitliyi pozmağa cəhd edə bilər.

Eyni zamanda, 560-dan çox alim günəş geoinjeneryasının istifadəsinə qlobal qadağa qoyulması üçün beynəlxalq ictimaiyyəti birgə razılaşma imzalamağa çağıran açıq məktuba imza atıb. Onlar mümkün təhlükələrin qarşısını almaq üçün birgə səylərin vacibliyini vurğulayırlar.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya Rusiyayla əlaqəli bir sıra təşkilat və şəxslərə, o cümlədən iyirmi neft tankeri də daxil olmaqla, yeni sanksiyalar paketi tətbiq etdiyini elan etmişdi. Sanksiyalar Rusiya Müdafiə Nazirliyinin Dərin Dəniz Araşdırmaları Baş İdarəsini, eləcə də “Metallurg” adlı kredit təşkilatını və onun rəhbərləri Yuri və Yeqor Karasyovları da əhatə edib.

Paylaş
Şərh əlavə et