
ABŞ-da müharibə veteranlarının təxminən üçdə biri həyatlarının hansısa mərhələsində həbs olunub və ya həbsxanaya düşüb. Hazırda isə yeni bir proqram – atlarla terapiya – onların yaşadığı dərin travmalarla mübarizəyə yardım etməyə çalışır.
Təxminən iki düzünə kişi və qadın dəmir çəpərin arxasında dayanaraq içəri baxırlar. Onlar bu səhər qısa müddətlik də olsa kameralarından azad ediliblər.
Texasın yandırıcı günəşi başlarının üstündəki damdan içəri nüfuz edərkən, təlimçi Pat Puckett onlara əvvəllər heç etmədikləri bir işi göstərir: ata yüyə qoymaq.
Tələbə Puckett-in göstərişlərinə əməl etməyə çalışır, lakin at yüyəni qəbul etmir, başını geri çəkir. Bir neçə uğursuz cəhddən sonra Puckett əsəbiləşmiş heyvandan uzaq durmasını istəyərək yüyəni tələbədən alır.
“Atlar həssas olur. İnsanlar isə yox,” deyə Puckett bütün qrup qarşısında bildirir. “Biz heç vaxt at qədər həssas ola bilmərik – amma cəhd edə bilərik.”
Puckett-in burada olan tələbələrinin hamısı Dallasın şimalında yerləşən Collin County həbsxanasında cəza çəkənlərdir. Onların hamısı da hərbi veteranlardır və ABŞ-da təcrid olunmuş veteranlar üçün at terapiyasını – başqa adı ilə ekvin terapiyanı – təqdim edən qabaqcıl proqramda iştirak edirlər.
75 yaşlı at məşqçisi Puckett özü də veteran olub. Yeniyetmə ikən ABŞ ordusuna çağırılıb və Vyetnam müharibəsində artilleriya bölməsində iki il xidmət edib.
“Vyetnamdan bu yana 50 il keçib,” – deyir Puckett. “Hər gün kədərlənirəm. Bir detalı xatırlasam belə, insan bağırsaqlarının qoxusu gözümün önünə gəlir. Onu heç vaxt unutmursan. Kovboyluğa başlayanda həmin fikirlərin qarşısına müsbət bir şey qoymağa çalışdım. Amma o hiss heç vaxt keçməyəcək.”
2018-ci ildə qurulan VALOR – Veteranların Reabilitasiyası üçün Ömürlük İmkanlara Giriş proqramı hazırda Texas ərazisində təxminən 40 veteranla işləyir. Proqram psixoloji məsləhət, qəzəbə nəzarət qrupları və döyüşlə bağlı travma (PTSD) yaşayanlar üçün dəstək sessiyaları təqdim edir.
Proqramı idarə edənlər veteranlarla mülki şəxslər arasında həbs göstəricilərindəki fərqləri aradan qaldırmaq istəyirlər. Bu fərqlər olduqca kəskindir: ABŞ həbsxanalarında olan məhbusların təxminən 8%-i veteranlardır. 2016-cı ilin məlumatına görə, ABŞ-da 107,000 veteran həbsdə idi. Ölkədəki müharibə veteranlarının təxminən üçdə biri isə həyatlarının hansısa anında həbs olunub və ya tutulub – bu da mülki şəxslərlə müqayisədə iki dəfə artıqdır.
“Veteranın əsas problemlərindən biri ‘qəbilədən ayrıldıqdan’ sonra yaşanır,” – deyir proqramın rəhbəri və Collin County şerifi Cim Skinner. “Bəziləri bu vəziyyətlə barışa bilir, bəziləri isə yox.”
Skinner özü də veteran olub və xidmət zamanı keçirdiyi streslərdən atları ilə vaxt keçirərək qurtulduğunu deyir. VALOR ideyası da məhz buradan yaranıb.
Skinnerin sözlərinə görə, çətinlik çəkən veteranlar bəzən narkotikə və ya alkoqola üz tutur: “Onlar narahatlıq içindədirlər, səhv qərarlar verirlər və nəticədə həbsxanaya düşürlər. Sonra isə buradakı kimi proqramlara yönləndirilirlər.”
Proqram iştirakçılarından biri olan Jeffrey Philips deyir: “PTSD yaşamaq üçün mütləq müharibəyə getmək, əlində avtomatla döyüşmək lazım deyil.” Philips 5 il Donanmada xidmət edib, Afrika sahillərində iki anti-pirat missiyada iştirak edib. Amma PTSD-ni məhz xidmətə aid olmayan hadisələrlə əlaqələndirir.
Hərbi təlim zamanı dostunun digər əsgər tərəfindən öldürülməsi və yandırılması, daha sonra isə iki yaxın dostunun intiharı onu dərin psixoloji sarsıntıya uğradıb. Philips bu ağrıları içki ilə unutmağa çalışıb və nəticədə dəfələrlə içkili vəziyyətdə maşın sürməkdən həbs olunub. Həbsdə olarkən VALOR proqramına yönləndirilib.
Son illərdə ABŞ-da atlarla terapiya (ekvin terapiya) müxtəlif həbsxanalarda yayılmağa başlayıb. İlk belə proqram 1970-ci illərdə Koloradoda yaradılıb və sonradan “Vəhşi Atlar və Məhbuslar Proqramı” adını alıb. Hazırda ölkənin müxtəlif həbsxanalarında bu tip proqramlar mövcuddur, lakin VALOR yalnız veteranlara yönəlmiş azsaylı proqramlardandır.
Tədqiqatlar göstərir ki, bu cür terapiya veteranların özünəinamını və şəfqət hissini artırır, emosional tarazlığı və stresə nəzarəti yaxşılaşdırır.
Dünyanın başqa yerlərində aparılmış bəzi araşdırmalar isə at terapiyasının yenidən cinayət törətmə ehtimalını azaltdığını, empatiya, özünü dəyərləndirmə və cəmiyyətə aidiyyət hissini gücləndirdiyini göstərir.
Skinner üçün bu terapiya “veteranlar üçün ideal”dır, çünki xüsusilə PTSD və narahatlıq əlamətlərini azaltmaqda çox təsirlidir. “Həbsdə olan veteranların daşıdığı o ağır narahatlıq hissini bu terapiya azalda bilir,” – deyir o.
İştirakçılar əvvəlcə beş günlük intensiv məşğələlərə qatılır, daha sonra iki ay müddətində həftəlik terapiya sessiyalarında iştirak edir, ən sonda isə təntənəli trail ride adlı gəzinti ilə proqramı başa vururlar. Skinner və komandası proqram genişləndikcə daimi at tövlələrinin tikintisi üzərində də işləyirlər.
Puckett bildirir ki, həyatının çox hissəsini Amerikanın qərbində “kovboyluqla” keçirib. Dünyanın müxtəlif yerlərində at təlimləri keçirib və veteranlara qarşı böyük borc hiss etdiyini deyir. Bu qrupa məxsus spesifik çətinliklərə uyğun yanaşmağa çalışır.
Puckett xüsusilə “təbii atçılıq” adlanan bir metodda mütəxəssis kimi tanınır. Bu metod qarşılıqlı əməkdaşlıq üzərində qurulub, zorakılıq və güc tətbiqini rədd edir.
Bu yanaşma insanın sakit və emosional olaraq tarazlı qalmasını tələb edir – bu isə travma yaşamış biri üçün çox çətin ola bilər.
Bu gün VALOR məşğələsində iştirak edənlərdən biri də Ashley Davis-dir. O, Hərbi Dəniz Qüvvələrində xidmət etdikdən sonra təcili yardım tibb bacısı işləyib.
“Atlarla işləmək mənə nə zaman psixoloji çətinlik keçirdiyimi tanımağı öyrədir. Bu da məni toparlanmağa məcbur edir. Dərindən nəfəs almalıyam, mərkəzləşməliyəm,” – deyir Davis. “Bu, mənə gələcəkdə tətbiq edə biləcəyim alətlər təqdim edir ki, həyatımı yenidən alt-üst etməyim.”
İndi Davis dairəvi məşq yerinin ortasında, bir atla üz-üzə dayanıb. Puckett ona sakitləşməyi və əlini heyvanın başına, gözlərinin arasına qoymağı tapşırır. Məqsəd, atın özünü yetərincə təhlükəsiz hiss edib başını aşağı salmasıdır.
Davis dərindən və yavaş nəfəs alaraq özünü sakitləşdirir. Uzun və gərgin bir neçə dəqiqə keçir. Amma o, konsentrasiyasını qoruyur və yavaş-yavaş atın etimadını qazanır. Və nəhayət, bir an gəlir – at başını yerə endirir.
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
