Dünyada depressiyaya ən çox məruz qalan peşələr açıqlanıb. Araşdırma nəticəsində 15-ə yaxın peşə önə çıxır və qadınların kişilərdən daha çox depressiyaya məruz qaldığı müəyyən edilib. Budur təfərrüatlar...

İş həyatında vətəndaşların psixi sağlamlığına mənfi təsir göstərən amillər ola bilər. Əslində, qeyri-sağlam həyat tərzi və stresin yığılması bir çox sektorlarda özünü göstərir. Bəzi peşələr stress, travma və təcrid kimi faktorlara görə depressiya riskini artıra bilər. Xüsusilə işçilər arasında mobbinq ən təsirli vəziyyətdir.
ABŞ-ın 37 Ştatında aparılıb
ABŞ-ın 37 ştatında 536 279 işçi ilə aparılan sorğu nəticəsində depressiyaya ən çox rast gəlinən peşələr müəyyən edilib. Araşdırma 2015-2019-cu illər üzrə aparılıb. Sorğunun nəticələrinə görə, qadınlarda depressiya nisbəti kişilərə nisbətən daha yüksəkdir.
Independent Turkish-nin məlumatına görə, nəticələri sektorlara görə bölən araşdırma, cəmiyyət və sosial xidmət işçilərinin ömür boyu depressiya diaqnozu qoyulma nisbətinin yüzdə 20,5 ilə ən yüksək olduğunu ortaya qoydu. Yemək hazırlama və xidmət sahələri 20,1 faizlə siyahıda ikinci yerdədir.
Ömür boyu depressiya diaqnozunun yüksək olduğu digər sektorlar bunlardır: incəsənət, əyləncə, idman və media (18,6 faiz); yaşayış və yemək xidmətləri (18,4 faiz); səhiyyə və sosial yardım (18,2 faiz); pərakəndə ticarət (17,7 faiz); və hüquq, təhsil və kitabxana xidmətləri (16,1 faiz).
Ömür boyu depressiyanın ən aşağı olduğu sahələr mədənçıxarma (6,7 faiz), tikinti (8,9 faiz), kənd təsərrüfatı və maşınqayırma (9 faiz) olub. Mədənçıxarma və tikintidə depressiya daha az olduğu görünsə də, bunlar həm də ABŞ-da işçilər arasında intihar nisbətinin ən yüksək olduğu sahələrdir.
Mənbə: Tgrt Haber
Tərcümə etdi: Sona Osmanova
