Bu gün:

Aşiq olanda beynimizdə nə baş verir?


Sevgi insanlığın ən qədim və güclü hisslərindən biridir. Alimlərə görə, bu duyğu təkcə romantik hiss deyil, həm də beynimizdə baş verən bioloji və kimyəvi bir prosesdir.

1. Dopamin partlaması

Sevginin ilk mərhələsində, yəni o “kəpənək kimi” hissində, beyində dopamin səviyyəsi yüksəlir. Bu maddə həzz, motivasiya və istək hisslərini artırır. Ona görə də, aşiq olduğumuz şəxsi görəndə sanki bir mükafat qazanmış kimi hiss edirik.


2. Serotonin səviyyəsi düşür

Maraqlıdır ki, sevginin ilk mərhələsində beyindəki serotonin səviyyəsi azalır. Bu, insanın sevdiyi şəxs haqqında davamlı və obsesif şəkildə düşünməsinə səbəb ola bilər. Belə hallarda beynin fəaliyyəti obsesif-kompulsiv pozğunluğu olan insanlarda müşahidə olunan vəziyyətə bənzəyir.


3. Oksitosin və vasopressin

Sevgi irəlilədikcə və emosional bağ gücləndikcə, oksitosin və vazopressin hormonları ifraz olunur. Oksitosin, xüsusilə fiziki təmas zamanı məsələn, əl-ələ tutmaq və qucaqlaşmaqda – “qucaqlaşma hormonu” adlanır və güvən hissini artırır. Vazopressin isə uzunmüddətli bağlılığı dəstəkləyir.


4. Beynin məntiqi bölgəsi müvəqqəti olaraq “sönür”

fMRI tədqiqatları göstərib ki, beynin məntiqi, tənqidi təfəkkürü və sosial mühakimə sahələri sevgi zamanı daha az aktivdir. Bu, sevən insanların niyə bəzən “məntiqsiz” qərarlar qəbul etdiyini izah edir. Sevgi beynin bəzi filtrlərini müvəqqəti olaraq söndürür.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et